Ermənistan televiziyası "Bakı 2015"-i göstərəcək

Ermənistan televiziyası "Bakı 2015"-i göstərəcək
  25 May 2015    Oxunub:2654
Ermənistan televiziyası "Bakı 2015" I Avropa Oyunlarının yayım hüququnu alıb.
Bu barədə "EurActiv" nəşrinə müsahibəsində Azərbaycanın gənclər və idman naziri, Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, nə Ermənistan, nə də başqa ölkə "Bakı 2015"i boykot etmə və ya Oyunlara qatılmama barədə məsələni heç vaxt müzakirə etməyib: "Təqribən 6 200 idmançı gələcək. Onları 3 000 nümayəndə heyəti üzvü müşayiət edəcək".

Nazirin sözlərinə görə, idman - siyasət deyil. Amma idman tədbirləri xeyli insanın diqqətini cəlb edir: "Müxtəlif qurumlar, əsasən də qeyri-hökumət təşkilatları müəyyən problemlərə diqqəti cəlb etməyə çalışırlar. Bu, 2014-cü il Soçi Qış, 2008-ci il Pekin və hətta 2012-ci il London Yay Olimpiya Oyunlarına münasibətdə də baş verib. Londonda binaların dağıdılması, insanların öz evlərindən köçürülməsi ilə bağlı xeyli etiraz aksiyası keçirilib. Deyərdim ki, bunlar normal prosesdir. Amma Oyunları boykot çağırışları ağlasığmazdır. Çünki bu yarış xalqları birləşdirmək üçün çox yaxşı imkandır. Bu, dostluq festivalı, insanların toplaşdığı bayram, sağlam həyat tərzinin təbliğidir".

Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycanın idman infrastrukturunu yaxşılaşdırmaq və uzun müddət ərzində planlaşdırılan layihələrin reallaşdırılmasını sürətləndirmək üçün yaxşı imkandır: “Qarşıdan gələn ilk Avropa Oyunları azərbaycanlı gənclərin belə irimiqyaslı tədbirlərin keçirilməsi sahəsində təcrübə qazanması üçün yaxşı imkandır. 2 il yarım əvvəl belə tədbirləri təşkil etmək üçün baza anlayışlı 10 gənc tapmaq belə çox çətin idi. Hazırda bizim Avropa Oyunları Əməliyyat Komitəsində çalışan, təcrübə qazanan və dünyanın müxtəlif ölkələrində belə tədbirlərin keçirilməsində yardım edə biləcək minə yaxın gəncimiz var".

A.Rəhimov bildirib ki, Bakıda ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycanı bütün dünyaya Avropa ölkəsi, müsəlman ölkəsi, eyni zamanda, dünyəvi dövlət, Şərqlə Qərb, müsəlman Şərqi ilə xristian Qərbi arasında körpü kimi tanıdacaq.

Bundan başqa, nazir qeyd edib ki, bu idman tədbiri dünyanın Azərbaycanın qədim tarixi, gözəlliyi, musiqisi, incəsənəti, milli mətbəxi, qonaqpərvərliyi ilə tanış olması üçün yaxşı fürsətdir: “Cəmi 23 il əvvəl müstəqillik əldə edən Azərbaycan üçün özünü Avropa ölkəsi kimi tanıtmaq çox vacib məsələdir. Bakının üstünlüyü ondan ibarətdir ki, biz artıq mövcud meydançalar üzərində diqqətimizi cəmləyə bildik. 2012-ci ildə “Eurovision” müsabiqəsinin keçirildiyi Bakı Kristal Zalı kimi çoxfunksiyalı arenaları istifadə edirik. İndi burada Avropa Oyunları çərçivəsində 5 idman növündə yarışlar keçiriləcək”.

O bildirib ki, Bakıda yeni arenalar da tikilib. Ancaq son 2 ildə inşa edilən 3 böyük obyektin, məhz Olimpiya Stadionu, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi Avropa Oyunlarının keçirilmə ideyası yaranmamışdan öncə planlaşdırılmışdı: “Avropa Oyunları üçün tikilən obyektlər tədbir başa çatdıqdan sonra da aktiv şəkildə istifadə ediləcək. Bir müddət sonra yuxarıda adıçəkilən idman obyektlərinin inşası ilə əlaqədar bütün xərclər ödəniləcək. İlk Avropa Oyunlarının əməliyyat büdcəsi, yəni infrastruktur və tikinti xərclərini çıxmaq şərtilə, birbaşa tədbirin keçirilməsinə yönələn vəsait 960 milyon manat (820 milyon avro) təşkil edəcək".

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.



Teqlər:  





Xəbər lenti