"Azərbaycan həmişə mədəniyyətlər və millətlərin evi olub” - FOTOLAR

"Azərbaycan həmişə mədəniyyətlər və millətlərin evi olub” - FOTOLAR
  01 İyun 2013    Oxunub:1984
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Venesiya Biennalesi çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılış mərasimində iştirak edib .

Mayın 31-də 55-ci Ümumdünya təsviri incəsənət sərgisi - Venesiya Biennalesi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonunun rəsmi açılış mərasimi olub. AzVision.az AzərTAc-a istinadən bildirir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Venesiya Biennalesi bütün incəsənət xadimləri və həvəskarları üçün səbirsizliklə gözlənilən hadisədir. Çünki bu, dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər sərgi-aksiya hesab olunur.

Noyabra qədər davam edəcək sərgidə onlarla ölkə öz pavilyonunu təqdim edir. Azərbaycan pavilyonu da şəhərin ən izdihamlı məkanlarının birində - Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşir. Builki pavilyon "Ornamentlər" devizi altında təqdim olunur. Bu da təsadüfi deyildir. Çünki Azərbaycan ornamentlərini haqlı olaraq xalqımızın bədii əlifbası adlandırırlar.

Tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Venesiya kimi gözəl şəhərə zəngin mədəniyyətimizin bir parçasını gətirməkdən şad olduğunu deyib. Azərbaycanın zəngin mədəniyyəti və qədim tarixi ilə tanındığını vurğulayan Heydər Əliyev Fondunun vitse-prezidenti tarixi İpək Yolu üzərində yerləşən, Şərq ilə Qərb arasında hər zaman körpü olan Azərbaycanın bu ruhunu indi də saxladığını diqqətə çatdıraraq deyib: "Azərbaycan həmişə bir çox dinlər, mədəniyyətlər və millətlərin evi olub. Bu gün bizim paytaxtımız Bakı dünyanın ən kosmopoliten şəhərlərindən birinə çevrilir. Zaha Hadidin memarlıq əsərindən tutmuş Müasir İncəsənət Muzeyi, Xalça Muzeyi və "Alov qüllələri"nə qədər. Düşünürəm ki, Şərq ilə Qərbin, qədimlə müasirliyin bu sintezi bizim incəsənətimizdə yetərincə əksini tapır. Özünüz də bunun burada şahidi olacaqsınız. Çünki incəsənət həmişə bizim mədəniyyətimizin mühüm hissəsi olub. İndi demək olar ki, hər ay ölkəmizdə heyrətləndirici incəsənət tədbirləri keçirilir".
Sərginin kuratoru Erve Mikaeloff Azərbaycanda müasir incəsənətinin inkişafına böyük dəyər verildiyini bildirdi, bu sahədə layihələrə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edib.

Artıq dördüncü dəfədir Venesiya Biennalisinə qatılan Azərbaycanı budəfəki sənət nümayişində altı rəssamımız Butunay Haqverdiyev, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Rəşad Ələkbərov, Sənan Ələsgərov və Çingiz təmsil edir.

Günün sonunda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ziyafət verilib.

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı ölkəmizin dünya tamaşaçısına daha yaxın, daha doğma olmasına köməklik edir.

Qalereya




Teqlər:  





Xəbər lenti