`Odlar yurdunun min bir rəngi`nə yekun vuruldu

`Odlar yurdunun min bir rəngi`nə yekun vuruldu
  29 İyun 2015    Oxunub:2744
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi “Odlar yurdunun min bir rəngi...” adı altında reallaşdırdığı layihənin yekunlarına həsr edilmiş təqdimat mərasimi keçirib.

Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində baş tutan mərasimdə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva layihənin məqsədləri barədə ətraflı məlumat verib, layihənin reallaşmasına dəstək verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirib.

Qeyd edək ki, layihə çərçivəsində iyunun 15-dən 20-dək Lüksemburqdakı “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının binasında Azərbaycanın gənc qadın rəssamlarından Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərləri nümayiş edilib.

Layihənin həyata keçirilməsindən danışan Ş.Nağıyeva qeyd edib ki, məqsədimiz Avropalıları Azərbaycanda gedən sürətli iqtisadi inkişafla yaxından tanış etmək, Bakıda keçirilən Avropa oyunları barədə geniş informasiya vermək, eləcə də ağrılı problemimiz olan Qarabağ münaqişəsi barədə əsl həqiqətləri təbliğ etmək olub. Bu məqsədə çatmaq üçün Heydər Əliyev Fondunun böyük məhəbbətlə müxtəlif Avropa dillərində hazırladığı kitab, albom və broşuralardan, o cümlədən ölkəmizin tarixini və mədəniyyətini, eləcə də Qarabağ münaqişəsi haqqında həqiqətləri əks etdirən materiallardan istifadə edilib. Azərbaycan haqqında tanıtım filmi nümayiş olunub, qonaqlara Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalını göstərən rəngli xəritələr paylanıb.

Təqdimat mərasimində əsərləri Lüksemburqda nümayiş olunan rəssamlar adından çıxış edən gənc rəssam Şəhla Qəhrəmanlı sərgi barədə təəssüratlarını bölüşüb, belə gözəl mədəniyyət tədbirlərinin reallaşmasına dəstək verdiyi üçün Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Sonda layihənin reallaşmasına həsr edilmiş “Odlar yurdunun rəngləri Lüksemburqda” adlı sənədli film nümayiş olunub.

Qeyd edək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə bundan əvvəl ABŞ, İtaliya, Almaniya və Avstraliyada Azərbaycanın tanıdılması məqsədilə oxşar mədəniyyət layihələri həyata keçirib.


Teqlər:





Xəbər lenti