Şeyx ordenlə təltif edildi

Şeyx ordenlə təltif edildi
  01 İyun 2015    Oxunub:1484
Moskva şəhərində səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirill ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Patriarxın dəvəti əsasında baş tutan görüş Patriarxın rəsmi iqamətgahı olan Svyato-Danilov monastırında baş tutub. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Patriarx Kirill bildirib ki, Moskva patriarxlığı ilə QMİ arasında əlaqələr yüksək səviyyədədir. Xalqlarımız arasında mənəvi və mədəni əlaqələr daim inkişaf edir.

Heç bir xarici təsir Azərbaycan və Rusiya xalqlarının xoş münasibətlərini poza bilməz. “Bu işdə Qafqazın dini lideri kimi sizin rolunuzu xüsusi qeyd etmək istərdim. Siz daim düşünülmüş mövqeyinizlə həm pravoslav xristianlara, həm də müsəlmanlara problemlərin həllində yardımçı olursunuz”, - deyə patriarx Kirill qeyd edib.

Patriarx əmin olduğunu bildirib ki, budəfəki görüş də xalqlarımız və dindarlarımız üçün faydalı olacaq. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Şeyxülislam həzrətləri qeyd edib ki, böyük rus xalqının nüfuzlu din xadimlərinin məsləhətlərinə daim ehtiyac var.

O, Azərbaycan və Rusiya arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb.

Görüşdə Patriarx Kirill dinlərarası əməkdaşlığa töhfəsinə görə və anadan olmasının 65 illiyi münasibətilə Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini Rus Pravoslav Kilsəsinin (RPK) I dərəcəli “Müqəddəs mömin Moskva knyazı Daniil” ordeni ilə təltif edib.

Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadəyə “dinlərarası dialoqun inkişafındakı xidmətlərinə görə” təqdim olunan bu ali dini təltifatRus Pravoslav Kilsəsinin QMİ sədrini layiq gördüyü sayca dördüncü ordendir. Bundan öncə Şeyxülislam həzrətləri RPK-nin I dərəcəli ˝Böyük Knyaz Vladimir˝ (2001), I dərəsəli ˝Müqəddəs Sergi Radonejski˝ (2005), ˝Şöhrət və Şərəf˝ (2009) ordenləri ilə təltif olunmuşdu.


Teqlər:  





Xəbər lenti