BMT-də Azərbaycan Günü

BMT-də Azərbaycan Günü
  12 İyun 2015    Oxunub:1639
Birləşmiş Millətlər Təşkilatında Azərbaycan Gününün qeyd edilməsi münasibətilə BMT-nin mənzil-qərargahında təntənəli qəbul təşkil olunub.
Nyu-Yorkda, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycan idmançılarının və birinci Avropa Oyunlarının keçiriləcəyi idman qurğularının təsvir edildiyi plakatlar, Bakının və ölkənin regionlarının çoxmillətli mədəniyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilib.

Avropa Oyunları məşəlinin qədim “Atəşgah” məbədində alovlandırılması mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı, birinci Avropa Oyunları haqqında videoçarxlar, Oyunların məşəlinin Azərbaycanın regionları üzrə marşrutu, Azərbaycan estrada ulduzları Tünzalə Ağayeva və Röya Ayxanın ifasında Bakıda keçiriləcək Avropa Oyunlarına həsr edilmiş mahnılara çəkilmiş kliplər də nümayiş etdirilib.

Təntənəli qəbulu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev açıb. O, qonaqları salamlayıb və Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 97-ci ildönümü münasibətilə BMT-də təşkil olunan Azərbaycan Günü bayramında iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib, Azərbaycanın zəngin mədəniyyəti və ənənələri, onun müxtəlif sahələrdə qazandığı uğurlar və iyunun 12-də start götürən birinci Avropa Oyunları barədə məlumat verib.

Diplomat qeyd edib ki, müsəlman dünyasında ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması çox böyük əhəmiyyət kəsb edir. O deyib ki, AXC-nin qısa dövrdə mövcud olmasına baxmayaraq, bu müddətdə çoxpartiyalı və çoxmillətli parlament yaradılması, vətəndaşların ümumi hüquq və azadlıqlarının təmin edilməsi, qadınlara seçki hüququ verilməsi, regionda ilk müasir ali məktəb olan Bakı Dövlət Universitetinin yaradılması, iqtisadiyyat, ölkənin sosial və ictimai həyatı sahələrində mütərəqqi islahatlar keçirilməsi və bir sıra başqa nailiyyətlər qazanılıb. Azərbaycan Xalq Cümhuriyyətinin birinci Nazirlər Kabinetinin üzvləri arasında ölkənin yəhudi və xristian icmalarının nümayəndələrinin də olması AXC-nin mövcud olduğu dövrdə Azərbaycanda tolerantlığın yüksək səviyyəsinə dəlalət edirdi. Yaşar Əliyev qeyd edib ki, bütün bu ənənələr 24 il bundan əvvəl öz müstəqilliyini bərpa etmiş müasir Azərbaycanda da layiqincə davam etdirilir. Bu ilin mayında Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və BMT Sivilizasiyalar Alyansının gələn il Bakıda keçiriləcək yeddinci dünya forumu bu baxımdan əyani nümunə sayıla bilər. Y.Əliyev onu da qeyd edib ki, BMT Azərbaycanda yaradılmış “ASAN xidmət” mərkəzlərinin rolunu sosial sahədə ölkənin nailiyyətlərindən biri hesab edərək “2015-ci ildə BMT dövlət xidməti mükafatı”na layiq görüb.

Diplomat daha sonra birinci Avropa Oyunları barədə məlumat verərək vurğulayıb ki, idmanın 20 növü üzrə yarışlarda 6 mindən çox atlet iştirak edəcək. O qeyd edib ki, ölkə rəhbərliyinin səyləri sayəsində mövcud idman qurğuları ilə yanaşı, son iki ildə dünya standartları səviyyəsində beş yeni idman kompleksi, o cümlədən möhtəşəm Bakı Olimpiya Stadionu istifadəyə verilib.

Sonra Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Marietta Yusim-Rozental çıxış edib. O, Bruklin yerli hakimiyyətinin başçısı Erik Adamsın bəyanatının mətnini oxuyub. Bruklinin rəhbəri bu sənəddə Avropa Oyunlarının təşkilatçılarını və yarışlarda iştirak edəcək idmançıları salamlayaraq onlara təşəkkürünü bildirib. Xatırladaq ki, keçən ilin axırlarında Bruklin ilə Bakının Səbail rayonu arasında qardaşlaşlıq münasibətləri yaradılıb. Bu fakt Nyu-Yorkun həmin rayonu ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan verib.

Təntənəli qəbulda BMT Baş katibinin birinci müavini Yan Eliasson, Avstraliya, Bəhreyn, Çili, Çin, Kuba, Çexiya, Misir, Gürcüstan, Almaniya, Qana, Yunanıstan, Honduras, İslandiya, İraq, İordaniya, Küveyt, Latviya, Lixtenşteyn, Nepal, Niderland, Qətər, Moldova, Rusiya, Səudiyyə Ərəbistanı, Seneqal, Sloveniya, İspaniya, Sudan, İsveç, Türkiyə, Türkmənistan, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Belarus və Yəmənin BMT yanında diplomatik missiyalarının rəhbərləri, digər yüksək vəzifəli şəxslər iştirak ediblər.


Teqlər:





Xəbər lenti