“Gimnastikanın inkişafı onların xoşuna gəlmir” - Altay Həsənov

“Gimnastikanın inkişafı onların xoşuna gəlmir” - Altay Həsənov
  17 İyun 2015    Oxunub:2993
"Bakıda tarixdə ilk dəfə Avropa Oyunları çox gözəl və möhtəşəm keçir. Nəhayət gimnastikanın da vaxtı gəldi. Bu gün Azərbaycanda ən populyar olan bədii gimnastikanın qrup komandalarda yarışmasının birinci günüdür. İllərdir biz görürük ki, gimnastika idman növlərində subyektivlik var. Hakimlər öz rəylərini verirlər və burada subyektivlik mövcuddur. Azərbaycana qarşı bəzi subyektivlik var və həmişə Azərbaycan gimnastlarına çıxış etdikləri qədər qiymət vermirlər".
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.

A.Həsənov bildirib ki, həmişə Azərbaycan nümayəndə heyəti buna qarşı öz mübarizəsini aparıb, etirazlar verib və gimnastlar yaxşı hazırlaşırdı ki, idmançılarımıza heç vaxt bir söz, nöqsan tutmasınlar: "Təəssüflər olsun ki, bu gün biz gördüyümüz qrup komandalarının çıxışında bəzi ölkələrin komandaları, hansılar ki, öz alətlərini itirdilər, pis çıxış etdilər, onlara bizdən yüksək qiymət verildi. Ona görə, biz istəyirik ki, bu hadisələrə artıq son qoyulsun".

A.Həsənovun sözlərinə görə, Avropa Gimnastika İttifaqına və Beynəlxalq Gimnastika Federasiyasına etirazların bildirilməsi üçün məsləhətləşmələr aparılır ki, bədii gimnastikada bu qeyri-obyektivliyə son qoyulsun.

AGF-nin vitse-prezidenti qeyd edib ki, Azərbaycan gimnastları yarışa çox yaxşı hazırlaşıblar və azarkeşlər bunu görürlər: "Burada mütəxəssislər bizə deyirlər ki, Azərbaycan gimnastlarına həqiqətən də çıxışlarına görə qiymət vermirlər. Bu hansısa qüvvələrdir ki, bizim gimnastikanın inkişafı onların xoşuna gəlmir, onlar bizə mane olmaq istəyirlər. Amma biz öz yolumuzu seçmişik. Azərbaycanda idmanı, gimnastikanı inkişaf etdiririk. Ona görə biz yolumuzdan dönməyəcəyik və mübarizəmizi davam etdirəcəyik".

A.Həsənov deyib ki, komandamızın çıxışı çox gözəl idi: "Mən deyərdim ki, üç-dörd komanda bizdən geridə olmalıdı, təəssüflər olsun ki, onlara bizdən yüksək qiymət verdilər. Biz artıq bu hala dözə bilmərik. Artıq biz öz sözümüzü deməliyik. Bu qeyri-obyektivlik artıq bizi yorub, belə olmaz. Çünki bizim ölkə etdiyini heç bir ölkə etmir, xüsusən də gimnastikada. Amma təəssüflər olsun ki, bizi ruhdan salmağa çalışırlar. Biz mübarizəmizi davam edəcəyik".


Teqlər:  





Xəbər lenti