Peykimizdən xəbər var

Peykimizdən xəbər var
  19 Fevral 2013    Oxunub:2028
Peykin orbitdəki sınaqları bitəndən sonra Azərkosmos ASC-yə təhvil veriləcək.
Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1" təyinatına uyğun olaraq 46 dərəcə Şərq uzunluğundakı orbital mövqeyinə çatıb. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, artıq peykin günəş panelləri açılıb və reflektorları işə düşüb. Peyk orbitdə mövqeyinə çatdıqdan sonra 2-3 həftə ərzində peykin orbitdəki sınaqları davam edəcək və daha sonra peykin idarəetməsi tam olaraq Azərkosmos ASC-yə təhvil veriləcək.

Azərbaycanın ilk telekommunikasiya peyki ABŞ-ın Orbital Sciences Corporation şirkəti tərəfindən işlənib hazırlanan STAR-2 platforma əsasında hazırlanıb.

Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan Azerspace-1 peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcək.

Qeyd edək ki, peykin idarəsi «Azərkosmos» ASC-nin Bakı yaxınlığında yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən «Azərkosmos»un mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən istehsal olunan «Azerspace-1» peyki «Ariane-5» kosmik daşıyıcısı ilə fevralın 8-də orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.






Teqlər:





Xəbər lenti