Azərbaycanlılar Londonda aksiyası keçirib

Azərbaycanlılar Londonda aksiyası keçirib
  25 May 2015    Oxunub:1707
Mayın 23-də bir qrup azərbaycanlı və onlarla həmrəylik nümayiş etdirən beynəlxalq hüququn dəstəkçiləri bir araya gələrək iki günahsız dinc azərbaycanlının 20 ildən artıqdır, Ermənistanın işğalı altında olan öz doğma Kəlbəcər rayonlarında girov götürülməsinə qarşı etiraz aksiyası keçiriblər.
Avropa Azərbaycan Cəmiyyəti (TEAS), Böyük Britaniyadakı Azərbaycan icması və Türk Assosasiyaları Federasiyası bu etiraz aksiyasına dəstək verib.

TEAS-dan verilən məlumata görə, Ermənistanın Böyük Britaniyadakı səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında iştirakçılar əllərində plakatlar tutaraq və şüarlar səsləndirərək Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu xatırladıb, 54 yaşlı Dilqəm Əsgərov və 46 yaşlı Şahbaz Quliyev üçün ədalət tələb ediblər. Qeyd olunub ki, bu iki azərbaycanlı 2014-cü ilin iyun ayında öz doğmalarının məzarlarını ziyarət edərkən erməni qüvvələri tərəfindən əsir götürülüb. Digər şəxs - 38 yaşlı Həsən Həsənov isə öldürülüb. Ötən ilin dekabr ayında qondarma məhkəmə Dilqəmi ömürlük, Şahbazı isə 22 il həbs cəzasına məhkum edib.

Avropa Azərbaycan Cəmiyyətinin Böyük Britaniya ofisinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Cek Peqoraro etiraz aksiyası ilə bağlı şərh verib: “Dilqəm və Şahbaz öz qədim torpaqlarına valideynlərinin qəbrinə baş çəkmək məqsədilə getmiş iki günahsız mülki şəxsdir. Bu onların insan haqqıdır və qeyri-qanuni şəkildə Azərbaycan torpaqlarını işğal edən ermənilərin onların qarşısını almağa heç bir haqqı çatmır. O ki qaldı qanunsuz şəkildə saxlayıb, işgəncə verməyə və hərbi təxribatçı olduqlarını iddia etməyə, onların şəklini görən istənilən şəxsə aydın olur ki, bu iki şəxs yaşlı insandır, əsgər deyil. Onların həbs edilməsi və qondarma məhkəmə tərəfindən mühakimə edilməsi insan haqlarına ziddir və Cenevrə Konvensiyasının pozulması deməkdir. Biz burada bu şəxslərin dərhal azad edilməsini və Ermənistan qüvvələrinin işğal etdikləri ərazilərdən geri çəkilməsini tələb etmək üçün toplaşmışıq”.

Məlumatda o da bildirilir ki, qeyd edilən şəxslərin mühakimə və həbs edilməsi Avropa İnsan Hüquqları Konvensiyasına, Beynəlxalq Humanitar Hüququ, BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasına ziddir və Ermənistanın Mülki və Siyasi hüquqlar haqda Beynəlxalq Pakt çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən yayınması deməkdir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoria Nuland Dilqəm Əsgərov və Şahbuz Quliyevin dərhal azad edilməsini tələb edib.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini də sözügedən girovların mülki şəxs olduğunu nəzərə alaraq, bu qeyri qanuni aktı pisləyib.

Bu şəxslərin tutulması və “mühakimə edilməsi” beynəlxalq hüquq prinsiplərinə ziddir. 20 ildən artıqdır ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizni işğal altında saxlamaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu işğal bugünə qədər davam edir. İşğalçı erməni qüvvələri tərəfindən azərbaycanlıların öz əzəli torpaqlarında girov götürülməsi qərarı Ermənistanın davam etməkdə olan qeyri konstruktiv mövqeyinin göstəricisidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti