`Qəbələ` qələbəyə məhkum idi

`Qəbələ` qələbəyə məhkum idi
  24 İyul 2015    Oxunub:2963
Azər Sarıyev

Futbol bilicisi sayılmıram və idmanın bu sahəsi barədə məlumatım azarkeş dostlarımın yanımda danışdıqlarının on faizindən artıq ola, ya olmaya. Ölkə futbolunu da təqib etmirəm və milli çempionatda yarışan komandaların maddi-texniki və oyunçu arsenalı haqqında təsəvvürüm belə yoxdur. Yeganə “Qarabağ” klubu əcnəbilərlə oynayanda dostlar lütf edib bilet götürürdülərsə, onun oyununu, xüsusən də qələbə qazandığı oyunlarını stadionda izləmək keyfini yaşamışam.


Belə bir keyfi və sevinci növbəti dəfə “Qəbələ” yaşatdı. İdman mütəxəssisi olmadığımdan klubun oyunu barədə yazmayacağam. Amma “Qəbələ” Fan Klubu barədə yazmağı borc bilirəm.

Söhbət bu Fan Klubun sevimli komandasına necə coşqu və sevgi ilə azarkeşlik etməsindən, həvəsləndirməsindən getmir. Belə fan klub azarkeşləri başqa klublarda da kifayət qədərdir. Amma bu qədər millətsevər, vətənpərvər bir azarkeş KOMANDAsına ilk dəfə idi rast gəlirdim. Yəni Azərbaycanın şimalında ilk dəfə. Belə içdən gələn Millət və Yurdsevər şüarlarla hayqıran, Uca Millət və Böyük Vətən sevgisini sevimli, doğma klub sevgisinə qarışdıran tək Fan Klub “Traxtur”u görmüşük. Vətənin Güneyində.

“Qəbələ” FK-nın əvvəlki oyunda qaldırdığı xəritəyə görə qınamış və həmin hərəkəti təxribat adlandırmışdılar. Amma əslində əksəriyyəti yeniyetmələrdən ibarət olan Fan Klubun üzvləri gürcü millətəçilərinin Tiflisdəki oyunda stadionda həyata keçirdikləri antiAzərbaycan aksiyasına cavab vermişdilər. Bizim kosmopolitbaşlar da buna etiraz etmişdilər.

Yeri gəlmişkən, haşiyə çıxım ki, tarixlərini yaddan çıxaran və qan yaddaşları olmayan manqurtlar unudurlar ki, erməni və rus millətçilərinin oxşar hərəkətlərini cavabsız qoya-qoya boynumuza mindirdik. Tarix dərsləri ilə qiymətlidir. Görünür, Fan Klubun idarəçisi də vətən tarixindən xəbərdar birisidir.

Bu gənclərin də uyğun cavab vermək haqları idi. “Bakcell Arena”dakı son oyunda da göstərdilər ki, onlar qonşularından fərqli olaraq özgəsinin torpağına oğru pişik arzusu ilə baxmaq kimi kiçik hisslərlə yaşmırlar. Bu özəl fanatlar timinin manqal ürəkərində daha böyük ideal - Bütöv və Böyük Azərbaycan var. “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!” deyə hayqırırdılar.

Bir rayonda bu qədər sözün böyük mənasında Vətənçi və Millətsevər yeniyetmənin toplanması da təəccüb doğurur. Paytaxtlarda, meqapolislərdə ölkənin müxtəlif yerlərindən gəlmiş eyni fikirli insanların, passionarların bir yerə toplanması, hansısa təşkilatda birləşməsi bilinən siyasi, sosial cəmiyyət hadisəsidir. Amma rayon yerlərində belə hadisələr çox nadir hallarda və xüsusi sosial-siyasi sifariş olarkən, tarixi şərait yetişəndə baş verir. Normalda isə belə millət və böyük vətən məhəbbəti ilə alışan gəncləri yetişdirərək bir komandaya cəlb etmək gərgin əmək və təmənnasız həvəs, içdən gələn istək tələb edir. “Qəbələ” Fan Klubunun yaradıcı və idarəçisi kimdirsə, məhz belə bir adamdır.

Yazının əvvəlində qeyd etmişdim ki, mütəxəssis olmadığımdan komandanın oyunu barədə yazmayacağam. Amma vədimə xilaf çıxıb bur neçə kəlmə yazmaq istəyirəm. Belə Fan Klubu və odlu-alovlu, Yurd, Millət sevgisi ilə aşıb daşan şüarlar hayqıran Fan Klubun dəstəklədiyi komanda qələbə qazanmalı idi və qazanmalıdır. . “Qəbələ” Qələbəyə məhkum idi və məhkumdur! Azərbaycan Böyük Qələbəyə məhkum olduğu kimi.


Teqlər:





Xəbər lenti