Süleyman Dəmirəl dünyasını dəyişdi

Süleyman Dəmirəl dünyasını dəyişdi
  17 İyun 2015    Oxunub:3557
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl vəfat edib.
AzVision.az xəbər verir ki, sabiq prezident bu gün gecə saatlarında müalicə aldığı Ankara Güvən Xəstəxanasında 91 yaşında dünyasını dəyişib.

Onun ölümünə səbəb nəfəs yolu infeksiyası və ürək çatışmazlığı göstərilir.

Qeyd edək ki, Sami Süleyman Gündoğdu Demirel 1924-cü il noyabrın 1-də İsparta vilayəti Atabey rayonunun İslamköy kəndində dünyaya gəlib. 1993 – 2000-ci illər arasında Türkiyənin 9-cu prezidenti olub. 1965 – 1993-cü illər arasında 7 fərqli hökumətin 10 il 5 ay baş naziri olub.

İsmət İnönü və Rəcəb Tayyib Ərdoğandan sonra ən uzun müddət baş nazir olmuş siyasətçidir. 31 yaşında baş direktor, 40 yaşında partiya sədri, 41 yaşında baş nazir olub. Türkiyənin çox partiyalı sistemə keçməsindən sonra ölkədə ən çox hökumət quran siyasətçi ünvanına sahibdir. Fərqli vaxt və partiyalarda 7 dəfə hökumət quraraq 7 dəfə baş nazir olub.

1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışıb. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnib.

1975-1980-cı illərdə o, yenidən fasilələrlə koalisiya hökumətinin baş naziri vəzifəsində çalışmağa başlayıb.

1980-cı ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980-1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, Doğru Yol Partiyasının rəhbəri seçilib.

1990-1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunub, 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilib.

Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl 29 oktyabr 1999-cu il tarixdə Azərbaycan Mühəndis İnşaat Universitetinin fəxri doktoru seçilib.

1 noyabr 2013-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə, Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl “Şərəf” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!



Teqlər:





Xəbər lenti