Nəsli kəsilməkdən xilas edilən balıqlarımız

Nəsli kəsilməkdən xilas edilən balıqlarımız
  04 İyun 2013    Oxunub:5283
“Azərbaycanda iki balıq növü nəsli kəsilməkdən xilas olunub”.
Bu barədə Azvision.az–a Ekologiya və Təbii Sərvətlər Nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin sektor müdiri Ağasadıq Qasımov deyib. Sektor müdiri bildirib ki, hazırda təbii yolla bərpası aparılan hər iki balıq növünün ehtiyatlarında artım müşahidə olunub.

“Bu balıq növlərindən biri adı Qırmızı kitaba düşən ilan balığı və digəri bej kimi tanıdığımız balıq növüdür. Hazırda hər iki balıq növünün ehtiyatları bərpa olunmaq tendensiyasındadır. Onlar artıq nəsli kəsilmək katiqoriyasından çıxıblar. Hər ikisinin bərpası təbii yolla aparılır. Onların artırılması üçün bizim təşkilat tərəfindən xüsusi bir iş görülmür. Biz ancaq onların mühafizəsini həyata keçiririk”.

A.Qasımov bildirib ki, əsasən də təbii törəmə dövründə onların törəmə yerlərini xüsusi mühafizə edirlər. “Daha sonra onların qeyri-qanuni ovlanmasına qarşı mübarizə, cəza tədbirləri gücləndiririk, yəni bu istiqamətdə işlər görülür”.
Qeyd edək ki, dünən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov mətbuata açıqlamasında bildirmişdi ki, Xəzərdə suyun çirklənməsinə görə nəsli kəsilən heyvanların bir çoxu yenidən bərpa edilib. “Xəzərdə nə qədər canlı var idisə, suyun çirklənməsinə görə nəsli kəsilmişdi. İndi onların çoxu bərpa edilib. Suyun keyfiyyətinə görə dəyişikliklər müsbət nəticə verib. Məişət baxımından əhalinin artımı, insanların qayğıkeş olmaması və s. məqamlar var. Amma qlobal baxımdan Xəzərdə elə böyük çirklənmə yoxdur”.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti