Gürcüstan hələ də şokdadır - VİDEO

Gürcüstan hələ də şokdadır - VİDEO
  16 İyun 2015    Oxunub:3984
Gürcüstanda dünən yaşanan dəhşətli daşqın və onun arxasınca gətirdiyi fəlakətdən sonra ölkə sanki bir şok keçirmiş kimidir. Bu gün qonşu respublikada matəm günüdür. İndi insanları vahimədə saxlayan daha bir məsələ isə dağılmış zooparkdan qaçmış vəhşi heyvanların hələ də tapılmamasıdır.

ANS TV-nin Gürcüstan bürosunun məlumatına görə, Tiflisin mərkəzi hissəsindən keçən Vera çayında baş vermiş daşqın nəticəsində ölənlərin sayı 13-e catıb.

Bu gun daha bir sakinin batmış avtomobildən meyiti cıxarılıb. Daha 10 nəfərin itkin düşməsi isə ölü və yaralı sayının artacağı ehtimalını yaradır.

Fəlakətlə əlaqədar bu gün ölkədə matəmdir. Həmçinin fəsadların aradan qaldırılması və avtomobil yollarında intensivliyin azaldılması məqsədilə hökumətin qərarı ilə 15 iyun Tiflisdə qeyri-iş günü elan olunub.

Təbii ki, bu qərar fəlakətin nəticələrinin aradan qaldırılması ilə məşğul olan qurumlara şamil edilmir.

Eyni zamanda şəhərin bir sıra avtomobil yollarında hərəkət qadağan edilib. Hadisə nəticəsində şəhər infrastrukturuna 20 milyon dollar məbləğində ziyan dəydiyi bildirilir.

Ölkədə son 5 ilin ən dağıdıcı təbii fəlakəti paytaxtda yolları, yaşayış evlərin yararsız hala salıb. Fəsadların aradan qaldırılması məqsədilə hökumət ilkin olaraq 4 milyon dollar vəsait ayırıb.

Tiflis meri David Narmaniya isə gecə saatlarında zərərçəkənlərin vəziyyəti ilə bağlı açıqlama verib:

“Gördüyünüz kimi aidiyyatı dövlət strukturları tam heyətlə işlərə cəlb olunub. Fəlakətdən zərər çəkən sakinlərin vəziyyətinə gəlincə, onları müvəqqəti olaraq otellərdə və digər evlərdə yerləşdirmişik. Yaxın zamanda onların taleyi ilə bağlı məsələyə aydınlıq gətiriləcək”.

Daşqının vurduğu maddi ziyan və insan itkisindən savayı əhalini narahat edən daha bir təhlükə var ki, bu da şəhər zooparkından qaçan vəhşi heyvanların bəzilərinin hələ də tapılmamasıdır.

Heyvan parkından ümumilikdə 6 pələng, 6 şir, 13 canavar, 7 ayı və başqa heyvanlar qaçıb.

Daxili İşlər Nazirliyi bu səbəbdən sakinlərə şəhərə çıxmamağı tövsiyyə edir.

Təbii fəlakətin ən çox ziyan vurduğu yer şəhər zooparkıdır. Sakinlərin ən sevimli məkanlarından olan bu yer hadisə nəticəsində demək olar ki, tamamilə məhv olub. Zooparkda aparılan təmizlik işlərində isə meriya və bələdiyyə əməkdaşları ilə yanaşı xeyli sayda könüllü də iştirak edir.

Baş nazir İrakli Qaribaşvilinin tapşırığına əsasən hökumət bütün vacib dövlət tədbirlərini təxirə salaraq yalnız hadisənin nəticələrini aradan qaldırmaqla məşğuldur.





Teqlər:





Xəbər lenti