Ban Gi Mun Qarabağda atəşkəsin pozulmasından narahatdır

Ban Gi Mun Qarabağda atəşkəsin pozulmasından narahatdır
  23 İyun 2015    Oxunub:2273
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının bugünkü plenar iclasında Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Ban Gi Mun Assambleya iştirakçıları qarşısında çıxış edib.
APA-nın Avropa müxbiri xəbər verir ki, daha sonra baş katib Assambleya üzvlərinin suallarını cavablandırıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Ermənistanın Azərbaycan ərazilərinin 20% işğal etdiyini, BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsinə baxmayaraq, işğalı hələ də davam etdirdiyini diqqətə çatdıraraq, Ermənistanın bu qətnamələri icra etməsi üçün BMT-nin hansı ölçülər götürə biləcəyinə dair baş katibə sual ünvanlayıb.

BMT-nin baş katibi Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll edilə biləcəyini söyləyib.

“Atəşkəsin mütəmadi pozulması məni çox narahat edir. Ermənistanla Azərbaycan arasında nələrin baş verdiyini görürük, Dağlıq Qarabağ bölgəsində demək olar hər gün hər iki tərəfdən insan itkiləri baş verir. Hər iki tərəfin istifadə etdiyi nifrət dolu bəyanatlar məni narahat edir. Bu ölkələr arasında gərginlik yüksəlməkdədir. Mən hər iki ölkəni münaqişənin sülh yolu ilə həll etməyə çağırıram. Hər hansı hərbi qarşıdurma iki ölkə və ümumilikdə bütün region üçün dağıdıcı olacaq, ağır nəticələrə gətirəcək. Bu münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Burada əsas ideya tərəflər arasında dialoqun aparılması və davamlı həllin əldə edilməsi üçün səylərin davam etdirilməsidir”, - deyə baş katib vurğulayıb.


Teqlər:





Xəbər lenti