Rusiyalı jurnalist ADU-nun fəxri doktoru oldu

  04 İyun 2013    Oxunub : 700
Rusiyalı jurnalist ADU-nun fəxri doktoru oldu
Qonaq universitetdə müxtəlif ölkələrin dillərinin tədrisini yüksək qiymətləndirib.
İyunun 4-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, AŞPA-da Rusiya nümayəndə heyətinin rəhbəri, Moskva Dövlət İnstitutunun Beynəlxalq əlaqələr üzrə professoru, Rusiya Şurasının Rəyasət heyətinin xarici əlaqələr üzrə üzvü, Vətəndaş Cəmiyyəti İnkişafının Prezident Şurasının üzvü, əməkdar mədəniyyət işçisi, teleaparıcı, jurnalist, politoloq, tarix elmləri namizədi Aleksey Puşkov ilə görüşdü. Qonağı salamlayan rektor Səməd Seyidov Aleksey Puşkovun AŞPA-da Rusiya nümayəndə heyətinin rəhbəri olduğunu xatırladaraq beynəlxalq səviyyədə Rusiyanın hər zaman Azərbaycana dəstək olduğunu vurğuladı və Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlardakı əməkdaşlığından söz açdı.

ADU-nun mətbuat xidmətinin məlumatına görə, universitetin fəaliyyətinə toxunan Səməd Seyidov bu ali təhsil ocağında 15-ə yaxın ölkənin dillərinin tədris olunduğunu bildirdi. Sonra Səməd Seyidov Azərbaycan və Rusiya arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətinə görə Aleksey Puşkovu ADU-nun Elmi Şurasının qərarına əsasən ADU-nun Fəxri doktor diplomu ilə təltif etdi və mantiyanı qonağa təqdim etdi. Aleksey Puşkov Azərbaycana səfəri çərçivəsində ADU-da olmaqdan məmnunluq hissi keçirdiyini bildirdi.
O, səmimi qəbula görə minnətdarlığını bildirdi. Aleksey Puşkov Azərbaycan və Rusiya əlaqələrinin günü-gündən genişləndiyini və möhkəmləndiyini xüsusi qeyd edərək AŞPA-dakı beynəlxalq əməkdaşlığın əhəmiyyətindən söz açdı. Qonaq universitetdə müxtəlif ölkələrin dillərinin tədrisini yüksək qiymətləndirdi.

Görüşdə Azərbaycanda Rusiya icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin də iştirak edib.

Xatırladaq ki, ADU-nun fəxri doktoru sırasına İsrail dövlətinin Prezidenti Şimon Peres, Avropa Şurası Parlament Assambleyasının keçmiş Prezidenti Mövlud Çavuşoğlu və AŞ-nın daimi sədri, Avropa İttifaqı Hökümət və Dövlət Başçıları Şurasının Prezidenti Herman Van Rompuy daxil olub.

Azvision.az

Teqlər: