Bir il düşmən əlində: Kəlbəcər girovlarını tək qoymayaq!

Bir il düşmən əlində: Kəlbəcər girovlarını tək qoymayaq!
  10 İyul 2015    Oxunub:11453
`Cəmi 5 il dözə bildi həsrətə Dilqəm. 1998- ci ildə Kəlbəcərə getdi, doğulduğu Şaplar kəndini qarış-qarış gəzdi, güldü, ağladı, sevindi, kədərləndi, otların üstünə uzanıb yatdı, uşaqlığına, gəncliyinə qovuşdu… Ata-anasının qəbrini ziyarət edib, yenə gələcəyinə söz verdi… Sözünü tutdu da. Hər il baharla birgə gəldi onların ziyarətinə. Sonuncu dəfə özü ilə iki dostunu da gətirdi. Onları dağıdılmış evinin quru divarları arasında qonaq etdi… Və bir gün…

Bir il əvvəl – 2014-cü il iyulun 11-də 3 nəfər azərbaycanlı Ermənistanın işğal etdiyi Azərbaycanın Kəlbəcər rayonunda girov götürüldü. Onlardan Həsən Həsənov öldürüldü, Dilqəm Əsgərov və Şahbaz Quliyev isə separatçı rejim tərəfindən hələ də girov saxlanılırlar.

Düz bir il keçir...

Oktyabr ayının 27-də Dağlıq Qarabağı işğal altında saxlayan separatçı rejim Xankəndində azərbaycanlı girovların üzərində qondarma “məhkəmə” prosesi təşkil edərək, heç bir hüquqi qüvvəsi olmayan yalan “qərarlar” çıxararaq, 55 yaşlı Dilqəm Əsgərovu ömürlük, 47 yaşlı Şahbaz Quliyevi isə 22 il müddətinə girovluğa məhkum etdilər. Halbuki, azərbaycanlı girovların yeganə “günahı” doğmalarının məzarını ziyarət etmək üçün özlərinin doğulub-böyüdükləri torpağa – rəsmən Azərbaycan ərazisi olan Kəlbəcərə getmələridir. İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz.



Aydındır ki, azərbaycanlı girovların “erməni yeniyetməni öldürməsi” ittihamı da uydurmadır. Bu, ictimai rəyə təsir etmək üçün bəhanə də sayıla bilər. Ermənilərin bu cür təxribatları az olmayıb. Xatırladım ki, hələ 1967-ci ildə də azərbaycanlılar bir ermənin qətlində ittiham olunurdu və buna cavab olaraq ermənilər bir avtomobilə hücum edərək, 3 azərbaycanlını öldürmüşdülər. Sonralar məlum oldu ki, həmin ermənini doğma dayısı öldürübmüş.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin Xankəndində qanunsuz məhkəmə tərəfindən mühakimə edilməsi heç bir beynəlxalq və milli qanunvericiliyə uyğun deyil. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil, qərəzsiz məhkəmə vasitəsilə, müəyyən müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycanlılar üzərində qurulan qanunsuz "məhkəmə" iclasından videolar da var. Videoda Dilqəm və Şahbazın məhkəmə zalına gözübağlı gətirildiyini görürük. Qeyd edək ki, təqsirləndirilən şəxsin məhkəmə zalına gözübağlı gətirilməsi bəri başdan onun müdafiə imkanlarının məhdud olacağını bildirir.



Bütün bunlar azmış kimi separatçı rejim girovların “apelyasiya şikayətinə” baxılmasını Xocalı faciəsi gününə salaraq bir daha Azərbaycan xalqının hissiyyatına toxunmuşdu.

Bu bir ildə girovların müdafiəsi ilə bağlı beynəlxalq kampaniya təşkil olunsa da, Beynəlxalq təşkilatlar və Minsk qrupunun üzv-dövlətləri isə hələ də Ermənistanın Azərbaycana qarşı bu cür mövqeyinə, Dilqəm və Şahbazın taleyinə biganə qalıb və təcavüzkar ölkəyə qarşı silsilə bəyanatlarla kifayətləniblər.

Əslində bu qurumlar yaxşı bilirlər ki, hazırkı erməni rəhbərliyi bizim oradakı əsirlərdən fərqli olaraq, real təcavüzkarlıqla və kütləvi insan qırğınları ilə məşğul olublar. Ermənistan dövləti, 1993-cü ildən beynəlxalq humanitar hüquqa görə, “müharibə hüququ” adlanan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasına qoşulmasına baxmayaraq, həmin Konvensiyadan və ona əlavə protokollardan irəli gələn müddəaları kobud şəkildə pozub və pozmaqda davam edir.

Mülki Əhalinin Qorunması Haqqında 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının II bölməsinin 34-cü maddəsinə görə, müharibə zamanım girov götürülməsi qadağandır. 25-ci maddəsinə görə isə, girov götürülmüş şəxs harada olduğu haqqında ailə üzvlərinə məlumat göndərə bilər. Lakin bir ildir ki, Dilqəm və Şahbazın ailə üzvləri və yaxınları onların haqqında dəqiq məlumat belə ala bilmirlər.



BMT Baş Məclisinin 1948-ci il 10 dekabr tarixli İnsan Hüquqları Haqqında Bəyənnaməsinin 1, 3, 4, 5 və 6-cı maddələri, erməni terrorçularının azərbaycanlılara qarşı törətdikləri əməllərə görə beynəlxalq hüquqla hesablaşmadığını sübut etmək üçün kifayətdir. Bu kimi hüquq pozuntularının cavabını verməli olan qurumlar, nədənsə Ermənistanın cavabını vermirlər.

Xankəndində Dilqəm Əhmədov və Şahbaz Quliyev üzərində qurulmuş saxta məhkəmə prosesinə qarşı biz azərbaycanlılardakı hiddət və qəzəb nə qədər başadüşüləndirsə, Şahbaz və Dilqəmin vəkillə təminatı, onların hüquqlarının qorunması üçün beynəlxalq təşkilatlardan yardım istəmək də bir o qədər təbiidir. Bunu anlamaq Avropa İnsan Hüquqları Məhkəməsi üçün elə də çətin olmamalıdır.

Lakin insan hüquqlarının “keşiyində duran” Avropa İnsan Hüquqları Məhkəməsi bu insanların taleyini nəzərə almağı lazım bilməyib və onların qohumlarının şikayətini prioritet qaydada qəbul etməkdən imtina edib.

Bütün məsələlərin həllində demokratiyadan, tolerantlıqdan dəm vuran həmin beynəlxalq qurumlar faktiki olaraq Azərbaycanda öz öhdəliklərini yerinə yetirmir və hətta bütün məsələlərin həllində dini ayrıseçkilik etməkdən belə çəkinmirlər. Ermənistan xristian dövləti olduğu üçün bütün qərarlar mahiyyətinə varılmadan onların lehinə qəbul edilir. BMT-nin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasıyla bağlı qəbul etdiyi 4 qətnamə hələ də həyata keçirilmir. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanda faktiki olaraq fəaliyyətsizdir, yəni Ermənistan mövqeyindən çıxış edir. BQXK, I Qarabağ müharibəsi zamanı da əsir və girov götürülmüş azərbaycanlıların siyahısını tərtib etmişdi. Siyahıda adları çəkilən yüzlərlə azərbaycanlı əsir və girovlar hələ də qaytarılmayıb. Onların təhlükəsizliyi məhz BQXK tərəfindən təmin olunurdu. Bəs hanı həmin əsir və girovlarımız? 22 ildən çoxdur ki, yurd həsrəti ilə yaşayan 3 nəfər soydaşımıza öz torpaqlarında «diversant» donu geyindirilməsi barədə BQXK-nın bir dənə belə bəyanat və ya tutarlı fəaliyyət yoxdur.

BQXK nümayəndələr, işğal olunmuş ərazilərimizdə həbsxanalarda saxlanılan əsir və girovlarımıza Azərbaycan dilini bilən erməni tərcüməçi ilə baş çəkirlər, halbuki, əslində tərcüməçi neytral ölkədən olmalıdır. (Əgər əsir ona verilən işgəncələrdən, ac-susuz saxlanıldığından, ona verilən humanitar yardımın erməni nəzarətçiləri tərəfindən əlindən alındığından şikayət edərsə, görüşdən sonra tərcüməçi onun dediklərini ermənilərə çatdırar, bundan sonra ona daha ağır işgəncələr verərlər.) Lakin, Azərbaycan tərəfə keçən erməni əsirlərə baş çəkməyə gələn BQXK nümayəndələri hər zaman erməni dilini bilən neytral ölkədən olan tərcüməçi ilə gəlirlər. Yenə də ikili mövqe!

Bu gün BQXK-nın Azərbaycan Nümayəndəliyi ancaq ermənilərlə tərəfdaşlıq edən, Azərbaycan dövlətçiliyinə qarşı çıxan və ya tamam başqa istiqamətdə fəaliyyət göstərən QHT-lərlə əməkdaşlıq edir.



O ki qaldı QHT-lərə, bu kimi hallarda nüfuzlu beynəlxalq donorlardan bahalı qrantlar alan və bu qrantlar sayəsində 3-cü ölkələrdə ermənilərlə görüşlər keçirən, QHT sədrləri və hüquq müdafiəçiləri hər zaman olduğu kimi indi də susurlar. Qorxurlar ki, sonra ermənilərin havadarları onları maliyyələşdirməz!

Azərbaycanın çörəyini yeyib, suyunu içən, erməni toylarında badələr qaldıran, Qarabağda ölmüş erməni terrorçularının qəbirlərini ziyarət edən “xalq diplomatiyası” adı altında ermənilərdən maliyyələşən hüquq müdafiəçilərinin, Azərbaycanda az qala hər kəsi qanunları pozmaqda günahlandıranların səsi gəlmir.

Təəssüf ki, bu gün Azərbaycanın dünyada yüksələn beynəlxalq imicindən narahatlıq keçirən qüvvələrin alətinə çevrilən QHT –lər Dilqəm və Şahbazın deyil, yunusların müdafiəsinə qalxıblar. Bütün bunlar insan haqlarının və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır.

Biz də AzVision.az olaraq hadisənin ildönümü ərəfəsində vətənini sevən hər kəsə müraciət edərək, susmamağa, haqsız yerə öz Vətənində girov saxlanılan iki insanın hüquqlarının tapdalanmasına yol verməməyə çağırırıq! Əks təqdirdə işğalçı erməni hökuməti öz siyasi maraqları naminə girovluqda olan soydaşlarımıza istənilən cinayət libasını geyindirməyə çalışacaq.

Səsinizi beynəlxalq təşkilatlara çatdırmaq üçün Twitter-də paylaşımlar zamanı bu təşkilatların adlarını haştaqlarda qeyd edin:
#PACE
#OSCE
#CoE
#HRH
#HRW
#HRF
#IindexofCensorhip
#FIDH
#OMCT
#FreedomHouse

Həmçinin facebook-da etirazlarınızı bu beynəlxalq qurumların səhifələrində bildirə bilərsiniz:

https://www.facebook.com/pages/Parliamentary-Assembly-of-the-Council-of-Europe/163420280474187
https://www.facebook.com/osce.org
https://www.facebook.com/pages/Council-of-Europe/42276542714
https://www.facebook.com/HumanRightsWatch
https://www.facebook.com/IndexOnCensorship
https://www.facebook.com/Human.Rights.Movement
https://www.facebook.com/FreedomHouseDC

Əsas odur ki, susmayaq! Çünki girovluqda olan vətəndaşlarımızın son ümid yeri bizik. Ona görə də, bizim susmağa heç bir haqqımız yoxdur!

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti