Müəllimlər niyə bu rayonlara getmək istəmir? - DEPUTAT RƏYLƏRİ

Müəllimlər niyə bu rayonlara getmək istəmir? - DEPUTAT RƏYLƏRİ
  03 İyun 2013    Oxunub:4384
“Rayonlarda maaş azdır, müəllimlərə güzəşt olmalıdır”
Bir neçə gün bundan öncə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsi AzVision.az saytının sorğusuna cavab olaraq məlumat vermişdi ki, 2012-2013-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, işə qəbul olunduqdan sonra imtina olunmuş vakant yerlərdən əksəriyyəti Ağsu, İmişli, Gədəbəy, Quba, Lerik və Yardımlı rayonlarının payına düşüb. Azvision.az bunun səbəbini araşdırmaq məqsədi ilə elə həmin rayonlardan olan deputatlarla əlaqə saxlayıb, məsələyə aydınlıq gətirib.

İmişli rayonundan seçilən deputat Çingiz Qənizadə bildirib ki, belə bir halla qarşılaşmayıb.

“Mən hər hansısa bir rayona təyinatla göndərilən müəllimin müəyyən problemə görə getməkdən imtina etməsinin şahidi olmamışam. Təhsil şöbəsindən soruşmaq lazımdır ki, bunu nə ilə əsaslandırırlar. Mən ona görə də bu suala cavab verə bilmərəm”.

Qubadan seçilmiş millət vəkili Yevda Abramov isə müəllimlərin imtina etməsinin xüsusi bir əsasının olmadığını deyib .

“Mən özümün müəllimlik təcrübəsindən bilirəm ki, Qubadan heç bir adam, heç bir müəllim imtina edə bilməz. Düzdür, Qubanın elə ucqar kəndləri var ki, bir az yol problemi ola bilər. Hər hansısa bir müəllimin, xüsusi ilə gənc kadrın Qubadakı belə ucqar kəndlərdən imtina etməsinə inanmıram. Amma bütövlükdə müəllimlərin Qubada işləməsindən imtina etməsi mənim ağlıma sığmır. Mən bunun obyektiv cavabını verə bilmərəm. Quba həm də rayon mərkəzinə, paytaxta yaxın olan rayondur. Quba- Bakı yolu bu gün ən müasir yollardan biridir . Nədən imtina edirlər, bilmirəm. Qubanın gözəl havası, gözəl insanı, təbiəti , müasir məktəbləri var, müəllimlər nəyindən imtina edirlər anlamıram”.

Lerik rayonundan seçilən deputat İqbal Məmmədov isə müəllimlərin həmin rayona getməməsinin səbəbini onların məvaciblərinin azlığı ilə izah edib.

“Əvəllər insanlar ən çox dağ rayonlarına, xüsusən də Lerikə gedirdilər. Çünki yüksək maaş alırdılar. Bu gün isə qanunda göstərilir ki, bir müəllim 160 satdan yuxarı dərs verə bilməz. Belə halda həmin müəllim 150 manatdan yuxarı maaş ala bilmir . Eyni zamanda dağ rayonuna getməmələrinin səbəblərindən biri də oralardakı şəraitsizlikdir. Buna görə də dağ rayonları üçün təhsil nazirliyində güzəştlər olmalıdır. Əgər Bakıda müəllim 150 manat maaş alırsa, Lerikde heç olmsa gedib 400 manat alsın. O zaman kim gedib həmin rayonda işləməz ki? Bu gün həmin rayonda ibtidai sinif və xarici dillərini tədris edən müəllimlərə böyük ehtiyacımız var. Bakıda universiteti qurtaranların heç biri Lerikə müəlim kimi getmək istəmir . Bu gün əsas fənlərdən bizdə müllimlər çatışmır. Dərs deyənlərin əksəriyyətinin yaşı 50-dən çoxdur. Bizim isə gənc müəllimlərə ehtiyacımız var”.

Ağsu rayonun millət vəkili Ərəstun Cavadov da bildirir ki, Bakıdan və başqa bölgədən olan müəllimlərin Ağsu və başa rayonlara gedib müəllim işləməməsinin səbəblərindən biri əmək haqlarının az olması və yaşayış ilə təmin edilməməsidir.

“Vaxtlı vaxtında öz ailələrinə gəlib getmək imkanlarının az olması onları orada işləməkdən çəkindirir. Yaxşı olardı ki, məvacib artırılsın, yaşayış üçün təminatlar olsun. Onda böyük həvəslə gedib işləyə bilərlər”-deyə, deputat əlavə edib.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti