“Bakıya valeh oldum...” - Erməni məşqçi
V.Modosyan deyib ki, Avropa Oyunları idman sahəsində ilk belə mötəbər turnirdir və onu keçirmək şərəfi Bakıya nəsib olub: “Burada hər şey çox yüksək səviyyədə təşkil olunub - dəqiq, savadlı, səliqəli və mükəmməl. Təşkilat Komitəsinin üzvləri çox xeyirxahdır, hər bir qonağa nəzakətlə yanaşırlar. Əgər kiminsə hər hansı problemi yaranırsa, bir neçə dil bilən könüllülər dərhal yaxınlaşıb kömək edirlər, suallara cavab verirlər. Mən hesab edirəm ki, bu idman bayramı həddən artıq yüksək səviyyədə baş tutdu”.
V.Modosyan Ermənistan-Azərbaycan münaqişəsinin erməni idmançılarının “Bakı-2015”dəki çıxışlarına təsiri məsələsinə də toxunub: “Siyasət idmana təsir göstərə bilməz, göstərməməlidir. Çoxları elə düşünürdü ki, burada erməni-azərbaycanlı münaqişəsi ilə bağlı bu və ya digər formada hansısa bir problem yarana bilər. Lakin Avropa Oyunlarında hər şey tamamilə başqa cürdür. Bura yalnız idmanı sevən və ona hörmət edən insanlar toplaşıb. Onların hamısının yalnız bir məqsədi var - qalib gəlmək, qələbə qazanmaq”.
Rusiya millisinin erməni əsilli məşqçisi Bakıya valeh olduğunu da söyləyib: “Mən Bakıdan sadəcə heyrətə gəlmişəm. Müasir binalar və idman zalları, idmançıların yaşadığı kənd - heç də hər ölkədə belə ideal şərait yoxdur. Bununla hər bir ölkə öyünə bilər. Bakının gözəlliyi bütün qonaqları, o cümlədən məni valeh edib. Bakını, Azərbaycan xalqının qonaqpərvərliyini və xeyirxahlığını görəndən sonra bir daha başa düşdüm ki, bu xalqın, bu ölkənin çox gözəl gələcəyi var”.
Teqlər: