`Umumilli Paz`ın adminləri kimdir? – SENSASİON ARAŞDIRMA

`Umumilli Paz`ın adminləri kimdir? – SENSASİON ARAŞDIRMA
  09 İyul 2015    Oxunub:94839
Aydındır ki, ölkəmiz dünya erməniliyi ilə üzbəüzdür, anti-Azərbaycan fəaliyyəti göstərən xeyli saytlar, səhifələr var. Facebook-da ötən ilin dekabrından fəaliyyətə başlamış “Umumilli Paz” səhifəsinə də bu qəbildən yanaşıb, üstündən keçmək olardı. Ancaq apardığımız jurnalist araşdırması bu səhifənin pərdə arxasında gizlənən simalarını üzə çıxarmasaydı.

Təəssüflər olsun ki, onlar azərbaycanlılardır. Xarici xüsusi xidmət orqanları üçün zəif xarakterli, ölkəsinə qarşı xəyanət yolu tutmuş şəxslər həmişə cəlbedicidir. AzVision.az saytının “Umumilli Paz” səhifəsi ilə bağlı uzun müddətdir apardığı araşdırmadan üzə çıxan sensasion faktlarla ictimaiyyəti tanış edirik.

Facebook-un rəsmi cavabı

İsrarlı müraciətlərimizdən sonra facebook anonim fəaliyyət göstərən “Umumilli Paz”ın adminlərinin adlarını sorğumuza göndərdiyi cavabda açıqlamalı oldu. Onlar “Movlan Aliyev” və “Ali Efandi” adlı istifadəçilərdir.



ABŞ-da küçədə soyunub “duş qəbul edən” bu şəxs Mövlan Əliyevdir. O, hələ Azərbaycan Turizm İnstitutunda oxuyandan tərbiyəsiz, qeyri-etik hərəkətlərinə görə ad çıxarmış, dəfələrlə məzəmmət, töhmət almışdı. Mövlan onu “burada başa düşmədiklərini” əsas tutaraq, sonradan ABŞ-ın Massaçusets ştatının Boston şəhərinə yol tapır.



O, sosial şəbəkələrdə bir dəfə də olsun, öz ölkəsinin xeyrinə paylaşımlar etməsə də, sığındığı ABŞ-ın ünvanına yorulmadan təriflər yağdırır, “Allah Amerikanı hifz etsin” mahnısını bölüşməklə təlimatlar aldığı xüsusi xidmət orqanlarına “sədaqət”ini nümayiş etdirməyə tələsir.



Yoldaşları arasında “Risovka” ləqəbi ilə tanınan bu şəxs isə “Umumilli Paz”ın digər adminidir. O, facebook-da da “Ali Efandi” niki ilə yazır, əsl adı isə Məmmədov Allahverdi Nəzir oğludur. Zaqatalada doğulmuş Allahverdi bir neçə il əvvəl Türkiyəyə, oradan Almaniyaya, oradan isə ailəsi ilə birgə ABŞ-a qaçıb. O da Massaçusets ştatının Breyntri şəhərində yaşayır.



Onların arxasında kim dayanır?

İlk baxışdan yenə də aydın olmur ki, bu iki azərbaycanlı gənci öz ölkəsini facebook-da “Umumilli Paz” səhifəsi açıb təhqir etməyə nə vadar edir? Azərbaycanda elektron demokratiyanın yüksək səviyyəsi, azad internet, sosial şəbəkələrin məhdudiyyətsiz fəaliyyəti, sayt açmağın sadə mexanizmi bəziləri kimi onları da hər cür təhqiramiz üslubda yazmağa, ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumatları, dezinformasiyaları tirajlamağa həvəsləndirə bilərdi. Ancaq elə bumu? Əslində, əldə etdiyimiz bu fotoşəkil sübut edir ki, xeyr!



Deşifrə

Onların hər ikisinin Azərbaycanda inqilab təşkil etmək üçün ABŞ fondlarının xəsislik etmədən külli miqdarda maliyyə ayırdıqları “N!DA” təşkilatı ilə sıx əməkdaşlıqları var. Onları Cəmil Həsənli, ABŞ-da Azərbaycan əleyhinə bütün tədbirlərin və dinləmələrin daimi iştirakçısı olan “Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda” (AZAD) təşkilatının sədri Elmar Şahtaxtinski, Qorxmaz Əsgərov, REAL-çı Altay Göyüşov yaxşı tanıyarlar. Vətənlərinə xəyanət yolu tutmuş, sosial şəbəkələrdə küçə söyüşləri ilə əxlaqsızlıq edən bu şəxslər məhz onların öz yetirmələridir.





AXCP ilə əlaqələr

Araşdırmalarımız üzə çıxarıb ki, “Umumilli Paz”ın siyasi savadı olmayan iki gənc admininin yazılarının, şərh və statusların siyasi redaktoru məhz Əli Kərimlinin yaxın silahdaşı, jurnalist Natiq Ədilovdur.



Kurator kimdir?

Daha bir sensasion fakt. Əslində “Umumilli paz”ın arxasında dayanan, bütün təlimatları verən ABŞ xüsusi xidmət orqanlarından kurator, ABŞ vətəndaşı, ötən il Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılmış Səid Nuridir. Səid Nuri müntəzəm olaraq gənclərlə görüşür, gündəlik təlimatlar verir, onlara ayrılan maliyyəni çatdırır, ABŞ-da “görməmişlik etməməyi”, “özlərini yaxşı aparmağı” tapşırır.



“Armenian Market & Bakery”in “səxavəti” nə üçündür?

Bu dəstəni ABŞ-da yaxından tanıyan şəxslərdən əldə etdiyimiz məlumatlara görə, Səid Nuri gənclərlə görüşlərin birində Mövlan və Allahverdiyə ABŞ-da fəaliyyət göstərən ermənilərin məşhur “Armenian Market & Bakery”nin market və restoranlar şəbəkəsinin kartlarını da təqdim edib. Bu kartlarla bu iki azərbaycanlı gənc “Armenian Market & Bakery”nin market və restoranlar şəbəkəsində istənilən qədər yeyib-içə, alış-veriş edə bilərlər. Mövlan Əliyev öz facebook səhifəsində yoldaşlarını başına yığıb buraya getməkdən utanmadan yazır.



Sual olunur, ABŞ-dakı erməni diasporu Səid Nuri və onun “əlaltıları”nı nə üçün alış-veriş, yemək-içmək üçün pulsuz kartlarla təmin etsinlər? Əlbəttə, bütün bunlar aysberqin yalnız görünən hissələridir. Səid Nuri bu pulsuz yeyib-içməklərə illər öncə hələ Gürcüstanda erməni xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşəndən öyrəşib.

Bəli, artıq təəccüblü gəlmir ki, əvvəllər “Kürdəxanı” adı ilə fəaliyyət göstərən “Umumilli paz” səhifəsi açılandan cəmi bir neçə dəqiqə sonra niyə onu bəyənməyi sosial şəbəkələrdə təbliğ edən məhz Səid Nuridir!

Ailə biznesi – saxta “siyasi mühacirlik”

Araşdırmalarımız göstərir ki, əslində anti-Azərbaycan fəaliyyətinə bu şəbəkə ailəlikcə “siyasi biznes” kimi qoşulub. Allahverdinin atası Nəzir Məmmədov da ölkədən qaçmış birisidir, oğlu ilə yanaşı, qardaşı oğlu da “siyasi mühacir”dir. Bəli, “NATO Əməkdaşlıq İnstitutu” adlı QHT açıb xaricdə fəaliyyət göstərən Fərrux Məmmədov məhz Allahverdinin əmisi oğludur və özünün facebook səhifəsində bu mövqeyə yüksəlməsinə görə əmisi Nəzirə minnətdar olduğunu gizlətmir, onu “boss” adlandırır.



Meydan TV-nin “kanalizasiya”sı

Nəzir Məmmədov hazırda Almaniyada yaşayır. O, “siyasi tusovka”da spekulyant kimi tanınır, Meydan TV ilə “Umumilli paz”ı əlaqələndirən şəxslərdən biridir.



Təsadüfi deyil ki, Emin Milli bu ilin fevralın 19-da Praqada “People in Need”in törəmə təşkilatı olan “Prague Civil Society” təşkilatının tədbirində ABŞ-ın NED fondundan “onların geniş fəaliyyətini” dəstəkləmək üçün pul istəmişdi. Görünür, bu maliyyə də tam təyinatı üzrə sərf olunmadığından elə həmin ay “Umumilli paz” səhifəsi üçün alınmış “umumillipaz.com” domeni işə düşmədi.



Pərdə qalxır

Beləliklə, əslində, hər şey aydındır. “Umumilli paz” adminlərinin niyə ermənilərə casusluqda ittiham edilərək həbs edilən Leyla və Arif Yunusları dəstəkləmələri də, Xədicəyə qahmar çıxmaları da, Meydan TV-nin materiallarını yaymaları da.

AzVision.az olaraq facebook-da səhifə açıb ayrı-ayrı şəxslərin, sosial qrupların, ictimai-siyasi, dövlət xadimlərinin şərəf və ləyaqətlərini təhqir edənlərin əsl simalarını oxuculara təqdim etdik. Təsadüfi deyil ki, bu cür səhifələrin yaradıcıları əməllərinin hüquqi məsuliyyət yaratdığını yaxşı bildiklərindən öz adları ilə çıxış etmir, gizlənir, hər vəchlə anonim qalmağa çalışırlar. Yəqin ki, bundan sonra onlar daha gizlənə bilməyəcəklər. Real həyatda üç nəfəri belə arxasınca aparmaq qabiliyyətində olmayanların birdən-birə sosial şəbəkələrdə “qəhrəman”a çevrilməsinin arxasında məhz bu cür iyrənc əməllər dayanır.

“Ay alan, məmləkəti-Azərbaycan satıram”...

Onlar üçün ümummilli heç bir maraq yoxdur, onlar Azərbaycanın bütün ümummilli problemlərinə dırnaqarası baxır, zəif xarakterləri ucbatından xarici xüsusi xidmət orqanlarının oyuncağına çevrilir, xarici ölkələrdə gəzib-əylənir, boş vaxtlarında isə facebook-a girib Azərbaycanı söyür, millətlərini, dövlətlərini təhqir edir, milli heysiyyatlarını sataraq “cib doldururlar”.

Təəssüflər olsun ki, Azərbaycanın xarici ölkələrdə başını uca edən, fədakarlıqla güclü Azərbaycan naminə çalışan minlərlə gəncimizin sıralarında bu cür ümummilli xəcalət ünvanı olanlara da rast gəlinir.

AzVision.az


Teqlər:  





Xəbər lenti