“Bakı 2015” Argentina mətbuatında

“Bakı 2015” Argentina mətbuatında
  31 May 2015    Oxunub:1306
Argentinanın aparıcı KİV-lərindən olan "Cronista" qəzetində Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin "Birinci Avropa Oyunları “Bakı 2015”: Avropanın sülh bayramı" başlıqlı məqaləsi dərc olunub.
AzVision.az-ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, diplomat diplomat Birinci Avropa Oyunları barədə məlumat verir, "Baku 2015"in təşkilinin bundan sonra keçiriləcək yarışlar üçün bir model rolunu oynayacağını bildirir. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Avropa Oyunlarının tarixi hadisə kimi qiymətləndirildiyini vurğulayan diplomat ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin yaradıldığını və qısa zamanda Avropa Oyunlarının dünya Olimpiya Oyunları səviyyəsində təşkilinin təmin olunması məqsədilə ölkədə müasir infrastrukturun qurulduğunu deyib.

Birinci Avropa Oyunlarının ev sahibi kimi Azərbaycan paytaxtının seçilməsinin təsadüfi olmadığını bildirən Məmməd Əhmədzadə, bu xüsusda ölkəmizin Avropanın Asiyaya açılan qapısı və Avropa ilə Şərq sivilizasiyalarının qovuşduğu nöqtə olduğunu, Azərbaycan xalqının Avropa dəyərləri ilə islam ənənələrinin sintezini yaradaraq müsəlman şərqində ilk teatr, opera, balet kimi mədəniyyət nümunələrinin və parlamentli respublikanın əsasını qoyduğunu deyib. Azərbaycanın yüksək tolerantlıq, müxtəlif təriqətlərin sülh şəraitində birgə yaşaması və dünyəvilik kimi cəhətlərə malik və mədəniyyətlərarası dialoqda nümunəvi ölkə olduğunu bildirən diplomat 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçiriləcəyini qeyd edib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə və Avropa ilə Asiya arasında nəqliyyat dəhlizinin inkişafına verdiyi töhfələrdən danışan diplomat, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti, TANAP-TAP qaz kəmərləri, TASİM transmilli fiber-optik internet xətti kimi strateji enerji və infrastruktur layihələrində aparıcı ölkə olduğunu, bu layihələrin qədim İpək Yolunun bərpasına yönələn əsas vasitələrdən olduğunu vurğulayıb.

Məqaləsində Əhmədzadə Azərbaycanda idmanın dövlət siyasətinin vacib sahələrindən biri olduğunu, ölkəmizin Avropada əhəmiyyətli idman mərkəzlərindən birinə çevrildiyini, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda yüksək nəticələr nümayiş etdirdiyindən də danışıb.

Diplomat, habelə əlavə edib ki, dünya səviyyəsində ən yüksək templərlə inkişaf edən iqtisadiyyatlardan birinə malik Azərbaycanda önəmli idman qurğuları ilə yanaşı, turizm sənayesi və nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırılmışdır ki, bütün bunlar da Azərbaycanda gələcək illərdə keçirilməsi nəzərdə tutulan çoxsaylı beynəlxalq idman tədbilərinin yüksək səviyyədə təşkilinə xidmət edəcək.

"Hamını Avropanın sülh, dostluq və idman bayramı olacaq Bakı 2015 Avropa Oyunlarını qeyd etmək üçün Azərbaycana dəvət edirik. Bu, həmçinin Şərqin Avropa cazibəsi olan, Avropa ilə Asiyanın qovuşduğu, qədimlik ilə müasirliyi birləşdirən ölkəmi tanımaq üçün gözəl bir fürsət olacaq", deyə diplomat məqaləsini tamamlayıb.


Teqlər:





Xəbər lenti