Həbs edilən məmurların adları açıqlandı - SİYAHI

Həbs edilən məmurların adları açıqlandı - SİYAHI
  27 May 2015    Oxunub:5096
İsveçrədə korrupsiya fəaliyyəti ilə əlaqədar həbs olunan FİFA məmurlarının adları açıqlanıb.
"The New York Times" nəşrində yer alan xəbərə görə, saxlanılanlardan 2-si FİFA vitse-prezidentləri Ceffri Uebb və Euxenio Figeredodur.

Digər şəxslər isə İcraiyyə Komitəsinin sabiq üzvü Cek Uorner, habelə, Eduardo Li, Xulio Roça, Kostas Takkas, Rafael Eskevel, Xose Mariya Marin və Nikolas Leosdur. Həbslər mayın 29-da İsveçrənin Sürix şəhərində təşkil olunacaq Hesabat-Seçki Konqresi ərəfəsində gerçəkləşib. Konqres çərçivəsində FİFA prezidenti seçkisi keçiriləcək. Bu vəzifəyə qurumun hazırkı prezidenti Yozef Blatterlə İordaniya şahzadəsi ƏIi ibn Əl-Hüseyn namizəddir. Hollandiya Futbol İttifaqının prezidenti Mixael van Praq və Portuqaliya mili komandasının sabiq futbolçusu Luiş Fiqu namizədliklərini geri götürüb.

CNN telekanalı isə bildirir ki, tutulanların sayı 14-ə çata bilər.

FİFA məmurları İsveçrədə həbs olunublar. Bu barədə İsveçrə Ədliyyə və Polis Nazirliyi rəsmi açıqlama yayıb. Ali futbol qurumunun məmurları ABŞ hökuməti tərəfindən aparılan korrupsiya və rüşvətxorluq, habelə, dünya çempionatının təşkilatçı ölkə seçimi ilə bağlı araşdırma çərçivəsində tutulublar. Hazırda 6 funksionerin ABŞ-a ekstradisiyası gözlənilir. Açıqlamada bildirilir ki, ABŞ hökuməti onların 100 milyon dollardan çox rüşvət aldıqlarını bəyan edib. Ödəmələr ABŞ bankları vasitəsilə aparılıb.

FİFA-nın ictimaiyyətlə əlaqələr üzrə direktoru Valter de Qreqorio bildirib ki, qurumun prezidenti Yozef Blatter tutulanlar arasında yoxdur. O, məmurların həbsi ilə bağlı xəbəri şərh isə etmək istəməyib: "Biz mətbuatdakı məlumatları gördük və bunları araşdırmaq niyyətindəyik. Hazırkı mərhələdə heç bir açıqlama vermirik".

Qeyd edək ki, 2010-cu ilin dekabrında keçirilmiş səsvermə nəticəsində Rusiya 2018-ci ildə, Qətər isə 2022-ci ildə təşkil olunacaq dünya çempionatının təşkilatçılıq hüququna yiyələnib. Bundan sonra korrupsiya qalmaqalı baş qaldırıb. Mətbuatın yazdığına görə, FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Məhəmməd ibn Həmmam məmurlara çempionatın Qətərdə keçirilməsinə səs vermələri üçün 5 milyon dollardan çox ödəyib. FİFA-nın Etika Komitəsi isə 2014-cü il noyabrın 13-də yekun hesabat dərc edib. Sənəddə təşkilatçı ölkə seçimi zamanı heç bir pozuntunun aşkarlanmadığı vurğulanıb.
(Report)


Teqlər:  





Xəbər lenti