Bəstəkar və şair məmurlar... (VİDEOLAR)

Bəstəkar və şair məmurlar...  (VİDEOLAR)
  03 İyul 2015    Oxunub:21652
Tutduğu mövqedən, daşıdığı məsuliyyətdən asılı olmayaraq, hər kəsin öz maraq dairəsi və hobbisi var. Ölkəmizdə vəzifədə olan məmurlar arasında da ədəbiyyata, incəsənətə maraq göstərənlər kifayət qədər çoxdur. Kimi boş vaxtlarında şeir yazır, kimisi də mahnı bəstələyir...

AzVision.az mahnı bəstələyib, şeir yazan vəzifə sahibləri ilə bağlı kiçik araşdırma aparıb.

Bəstəkar-nazir...

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bəstəkar olması hər kəsə məlumdur. Mahnılarını əsasən “Kamal” imzası ilə bəstələyən nazirin 2009-cu ildə işıq üzü görən “Sənə güvəndiyim dağlar” adlı 4 diskdən ibarət olan albomunda “Səndən nigaranam”, “Yenə yaz gələcək”, “Xalq Heydər söyləyəcək”, “Ayrılığa dözmərəm” kimi populyar mahnıları yer alıb.



Nazirin bəstələdiyi “Xatirədir” və “İlahi” adlı mahnılarını xalq artisti Alim Qasımov səsləndirib. Hər iki musiqi tamaşaçıların rəğbətini qazanıb. K.Heydərovun mahnılarını həmçinin Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova, Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Aygün Bəylər, Röya Ayxan kimi tanınmış müğənnilər ifa ediblər.

Nazirin ən populyar bəstələrindən olan "Səndən nigaranam" adlı mahnı Azərbaycan əsilli özbək müğənnisi Nəsibə Abdullayevanın ifasında daha çox sevilib.



Milli Məclis üzvləri arasında da poeziya həvəskarlarının sayı heç də az deyil...

Hər kəsə məlumdur ki, deputat Sabir Rüstəmxanlı Milli Məclis üzvü olmaqla yanaşı, ədəbi fəaliyyətlə məşğuldur. Belə ki, S.Rüstəmxanlı "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şer kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", “Difai Fədailəri”, “Sunami” romanlarının müəllifidir.

Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunan deputat 2005-ci ildə Xalq Şairi fəxri adına layiq görülüb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov məmur fəaliyyəti ilə yanaşı şeir də yazmaq istedadına malikdir.
Dədə Şəmşir ocağının davamçısı C.Qurbanov “Dünya qəmli nağıl imiş” adlı kitabın müəllifidir.

Xanım deputat Qənirə Paşayeva yaradıcılıqla aktiv məşğul olur. Xanım deputatımız bir çox kitabların müəllifidir. Milli Məclisin xanım üzvünün yaradıcılığında əsasən şeirlər üstünlük təşkil edir. 2012-ci ildə Qənirə Paşayevanın şeirlərinə bəstələnmiş mahnı və kompozisiyalardan ibarət 2 albomun təqdimat mərasimi keçirilib. Bu albomlardan biri vətənpərvərlik mahnıların toplandığı “Turan” albomudur. Albomda “Vətən” sözünün hər bir məqamını özündə cəm edən 8 mahnı yer alıb.

İkinci albom isə “Əlvida...” adlanır və burada 16 mahnı yer alıb. 2013-cü ildə Qənirə Paşayevanın sözlərinə yazılmış mahnılar əsasında 3 musiqi albomu işıq üzü görüb. Onlardan biri sözləri Qənirə Paşayevaya, musiqiləri əməkdar artist Elza Seyidcahana məxsus olan "HƏYATA KÜSMƏ" albomudur.



Alboma 11 mahnı daxildir. Bu mahnılardan 6-na çəkilmiş və müxtəlif zamanlarda nümayiş etdirilmiş kliplər ayrıca disk şəklində albomda öz əksini tapır. Mahnıları müğənni-bəstəkar Elza Seyidcahanla yanaşı tanınmış gənc sənətçilər Ramal İsrafilov, Vüsal Hacıyev də ifa ediblər.

Qeyd edək ki, xanım deputatın sözlərinə mahnıları əsasən bəstəkar Sevinc Tofiqqızı bəstələyir.

İki xanımın birgə ərsəyə gətirdikləri mahnıları ölkənin tanınmış sənət adamları Tünzalə Ağayeva, Flora Kərimova, Səməd Səmədov, Fidan Hacıyeva, Nadir Qafarzadə, Rəşad İlyasov, Aysel Əlizadə, Aslan Hüseynov, Niyam Səlami səsləndiriblər.

Deputat Eldar Quliyev və Novruz Aslan da parlamentlə yanaşı, ədəbi yaradıcılıqla məşğul olur. Eldar Quliyev bildirib ki, onun müəllifi olduğu sözlərə deputat Novruz Aslan bir neçə dəfə mahnı yazıb. “Əsasən “Azərbaycan-Türkiyə” və cənab prezidentə həsr etdiyimiz “Sən oldun” mahnısı daha çox sevilir”.



Novruz Aslan ölkə miqayasında bəstələri ilə sevilir. Onun mahnılarını tanınmış sənətçilər ifa ediblər.

Deputat Musa Quliyev (Musa Urud) də bir çox həmkarları kimi şeir yazır. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan deputat “Nuh gəminə götür bizi”, “Tanrı şam yandırıb”, “Ömürdən 101 şer” şeirlər kitabının və bir çox elmi, bədii və siyasi publisistikanın müəllifidir.

Deputat Hüseynbala Mirələmov Milli Məclisin üzvü olmaqla yanaşı, həm də tanınmış yazıçı, ssenarist və çoxsaylı elmi, bədii əsərlərin müəllifidir. “Güllələnmiş Heykəllər”, “Durnalar qayıtdı”, “Son arzu”, “Tənha durna uçuşu”, “Simuzər” kimi əsərlər yaradıcılğının nümunələrindədndir. “Babadil əfsanəsi”, “Gəlinlik paltarı”, “Qırxıncı otaq”, “Yanan qar” romanları, “Xəcalət”, “Cəza”, “Qumru yumurtaları” povestləri, “Xəcalət”, “Vicdanın hökmü”, “Gəncə qapıları” pyesləri də deputatın yaradıcılığında xüsusi yer tutur.
Milli Məclisin yaradıcı deputatlarında biri də Aqil Abbasdır. Deputat bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar" povestlərinin müəllifidir. “Evləri köndələn yar”, “Ən xoşbəxt adam”, “Batmanqılınc”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Dolu” kitablarının müəllifidir. Milli Məclisin üzvü həmçinin “Biz qayıdacağıq” və “Dolu” filmlərinin müəllifidir.

Bakı Metropoliteninin keçmiş rəisi, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Azərbaycan Dama Federasiyasının vitse-prezidenti Tağı Əhmədov jurnalistlərlə yola getməsə də, incə ruhlu şeirlər yazmaqda mahirdir.

Belə ki, keçmiş rəisin şeirlərinə bir neçə mahnı bəstələnib. O, “Tağı Sadiq” imzası ilə tanınır. Tağı Sadiqin yazdığı şeirlərə bir sıra mahnılar bəstələnib və həmin mahnılar tanınmış müğənnilər tərəfindən ifa olunub. Onun sözlərinə bəstələnən mahnılara kliplər də çəkilib.



Rejissor Elnaz Əbluçun çəkdiyi "İlham alıram" klipində xalq artisti Mələkxanım Əyyubovanın ifaları altında Prezident İlham Əliyevin ölkədə apardığı quruculuq işlərinin geniş vüsət almasından bəhs edilir. Bu klipin musiqi müəllifi, tanınmış tarzən, xalq artisti Zamiq Əliyevdir. Mahnının sözlərinin müəllifi Tağı Əhmədovdur. 2009-cu ildə sözləri Tağı Sadiqə, musiqiləri Zamiq Əliyevə məxsus olan “Vurulmuşam” və “Tarzən” adlı albom- disklər buraxılıb.

Hakim Yeni Azərbaycan Partiyasının şərəfinə çəkilən “YAP partiyası” musiqili klipində də musiqi Zamiq Əliyevə, sözlər Tağı Sadiqə məxsusdur. Həmçinin onun yazdığı "Boş şeydi məhəbbət", “Göz yaşına dözmək olmur” adlı şeirlərə meyxanalar da bəstələnib.

Tağı Sadiqin yazdığı "Qısqanıram", "Dilin dediyini ürəyim demir", "Olaydı", "Ceyranım", "Odlanıram mən", "Gözləməsin" kimi şeirlərə də mahnılar yazılıb, kliplər çəkilib.
Polis general-mayoru, uzun illər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi işləmiş, hazırda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini olan Həsən Şirinov da yaradıcılqla məşğuldur. Həsən Kamiloğlu imzası ilə yazan polis generalının yaradıcılığının böyük bir hissəsi Heydər Əliyevə həsr olunmuş şeirlərdən ibarətdir.

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Azərbaycan - Amerika Alyansı”nın təsisçisi, Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov da musiqi bəstələyir. Belə ki, onun mahnılarını daha çox müğənni Abbas Bağırov ifa edir. Onun “Aləm gözəl” mahnısı bir müddət xitə çevrilmişdi.



Müğənni müsahibəsində bildirib ki, “Geri dön”, “Azərbaycan” mahnılarının müəllifi Anar Məmmədovdur. O, qeyd edib ki, Anar Məmmədov Xalq artisti İlhamə Quliyeva üçün mahnı yazıb, hazırda layihə üzərində iş gedir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti