Aida Mahmudovanın fərdi sərgisi açılıb -Fotolar

Aida Mahmudovanın fərdi sərgisi açılıb -Fotolar
  01 İyun 2015    Oxunub:2460
Nyu-Yorkun (ABŞ) “Leila Heller” Qalereyasında azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın “Ötüb keçərkən...” ("Passing By…") adlı fərdi sərgisi açılıb.
AzVision.az-ın Azərtac-a istinadən məlumatına görə, mayın 28-də Nyu-Yorkda sərginin açılışı münasibətilə təntənəli qəbul olub.

Professor Nərgiz Paşayeva da sərgiddə çıxış edib:

“Zənnimcə, qızım Aidanın danışmaqdan və göstərməkdən çox iş bacaran və çalışqan insanlardan olduğunu desəm, yanılmaram. O, kiçik yaşlarından şəkil çəkir. Amma əsas məsələ bu deyil. Axı, uşaqlıqda və hətta sonralar da, demək olar, hamı şəkil çəkir. Amma uzun illər Londonda yaşayan və təhsil alan Aida burada əldə etdiyi akademik, nəzəri baza biliklərini anadan gəlmə rəssamlıq istedadı ilə uyğunlaşdırmağı bacaran əsl peşəkardır. Mənim üçün əsas məsələ budur ki, indi onun özünü rəssam adlandırmağa tam mənəvi hüququ çatır. Bu, birdən-birə baş verməyib. O, bütün şüurlu həyatı boyu bu məqsədə doğru addım-addım yol qət edib, demək olar, 20 il usanmadan öz üzərində çalışıb. Mən insanlarda peşəkarlığı və kimliyindən asılı olmadan öz peşəsinə davamlı və təmənnasız məhəbbəti çox yüksək qiymətləndirirəm. Rəssam, yaxud avtobus sürücüsü olsun, əgər o, peşəkardırsa, həmişə daha artığına layiq olmağa haqqı var. Peşəkar heç vaxt “Bax, bunu etməyi bacarmıram, bunu bilmirəm, ona görə də bunu etməyəcəyəm” deməkdən çəkinmir, qorxmur və daima “Mən bacararam, mən istəyirəm və mən edəcəyəm” deyən qeyri-peşəkarlardan da elə bununla fərqlənir.

Mən şadam ki, Aida ciddi, çalışqan və peşəsində özünə tənqidi yanaşan insandır. Onun yanında özünü arxayın hiss edirsən, çünki uğurlarını o, özü qazanıb. Nyu-York sərgisi bunu bir daha göstərdi və sübuta yetirdi. Mən gördüm ki, dünyanın müasir incəsənət mərkəzi olan bu şəhərin peşəkar çevrələri onu orada rəssam kimi tam obyektiv qəbul edib qiymətləndirdilər. Sərgidə çoxları Aidanın mənim qızım olduğunu bilmirdilər, yaxınlaşıb onu yaxından tanıyıb-tanımadığımı soruşur, əsərlərini gerçəkdən və səmimiyyətlə tərifləyir, rəssam kimi təqdir edirdilər. Bu gün mən də onu tərifləmək istəyirəm. Xüsusən də ona görə ki, mən bunu tez-tez etmirəm və ona “Afərin!” deyirəm”.

“Ötüb keçərkən...” ("Passing By…") sərgisində Aida Mahmudovanın 8 iri həcmli rəsm tablosu təqdim olunur. Sərgi iyulun 3-dək davam edəcək.

Qalereya




Teqlər:  





Xəbər lenti