Prezident Ayxana telefonda nə dedi?
Birinci Avropa Oyunlarında 68 kq çəki dərəcəsində polşalı rəqibinə qalib gələrək taekvando yarışlarında ilk qızıl medalını qazanan Ayxan Tağızadə qələbə sevincini AzVision.az-la bölüşüb.
O, I Avropa Oyunlarında məqsədinin qızıl medal qazanmaq olduğunu deyib: “Taekvando Federasiyasının prezidenti Kəmaləddin Heydərovun da tribunadan yarışımı canlı izləməsi məni həyəcanlandırırdı. Amma bu özümə inamı daha da artırdı. Çünki onlar mənə inanıb yarışımı tamaşa etməyə gəlmişdilər. Atam, qardaşım, tanışlarım, qohumlarım orada idi. Amma ən çox qardaşımın səsini eşidirdim. Ona görə də məsuliyyətimi daha da artırdım”.
Ayxan uğurlarının davamlı olacağını bildirib: “Bu qızıl medalla kifayətlənməyəcəm. İrəlidə daha böyük uğurlar gözləyirəm. Məqsədim “Rio-2016” Olimpiya Oyunlarıdır. Hələ ki, Atletlər Kəndində qalıram. Amma evimiz Yasamaldadır. Yəqin ki, ora gedəndə məni xüsusi olaraq qarşılayacaqlar”.
İdmançımız ölkə başçısı İlham Əliyevin onu təbrik etməsindən də danışıb. O, bildirib ki, Prezident yarışları izləmək üçün gələ bilmədiyindən onu telefonla təbrik edib.
“İlham Əliyev məni telefonla təbrik etdi. Dedi ki, bayrağımızı qaldırdın. Cavab verdim ki, borcumuzdur. Sonra prezident dedi ki, Rioda görüşərik. Dedim, inşallah, cənab prezident”.
Ayxan Tağızadə federasiya prezidenti Kəmaləddin Heydərovun da onun bütün yarışlarını izlədiyini söylədi: “Yarışım bitdikdən sonra nazir gəlib məni təbrik etdi. Məni öpüb qucaqladı. Soruşdu ki, neçə yaşım var? Nə vaxtdan məşq edirəm? Daha sonra isə uğurlar arzuladı”.
Bu uğuruna görə, Taekvando Federasiyasının da ayrıca mükafat verəcəyini deyən qızıl medalçımız: “Bu mükafatın nə olacağı hələ ki, məlum deyil” - deyə əlavə edib.
Gültəkin ƏLƏSGƏR