İlham Əliyev: “Onların dayaqları xalq deyil, xaricdən verilən pullardır ”

İlham Əliyev: “Onların dayaqları xalq deyil, xaricdən verilən pullardır ”
  07 İyun 2013    Oxunub:1407
“Əsas məqsəd iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması və sənayeləşmə prosesinə nail olunmasıdır”.
Yeni Azərbaycan Partiyasının 5-cu qurultayında çıxış edən Prezident İlham Əliyev ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayan partiyanın qərarlarının Azərbaycanın inkişafına tövhə verdiyini bildirib.

AzVision.az AzTV-nin rəsmi saytına istinadən xəbər verir ki, Cənubi Qafqazın ən böyük partiyası son 20 ildə ölkədə keçirilən bütün seçkilərdə böyük üstünlüklə qələbə qazanıb.

Dövlət başçısı qeyd edib ki, xalq partiyası olan YAP bütün təbəqələri birləşdirir və ötən qurltaydan sonra partiya üzvlərinin sayı artaraq 600 mini keçib. 1992-ci ildə YAP-ın yaradılmasını tarixi hadisə adlandıran prezident İlham Əliyev o illərdə Heydər Əliyevin ətrafında birləşən xalqın onu dəstəklədiyini vurğulayıb.

Qeyd edib ki, Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqda böyük ümidlər yaradıb. Bununla yanaşı, Azərbaycanda çox ciddi siyasi qüvvənin meydana gəlməsi ilə müasir siyasi sistemin də əsası qoyulub. YAP-ın müstəqilliyimizlə yaşıd olduğunu deyən prezident İlham Əliyev 1993-cü ildən ölkədə aparılan işlərin, görülən tədbirlərin bugünkü reallıqları təmin etdiyini diqqətə çatdırıb. Əsas ideolojoi dayaqları müstəqillik, azərbaycançılıq, sosial inkişaf, siyasi və iqtisadi islahatlar olan YAP-ın mövcud olduğu dövrdə ölkəmizin sürətli inkişafa nail olduğunu, Azərbaycanın xarici siyasətində bir çox uğurlara imza atdığını deyən prezident İlham Əliyev indi ölkəmizin dünyada etibarlı imic qazandığını bildirib.

Bu prosesdə YAP-ın böyük rolunun olduğunu deyən İlham Əliyev qeyd edib ki, YAP-ın mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti nəticəsində ölkəmiz bütün sahələrdə daha böyük nailiyyətlər qazanır. Onun sözlərinə görə, bunu son 10 ilin göstəriciləri də təsdiqləyir. Son illərdə Azərbaycan beynəlxalq aləmdə yüksək zirvələri fəth edib, ölkəmiz BMT TŞ-nin üzvü olub. Bu gün Azərbaycan qlobal problemlərin həllində mühüm rol oynayır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin həllində mühüm faktordur. “Xarici siyasətdə qazanılan uğurlar daxildə də uğurlu siyasətin aparılmasına imkan verir” deyən prezident iqtisadi sahədə qazanılan naliyyətlərin ölkənin parlaq gələcəyinin planlaşdırılmasına imkan verdiyini bildirib.

Prezident qeyd edib ki, hazırda əsas məqsəd iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması və sənayeləşmə prosesinə nail olunmasıdır. Gələn ildən regionların inkişafı ilə bağlı növbəti 5 illik proqramın icrasına başlanacağını deyən dövlət başçısı ölkədə yeni, müasir infrastrukturun qurulması ilə bağlı işlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

“Bizim nailiyyətlərimizin təməlində Heydər Əliyev siyasəti dayanır” deyən Prezident İlham Əliyev vurğulayıb ki, dövlətimizin yürütdüyü siyasətin mərkəzində duran əsas qüvvə Azərbaycan vətəndaşıdır. Dövlət başçısı onu da bildirib ki, dövlətimizin siyasi sisteminin sütunu olan YAP ölkəmizdə siyasi islahatların aparılmasında mühüm rol oynayır. Buna görə də, YAP-ın siyasi səhnədə ciddi rəqibi yoxdur. “Müstəqillik bizim üçün ən böyük sərvətdir” deyən dövlət başçısı bu gün tam müstəqil siyasət yürüdən ölkəmizdə mövcud olan siyasi qüvvələrin dövlətçiliyə sadiq qalmasının vacibliyinə diqqət çəkib. O, hamımızın amalının qüdrətli Azərbaycan yaratmaq olduğunu bildirib.

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində toxunan dövlət başçısı bu məsələ ilə bağlı dövlət siyasətinin YAP-ın da həyata keçirdiyi siyasətin təməlində dayandığını bildirib. Qeyd edib ki, əzəli Azərbayan torpağı olan Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq və Azərbaycan Qarabağın işğalı ilə heç vaxt barışmayacaq. Prezident İlham Əliyev Azərbaycanda demokratiyanın inkişafının bundan sonra da diqqətdə saxlanacağını bəyan edib.

AzVision.az



Teqlər:  





Xəbər lenti