Deputatlar yaz sessiyasını belə qiymətləndirirlər

Deputatlar yaz sessiyasını belə qiymətləndirirlər
  05 İyun 2013    Oxunub:1344
Milli Məclis üzvləri nədən razı və nədən narazıdırlar?
Milli Məclisin yaz sessiyası artıq bitib. Lakin, 90 deputatın müraciəti ilə növbədənkənar sessiya öz işinə davam edəcək. Bəs millət vəkilləri öz işinə yekun vurmuş yaz sessiyasını necə qiymətləndirir? Milli Məclis üzvləri nədən razı və nədən narazıdırlar? Hansı qanun layihələri var idi ki, bu sessiyada qəbul olunmadı? AzVision.az bu suallara deputatlardan cavab alıb.

“Səssizlikdən bir çoxları az qala yerində mürgüləyir”

Millət vəkili Etibar Hüseynovun sözlərinə görə, Milli Məclis bu sessiyasını səssiz-küysüz, "yüksək göstəricilərlə" başa vurub. Lakin, deputat parlamentin belə səssiz olmasından narazıdır: “Amma düzünü desəm Milli Məclisdə hökm sürən bu atmosfer heç məni etmir. Mən parlamentimizi daha səsli-küylü, mübahisə və polemikalarla zəngin, qaynar görmək istərdim. Bizdə isə bəzən səssizlikdən bir çoxları az qala yerində mürgüləyir”.

E.Hüseynov bildirib ki, Bakının statusu ilə bağlı qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılmasıyla bağlı dəfələrlə məsələ qaldırsa da, eşidilməyib.

Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa yaz sessiyasını müsbət qiymətləndirdiyini bildirib. Müzakirəyə çıxarılmayan qanun layihələri ilə bağlı danışan deputat bildirib ki, “Rəqabət Məcəlləsinin” və “Elm haqqında” Qanunun qəbul olunmaması böyük bir problemdir.
“Bu qanunların qəbul olunmaması yaxşı hal deyil. “Rəqabət Məcəlləsi” tez qəbul olunsaydı, müəyyən məsələlər öz həllini tapardı. İnhisarçılığa qarşı ən azı ciddi bir zərbə vurulmuş olardı. Digər tərəfdən parlamentin özünün fəaliyyətində büdcə layihəsinin müzakirəsi və başqa məsələlərdə biraz effektli nəticələr ortaya çıxmadı. Qeyri-hökümət təşkilatlarının prosesə cəlb olunması baş vermədi”-deyə, deputat əlavə edib.

F.Mustafanın sözlərinə görə, yaz sessiyasında yeganə müsbət hadisə “İctimai İştirakçılıq haqqında” Qanun layihəsinin müzakirəsi idi: “Daha geniş təbəqələr bu müzakirəyə cəlb olundu. Cərimələrin çoxalması və parlament tərəfindən bunun təsdiqlənməsi müsbət hal sayıla bilməz. Xüsusilə də həbs müddətinin, saxlanma müddətinin 3 aya qədər uzadılması anti-demokratik bir hal kimi öz əksini tapır. Ümumiyyətlə, qanunverici fəaliyyətimiz mənim üçün qaneedici sayılmaz. Amma ümumi Milli Məclis öz funksional vəzifələrini qismən də olsa, yaz sessiyasında yerinə yetirmiş sayıla bilər”.

“Milli Məclis cəmiyyətin ona yönəltdiyi ümidləri doğrulda bilir”

YAP Siyasi Şurasının üzvi, millət vəkili Aydın Mirzəzadə əvvəlki sessiyalarda olduğu kimi bu sessiyada da parlamentin ən məhsuldar sessiya olduğunu söyləyib. “Qarşımızda qoyulan məsələlərin hamısını yerinə yetirə bilmişik. Həm müvafiq strukturların illik hesabatlarını dinlədik. Ayrı-ayrı sahələr üzrə qanunlar qəbul edildi. Ən əsası isə parlament cəmiyyətin ciddi ictimai müzakirə mərkəzi olduğunu bir daha təsdiq elədi. Həm gündəliyə salınan məsələlər, həm də günün aktual məsələləri üzrə vaxtaşırı məsələlər qaldırılır. Hesab edirəm ki, bu gün Azərbaycan Milli Məclisi cəmiyyətin ona yönəltdiyi ümidləri doğrulda bilir. Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək və orada çoxdan hazırlanan “Elm haqqında” Qanunun müzakirəsi gözlənilir. Bu müzakirə elmin inkişafına çox böyük töhvə ola biləcək”-deyə, millət vəkili qeyd edib.

“Hər kəs ideya istehsalçısı olsa...”

Millət vəkili Zahid Oruc yaz sessiyası bitsə də, növbədənkənar sessiyannı davam edəcəyini söyləyib. O, bildirib ki, müxtəlif qanun layihələrinin müzakirəsi, eyni zamanda hökumətin fəaliyyətinin qiymətləndirilməsi, hesabat verməsi baxımından yaz sessiyası kifayət qədər məhsuldar sayıla bilər. Deputatın sözlərinə görə, bu sessiyada cəmiyyət maraqlarına müvafiq hüquqi addımların atılması mümkün oldu: “Çox ciddi siyasi debatlar və diksussiyalar keçirildi. Ölkənin həyatı parlamentin divarları içərisinə daşına bildi. Həmçinin də fəal beynəlxaq əlaqələr fonunda Milli Məclis öz üzərində düşən missiyanı yerinə yetirməyə çalışdı”.

Zahid Oruc bu iş əmsalının daha yüksək olmasını arzu etdiyini bildirib. “Etiraf eləmək lazımdır ki, bu hamının birgə fəaliyyətindən asılıdır. Əgər 124 parlament üzvünin hər biri ideya istehsalçısı olsa, vətəndaş düşüncələrini tribunaya gətirsə, qanunvercilik təşəbbüslər ilə çıxış etsələr, hər hansı bir məsələdə münasibət bildirməkdə aktivlik göstərsə bizim arzu etdiyimiz parlamentarizm ənənə halını alar. Və ölkənin ikinci hakimiyyət qolu kimi çox fəal bir rol oynayar”.

Millət vəkili yarımçıq qalmış hər hansı layihələrin növbəti dövrdə müzakirəsi mümkün olacağına ümidvar olduğunu söyləyib. “Çünki, cəmiyyət bizdən birsıra mühim addımlar gözləyir. Bunlar ölkənin fəaliyyətində şəffaflığın artırılması, qanunçuluğun gücləndirilməsi, hüquqi aktların daha yüksək səviyyədə yerinə yetirilməsi, elm və təhsil sferasında daha iri addımların atılması, əhalinin sosial həyatıyla bağlı məsələlərə fəal şəkildə müdaxilə eləməkdir. Ən önəmlisi icra orqanlarının hesabatını dinləyərkən prinsipiallıq göstərməkdir. Mən hesab edirəm ki, bu sahədə mövcud olan nöqsanları hər birimiz görməkdəyik, qətiyyən bunu görməzlikdən gəlmək olmaz. Bunlar mövcuddur və parlamentdəki fəaliyyəimiz zamanı bunu hiss edirik. Amma bütövlükdə götürdükdə Milli Məclis olaraq, ölkənin dövlət quruculuğuna töhvə vermək baxımından işlər görülməkdədir”-deyə, Zahid Oruc əlavə edib.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov da yaz sessiyasının çox məhsuldar keçdiyini deyib. Onun sözlərinə görə, bu sessiyada lazım olan, planda tutulan bütün qanunlar qəbul olunub, bütün dəyişikliklər edilib.

“Daha sonra bir çox beynəlxaq tədbirlərdə iştirak elədik, parlament bu tədbirlərin xeyli hissəsinə ev sahibliyi elədi. Nəzərdə tutulan bütün qanunlar qəbul edildi. Mədəniyyət komitəsində xüsusi bir qanun qəbul edilmədi, çünki biz payız sessiyasında artıq “Mədəniyyət haqqında” Qanunu qəbul eləmişdik. İndi də bəzi layihələrimiz var, onları gələn sessiyada təqdim edəcəyik. Amma ümumiyyətlə, parlament çox yüksək səviyyədə bu sessiyada işlədi”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev lazım olan qanunların bu sessiyada qəbul olunduğunu söyləyib. O, Milli Məclisin qanun qəbul etməklə bağlı probleminin olmadığını söyləyib.

“Mən bunu həmişə demişəm. Ən mükəmməl qanunlar qəbul edilir. Ancaq qanunların icrası ilə bağlı böyük problemlər var. Qanunların icrası demək olar ki, normal vəziyyədə deyil. Mən həmişə onu tələb edirəm ki, icra aparatı orqanlarını, nazirlərin dəvət edək və hesabatlarını dinləyək”.

F.Quliyev qeyd edib ki, sosial yönümlü bir çox qanunlar qəbul olunmalıdır. “İnsanların həyat tərzini yüngülləşdirən, onların kredit almaqları ilə bağlı olan məsələləri, şəhid ailələrinə, yoxsulluq imkanları aşağı olan ailələrə, iş yerləri ilə bağlı olan məsələrlə bağlı layihələr hazırlanmalıdır. Hərbi məsələlər var idi ki, bunların qəbul olunmasının vacib olduğunu düşünürəm. Magistraturada təhsil alan tələbələrlə bağlı məsələ həll olunmalıdır. Düzdür, “Təhsil haqqında” Qanun qəbul olunub, amma ona ciddi əlavələr edilməlidir”-deyə, deputat əlavə edib.

Sevinc İLTİFATQIZI



Teqlər:  





Xəbər lenti