Mariya Stadnik və güləşçi baldızının fərqi...

  16 İyun 2015    Oxunub : 11247
Mariya Stadnik və güləşçi baldızının fərqi...
Associated Press agentliyi Azərbaycan güləşçisi Mariya Stadnikin birinci Avropa Oyunlarında qələbəsi və onun Britaniya güləş komandasını təmsil edən baldızı Yana Rattiqanın acınacaqlı durumu haqqında yazıb.
Trend-in məlumatına görə, müəllif yazır ki, peşəkar güləşçi olan hər iki qadın əslən Ukraynadan olmalarına baxmayaraq, onların ilk Avropa Oyunlarında iştirak təcrübələri tamamilə fərqlidir:

“Stadnik güləşə xüsusi qayğı göstərən Azərbaycanda yüksək səviyyəli idman obyektlərində məşq etdiyi halda, Britaniya vətəndaşlığını alan Yana Rattiqan bir neçə işdə çalışaraq, güləş karyerasını qorumağa çalışır. 2012-ci il London Olimpiya Oyunlarından sonra Britaniya güləş üçün maliyyəni dayandırıb”.

Y.Rattiqan oyunlara fiziki baxımdan yorğunluq, diz zədəsi ilə gəlib və ona görə də birinci raundda məğlub olub. Y.Rattiqan AP müxbirinə deyib: “Mənim gündəlik işim səhər 4.30 başlayır və axşam 11-ə qədər davam edir. Bütün günü bu işin, o işin dalınca qaçıram. İndi mənim üçün əsl istirahətdir”.

Müəllif yazır ki, əgər Y.Rattiqan Bakıda olmasa idi, o Britaniyada küçələrdə ətir nümunələri satırdı. “Ətir istəyirsiniz?” Bu mənəm?” deyərək Rattigan gülərək AP-nin müxbirinə deyir.

Britaniya hökumət agentliyi olan “UK Sport” London Olimpiadası üçün güclü komanda hazırlamaq üçün pul ayırıb, amma sərt maliyyə tədbirləri nəticəsində güləşə və idmanın digər növlərinə ayrılan pulları kəsib. Xatırlatmaq istərdik ki, Britaniyanın London Olimpiadasına ayırdığı vəsait real rəqəmi üç dəfə aşaraq, 18 milyard funt sterlinqdən artıq olub.

Y.Rattiqan Britaniya vətəndaşı Leon Rattiqan ilə evlənərək Britaniyaya gedib və orada uğurlu güləş karyerası ilə məşğul olacağını arzulayıb.

Y.Rattiqandan fərqli olaraq, peşəkar idman fəaliyyəti ilə məşğul olmaq üçün dövlət qayğısı ilə əhatə olunan Stadnik qızıl medal sahibi olandan sonra xoşbəxtlikdən göyün yeddinci qatında olduğunu deyib. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevadan qızıl medalı qəbul edən Y.Stadnik fəxarət hissi ilə Azərbaycanın dövlət himnini oxuduğunu bildirib.

Qida rasionu aşağı olan və bütün günü ailəsini dolandırmaq üçün küçə ticarəti ilə məşğul olan Y.Rattiqan güləş və geniş mənada idman vasitəsilə Britaniya gənclərini problemlərdən və digər neqativ fəaliyyətlərdən kənar tutmağa kömək etməyi düşünür. O deyib ki, bu uşaqların əksəriyyəti aztəminatlı ailələrdən gəlirlər: "Əgər hər hansı dünya çempionatında qalib gəlirsənsə….bu nəticə etibarilə uşaqları zərərli fəaliyyətlərdən, cinayətdən kənar tutur”.

Britaniya bir əsr bundan əvvəl güləş üzrə aparıcı dövlətlərdən biri idi. Amma onun sonuncu Olimpiya medalı 1984-cü ilə təsadüf edir. Y.Rattiqan ümid edir ki, müxtəlif xeyriyyə maliyyə dəstəyi ilə Britaniyada gənclər arasında güləşin inkişafına nail olsun.

Avropa ölkələri, o cümlədən Britaniya tərəfindən idmana göstərilən aşağı səviyyəli dövlət qayğısının nəticəsidir ki, gənclər arasında narkomaniya, cinayətkarlıq, alkoqolizm, radikallıq, İslamafobiya, anti-semitizm və digər meyllər güclənir. BMT tərəfindən də təşviq olunduğu kimi idman hər bir cəmiyyətdə bu kimi neqativ meyllərin kütləvi şəkildə aradan qaldırılmasına xidmət edən ən güclü vasitələrdən biridir.

Əminliklə deyə bilərik ki, Bakı Avropa Oyunları Azərbaycan cəmiyyəti, xüsusilə gənclərin inkişafında daha yeni imkanlar açacaq və yeni nəsil idmançıların yetişməsinə təkan verəcək.

Bakı Avropa Oyunları bütün Avropa miqyasında artmaqda olan neqativ meyllərin qarşısının alınması üçün çox vacib platformadır. Təəssüflər olsun ki, geosiyasi ambisiyalarına görə 100 ildən artıq dövr ərzində Avropa Oyunlarını keçirə bilməyən və Azərbaycanın ev sahibliyi etdiyi ilk Avropa Oyunlarına qarşı qarayaxma kampaniyası aparan bəzi qərb ölkələri, o cümlədən Böyük Britaniya bunu başa düşmək və ya qəbul etmək istəmir.

Teqlər: