Benzin çatmasa, SOCAR nə etsin? - TƏHLİL

Benzin çatmasa, SOCAR nə etsin? - TƏHLİL
  27 May 2015    Oxunub:5782
Ölkəyə avtomobil idxalı azalsa da, benzin istehlakı artır.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov da bunu təsdiq edib. Əslində, bu, yeni söhbət deyil. Ölkəmizdə benzinə tələbat bir neçə ildir artır. İstehsal ilə istehlak səviyyəsi hələ 2013-cü ildə bərabərləşmişdi. Odur ki, hökumət təcili tədbirlər görməyə başladı ki, vəziyyətdən iki çıxış yolu vardı.

Birincisi, benzin, ümumiyyətlə, yanacaq istehlakında artımının qarşısını almaq, ikincisi isə istehsal imkanlarını genişləndirmək. Hökumət hər iki istiqamətdə ciddi addımlar atmaq qərarına gəldi.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2015-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 12890 ədəd nəqliyyat vasitəsi idxal olub. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 13842 ədəd və ya 51,9% azdır. 2014-cü ilin ilk 4 ayında 26 732 ədəd avtomobil idxal olunmuşdu. Minik avtomobillərinin idxalında isə daha aşağı rəqəmlər qeydə alınıb. Belə ki, 2015-ci ilin yanvar-aprel aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 12153 ədəd və ya 50,8% azalıb. 2015-ci ilin yanvarında 3870, fevralında 3161, martında 2225, apreldə isə cəmi 2484 ədəd minik avtomobili idxal olunub.

Ölkəyə avtomobil, xüsusən də minik avtomobillərinin idxalının azalmasının bir neçə səbəbi var. Keçən ilin aprelin 1-dən ölkədə yanacaq məhsulları standartları ilə bağlı “Avro-4” ekoloji normasna keçildi. Bu, ölkəyə buraxılış ili köhnə olan avtomobillərin gətirilməsi prosesini dayandırdı. Bəzi ölkələrin istehsalı olan avtomobillər üzrə isə müəyyən edilən müddət hətta 2010-cu ildən sonranı da əhatə etdi. Şimal qonşumuz Rusiyadan isə avtomobil idxalı hətta bir sıra əlavə texniki göstəricilərinə görə ümumiyyətlə, dayandırıldı.

İkincisi, ötən il ölkədə banklar üzrə istehlak, xüsusən də avtomobil kreditlərinin verilməsi qaydalarının sərtləşdirilməsi və yaxud məhdudlaşdırılması oldu. Artıq ölkədə kredit yolu ilə ilkin ödənişi 20%-lə avtomobil almaq 1 ildən çoxdur, mümkün deyil. Köhnə avtomobillərin kredit vasitəsilə alışı isə ümumiyyətlə, sərfəli deyil.

Və ən nəhayət, bəlli olduğu kimi, bu ildən aksiz dərəcələri də artırıldı. Ölkəmizdə isə minik avtomobilləri də aksizli mallar sırasına daxildir. Odur ki, avtomobillərin qiymətləri bahalaşdı. Üstəlik, manatın ucuzlaşmasına görə qiymətlər əlavə olaraq da qalxdı. Təbii ki, bütün bunların nəticəsində də avtomobil idxalı azalmalı idi və bu, hələ davam edəcək.

Eyni zamanda, ölkədə yeganə yanacaq istehsalçısı olan SOCAR-ın tərkibindəki Heydər Əliyev adına Bakı neftayırma zavodunda (NEZ) da yenidənqurma işlərinə start verildi. Bununla əlaqədar olaraq, Aİ-95 markalı benzinin istehsalı dayandırıldı. Və ölkədən yanacaq ixracı minimuma endirildi. Keçən ilin aprelindən bəri bəzi aylarda kiçik həcmləri istisna etməklə benzin ixracı ümumiyyətlə, həyata keçirilmir. Cari ilin ilk 4 ayında isə SOCAR xaricə 1 qram da benzin satmayıb.

Xatırladaq ki, ölkədə ildə 6,5 milyon ton neft emal edilir. Benzin istehsalı isə 1,4 milyon ton təşkil edir. Bu hamısı daxili tələbatın ödənilməsinə gedir. Söhbət, hələ Aİ-95 ilə Aİ-98 markalı benzindən getmir. Sözügedən markalı benzin növləri demək olar, 2 ildir xaricdən gətirilir. Bu işlə bilavasitə SOCAR və Azpetrol şirkətləri məşğul olur.

Düzdür, bunlara tələbat azdır – ölkədə əsas tələbat Aİ-92 markalı benzinədir. Ölkədə istehlak olunan benzinin 95%-ni Aİ-92 təşkil edir. Söhbət ondan gedir ki, təkcə eyni marka – Aİ-92 benzini ildə 1,4 milyon ton həcmdə istehsal edilsə də daxili tələbatı ödəmək çətinləşir. Odur ki, sual yaranır: avtomobil idxalı da azaldığı halda istehlak artırsa, bunun qarşısını necə almaq mümkündür?

Ola bilərmi ki, Aİ-92 də yaxın gələcəkdə kənardan gətirilsin?

Yanacaq istehlakının artması əslində, təbiidir. Ona görə ki, iqtisadiyyatı inkişafda və əhalisinin gəlirləri artmaqda olan ölkədə hər hansı məhdudiyyətlər qoyulsa da, istehlakda artımın qarşısını almaq mümkün deyil. Hələ yaxşı ki, bizdə yanacaq məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənir. İnkişaf etmiş ölkələrdə olduğu kimi əgər sərbəst xarakter daşısa idi, tələbata uyğun qiymətlər də artmalı idi. Xatırladaq ki, 2013-cü ilin dekabr ayından Aİ-92 markalı benzinin 1 litri 0,70 AZN müəyyən edilib.

Bu xüsusda digər məqama da toxunmaq yerinə düşər. Məsələ bundadır ki, SOCAR təmsilçilərinin də təsdiq etdikləri kimi Azərbaycanda istehsal olunan Aİ-92 markalı benzin Avro-2 standartına uyğundur, yəni keyfiyyəti aşağıdır. Odur ki, qiymət məsələsində əslində, hər iki istiqamətdə kompensasiya əldə olunur. SOCAR üçün istehsal etdiyi benzini keyfiyyətinə görə xaricdə satmaq sərfəli sayılmır, daxildə də tələbat yüksək olduğundan keyfiyyət amili faktiki heç bir rol oynamır. Və beləliklə də nəticədə, Aİ-92 markalı benzin həm keyfiyyətinə, həm də dünya bazarlarında neftin qiymətinin düşməyinə baxmayaraq daxili bazarda həm baha, mövcud tələbat nöqteyi-nəzərdən isə həm də bir az ucuz satılır.

Ancaq bütün bunlar aradan qalxacaq. Belə ki, Heydər Əliyev adına Bakı NEZ-də yenidənqurma və modernləşdirmə işləri nəzərdə tutulan tempdə davam edərsə Azərbaycanda nəyinki “Avro-5” normasna uyğun Aİ-92 istehsal olunacaq, Aİ-95-in də istehsalı bərpa olunacaq. Amma bu, 2018-ci ildən tez baş tutmayacaq.

Bunu tezləşdirmək mümkündürmü? Bakı NEZ-də işləri sürətləndirmək üçün əlavə vəsait lazımdır. Texniki baxımdan hər şey mümkündür. İlkin hesablamalara görə hələki 1,2 milyard manat lazımdır ki, hazırda qiymətlər dəyişib. “Müəyyən tender prosedurları həyta keçiriləcək. Layihə üzərində xüsusi təşkil olunmuş komissiya işləyir. O, işlərin gedişatı haqda hər həftə hökumət qarşısında hesabat verir” –deyə, SOCAR rəhbəri Rövnəq Abdullayev məlumat verib.

Sözügedən NEZ-in yenidənqurulması işlərini Azərbaycan Mərkəzi Bankın krediti, həmçinin Neft Şirkətinin nizamnamə kapitalının artırılması hesabına təmin etmək nəzərdə tutulur. Modernləşdirmə nəticəsində zavodun gücü 6 milyondan 8 milyon tona qədər artırılacaq ki, benzin istehsalı ildə 3 milyon tona çatacaq. Amma gələcəkdə bu da kifayət etməyəcək. Odur ki, yeni neft-qaz emalı və kimya kompleksini – OGPC-i tikmək də tələb olunduğundan, SOCAR-ın istiqrazlar – qiymətli kağızlar buraxmaq, xaricdən və eləcə də dövlətdən kreditlər cəlb etməsi vacib sayılır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti