Alman qəzeti Azərbaycanın düşmənlərini ifşa etdi

Alman qəzeti Azərbaycanın düşmənlərini ifşa etdi
  17 İyun 2015    Oxunub:4378
Almaniyanın “Berlinertageszeitung” qəzetində alman mediasının ilk Avropa Oyunları üzərindən Azərbaycana qarşı hücumları tənqid olunub.
Məqalədə bildirilir ki, son həftələr Almaniya mətbuatında qitə tarixində ilk böyük idman hadisəsi olan Avropa Oyunlarının keçirildiyi Azərbaycan haqqında mənfi məqalələrin sayı çoxalıb:

“Təəssüf ki, bu, alman mediasının tənqidindən çox Azərbaycan haqda qaralama kampaniyasıdır. Halbuki, Azərbaycana qarşı insan haqları ilə bağlı ittihamların irəli sürülməsinə heç bir səbəb yoxdur. Avropa Oyunlarının aktuallığı fonunda iqtisadi şəffaflıq kimi məsələlərin meydana atılması da oyunların əhəmiyyətinə təsir edir. Azərbaycan 12-28 iyun tarixini əhatə edəcək ilk Avropa Oyunlarını işıqlandırmaq məqsədilə bütün xarici jurnalistləri obyektiv şəkildə akkreditasiyadan keçirib. Bu, alman jurnalistlərinə də aiddir”.

Məqalədə Azərbaycana qarşı söz azadlığının boğulması ittihamlarının da yanlış olduğu qeyd olunur: “Söz və informasiya azadlığı Azərbaycan Konstitusiyasında təsbit olunub. Ölkədə çoxsaylı radio və televiziya ilə yanaşı, Azərbaycan, rus və ingilis dillərində çap olunan yüzlərlə qəzet, həmçinin, 50-dən çox xəbər agentliyi fəaliyyət göstərir. Bununla yanaşı, müxalifət qəzetləri olan “Yeni Müsavat” və “Azadlıq” gündəlik ən böyük tirajla çap olunur. Əhalinin 70 faizi internet istifadəçisidir. İnternet resurslarına heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşmaq azadlığı təmin olunur. Azərbaycanda hər hansı icazəsiz nümayiş dinc və insidentsiz ötüşür”.

Qəzet qeyd edir ki, Azərbaycanda heç bir şəxs jurnalistlik, yaxud siyasi fəaliyyətinə görə həbs olunmayıb.

“Azərbaycan Qərb demokratiyasında olduğu kimi jurnalistlərə qanunvericiliyə əsasən toxunulmazlıq statusu verib. Bəzi bloqer və jurnalistlərin iddia etdiyinin əksinə olaraq, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da hər hansı cinayət əməli cəzasız qalmır”, - deyə “Berlinertageszeitung” yazıb.

Məqalədə Azərbaycanın iqtisadi inkişafından da bəhs olunur: “Azərbaycan hökuməti əhalinin iqtisadi imkanlardan yararlanmasını yüksək dərəcədə təmin edir. Bu, neft və qaz hasilatından əldə olunan gəlirlərin bölüşdürülməsində də öz əksini tapıb. Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycan dünyada iqtisadi rəqabət qabiliyyətinə görə 40-cı pillədə qərarlaşıb. Bu ölkədə keçirilən I Avropa Oyunlarının idman hadisəsi olaraq siyasiləşdirilməsi doğru deyil” (APA).


Teqlər:





Xəbər lenti