Britaniya parlamentində `Bakı-2015`-in qəbulu keçirilib

Britaniya parlamentində `Bakı-2015`-in qəbulu keçirilib
  04 İyun 2015    Oxunub:1990
İyunun 3-də Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Böyük Britaniya Parlamentinin Nümayəndələr Palatasının “Çörçil” zalında Bakı-2015 Avropa Oyunlarına həsr olunmuş qəbul keçirilib.
TEAS-dan verilən məlumata görə, 120 qonağın iştirakı ilə keçən qəbulun qonaqları arasında Baronessa Uddin, Lord Addinqton, Lord Kilkluni, Lord Rizbi, Lord Fulks, Lord German, Lord Brukhaven, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer, millət vəkilləri Cudit Kammins, Stiven Hammond, Ceykob Ris-Moq, Bob Blekmen, Rocer Qodsit, Demian Qreen, Mayk Qeyps, Londonda akkreditə olunmuş xarici diplomatlar, Böyük Britaniya və Azərbaycan idman federasiyalarının nümayəndələri, həmçinin Britaniyadakı Azərbaycan diasporasının fəalları və Azərbaycanın dostları yer almışdır.

Britaniya parlamentinin üzvü Lord Addinqton beynəlxalq idman tədbirlərinin müxtəlif mədəniyyətləri və mentalitetləri bir araya gətirmək baxımından əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, Bakı-2015 Avropa qitəsi üçün yeni və təqdirəlayiq bir təcrübə olacaq. Lord Addinqton birinci Avropa Oyunlarının təşkilatçılarına və Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışan Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov bildirib ki, Bakı-2015-in həyəcanını bütün Azərbaycanda hiss etmək mümkündür. Gənc ölkə olmağımıza baxmayaraq, beynəlxalq idman tədbirinə ev sahibliyi etmək Azərbaycanın qısa müddətdə sürətli inkişafının, Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. T.Heydərov deyib: “İnanıram ki, Bakı-2015 Azərbaycanın Avropaya inteqrasiyasını daha da sürətləndirəcək və ölkəmiz bundan sonra da beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edəcək”.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komtəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq öz videomüraciətində demişdir: “Oyunları təşkil etmək üçün cəmi 20 ay sərf edilib. Normalda bu 7 il çəkir. Bu böyük məsuliyyətli işin uğurlu yekunu xarici və yerli mütəxəssislərin birgə fəaliyyətinin nəticəsidir. Biz Azərbaycanda möhtəşəm oyunların şahidi olacağıq və Bakı bütün dünyanın diqqət mərkəzində olacaq”.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkəmizin tarixən bir çox cəhətlərinə görə dünyada tanındığını deyib. O, Bakı-2015 I Avropa Oyunları ilə Azərbaycanın Avropada və dünyada idman sahəsində daha yaxşı tanınacağını bildirib. Bakı-2015-in başlamasına çox az vaxt qaldığını qeyd edən diplomat Avropa Oyunlarına hazırlıq prosesi və təşkilatçılıq haqqında məlumat verib. Səfir Avropanın 50 ölkəsindən 6 mindən çox atletin mübarizə aparacağı bu çoxşaxəli idman bayramının yüksək səviyyədə keçiriləcəyindən əminliyini ifadə edib. Oyunların Avropa idmanında tarixi hadisə olacağını vurğulayan T.Tağızadə qonaqları mötəbər idman tədbirini izləmək üçün Bakıya dəvət edib.

Böyük Britaniya – Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi, millət vəkili B.Blekmen bildirib ki, 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin uğurlu təşkili göstərdi ki, Azərbaycan qısa zaman müddətində dünya səviyyəsində möhtəşəm tədbirləri keçirməyə qadir bir ölkədir. B.Blekmen Bakı-2015 I Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirib. O, qısa müddətdə ölkəmizdə yaradılan idman infrastrukturunun möhtəşəm olduğunu qeyd edib. Britaniya ilə Azərbaycan arasındakı münasibətlər haqqında məlumat verən deputat dostluq və əməkdaşlığımızın davam edəcəyinə ümidvar olduğunu bildirib.


Teqlər:  





Xəbər lenti