Adları `Qızıl kitab`a düşən qızlar - Onlar kimdir? (Müsahibə)

Adları `Qızıl kitab`a düşən qızlar - Onlar kimdir? (Müsahibə)
  28 İyul 2015    Oxunub:26300
“Anam bu xəbəri mənə deyəndə, inanmadım...”

Bu iki məktəbli qızı bəlkə də çoxlarınız tanımırsınız. Onlar xüsusi istedad və bacarıqlarına görə, prezident İlham Əliyevin sərəncamı ilə adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na salınan və fərdi təqaüdə layiq görülən Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdləri Cəmilə Əsgərzadə və Çinarə Əzimovadır.

Hər iki gənc hazırda skripka ixtisası üzrə təhsil alır.

- Çinarə ilk olaraq səni tanıyaq.



-2002-ci ildə Bakı şəhərində anadan olmuşam. Uşaq vaxtlarımdan skripka ilə məşğul oluram. İndiyədək bir çox yarışlar, müsabiqələrdə iştirak etmişəm.

Qeyd edə bilərəm ki, 2009-cu ildə M. Rastropoviç adına Gənc İfaçıların Birinci Bakı Müsabiqəsinin lauriatı olmuşam. 2011-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olmuşam.

2012-ci ildə vokal ixtisası üzrə SSR xalq artisti Bülbülün anadan olmasının 115-illiyinə həsr olunmuş Musiqi Festivalının qalibiyəm.

2013-cü ildə isə Estoniyanın Koxtla -Yarve şəhərində keçirilən gənc vokalçıların 8-ci Beynəlxalq Müsabiqəsində Qran-pri mükafatına layiq görülmüşəm.

2013-cü ildə həmçinin, Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş gənc ifaçıların 2-ci Respublika müsabiqəsində vokal ixtisası üzrə laureat olmuşam.

2014-cü ildə isə Moskva şəhərində keçirilən “Beynəlxalq uşaqların müdafiə günü” nə həsr olunmuş tədbirdə Kremlin Georgiyevski zalında Rusiyanın Prezident orkestri ilə çıxış etmişəm.



Daha sonra 2014-cü ildə Sankt-Peterburqda görkəmli opera müğənnisi Yelena Obraztsova adına gənc vokalçıların 5-ci Beynəlxalq müsabiqəsi və ispan vokal ustadı Konçita Badianın xatirəsinə həsr olunmuş Kamera Musiqisi Beynəlxalq müsabiqəsində Azərbyacanı təmsil etmişəm.

Həmin müsabiqədə münsiflər heyətinin qərarı ilə 2-ci yerə layiq görüldüm.

- Əvvəlcədən adınızın gənc istedadlıların qızıl kitabına düşəcəyini gözləyirdinizmi?

- Xeyr, gözləmirdik. Xəbəri ilk dəfə məktəbimizin direktorundan aldıq. Bizim üçün də sürpriz oldu, sevincimin həddi - hüdudu yox idi.

- Sinif yoldaşların necə, bu sevincini bölüşdülərmi?

- Əlbəttə onlar da çox sevindilər.

- Belə bir istedadlı gənclərin olduğunu prezindetə kim təqdim etmişdi?

- Məktəbimizin direktoru Teymur Göyçayev.

-Cəmilə, özün haqqında sən də bizə məlumat verərdin...



-Hazırda 15 yaşım var. Profesional musiqi ilə 10 yaşımdan məşğul olmağa başlamışam. Mənim nənəm də musiqiçidir, uşaq yaşlarımdan mənə musiqini sevdirən, əlimdən tutub konsertlərə aparan, musqinin ecazkar dünyasını başa salan nənəm olub. O konservatoriya məzunudur və dahi Üzeyir bəyin zamanında tələbə olub.

Üzeyir Hacıbəyovla canlı ünsiyyətdə olan nənəmin bu dahi insanla bağlı söhbətlərinə böyük həvəslə qulaq asmışam.

Paralel olaraq bu gün mənim bu səviyyəyə gəlməyimdə müəlliməm, əməkdar müəllim, professor Fatimə İdyatulinanın əvəzsiz zəhməti var. Getdiyim bütün ölkələrdə onun işi həmişə yüksək qiymətləndirilib və hər zaman ona məni belə yüksək səviyyədə yetişdirdiyi üçün təşəkkürlərini çatdırmamı istəyiblər.

-Uğurların haqqında nə deyə bilərsən?

-İlk böyük uğurum 2010-cu ildə Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbləri arasında gənc ifaçıların 2-ci Respublika müsabiqəsinin laureatı olmağım olub.

2013-cü ildə Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən “İstedadlı Uşaqlar festivalı-2013” diplomu ilə təltif olunmuşam.

2014-cü ildə isə Paris konservatoriyasında keçirilən beynəlxalq “Flame 2014” müsabiqəsində “Priz special points 95 ” yəni, birinci yerdən də üstün yer tutdum.

2014-cü ildə isə “ ilin gənc musiqiçisi” adını almışam. Həmçinin, Spivakovun festivalına dəvət olunmuşam. 2012və 2013-cü illərdə iki il dalbadal onların konsertində iştirak etmək üçün getdim. Birinci il video çəkiliş göndərib seçilmişdim. İkinci il isə Spivakov tərəfindən yenidən çağrıldım. Orada da laureat adını qazandım.

Hazırda İsveçrədə bir orkestrdə Azərbaycanı təmsil edirəm. Orada bu işlə məşğul olan ilk azərbaycanlıyam. Orkestrdə fərqli ölkələrdən musiqiçilər var. Onlarla birlikdə xarici ölkələrə qastrol səfərlərinə gedirik. Bu ilin qışında isə Honkonq, Sinqapur və İsveçrədə konsert vermişik.

- Ölkə başçısı tərəfindən təltif edildin. Belə bir sərəncamı gözləyirdinmi?



- Dərsdən evə yenicə qayıtmışdım. Məşqlərə hazırlaşırdım. Birdən anam otağa daxil olub xəbəri sevincək mənə verdi. Düşündüm ki, zarafat edir. Sözün açığı inanmadım. Sorğu sual etməyə başladım. Sonra inandım ki, doğurdan da fərdi təqaüdə layiq görülmüşəm və adım həmin kitaba düşüb.

- 25 yaşınıza qədər 300 manat fərdi təqaüd alacaqsınız. Öncədən planlaşdırmısınızmı nəyə xərcləyəcəksiniz bu pulu?

Cəmilə: Mən təzə bir skripka almaq üçün pul yığa bilərəm. Və ya gələcəkdə müsabiqələrdə iştirak etmək üçün istifadə edəcəyəm.

- Çinarə : Musiqi ilə bağlı planlarıma, layihələrə xərcləyəcəm.

- Çinarə səndə musiqiyə bu qədər bağlılıq hardan gəlir?

- Mənim anam da musiqi sahəsindədir. O mənə vokaldan dərs deyir. Həmçinin atam da musiqiçidir. O, Bakıda 28 nömrəli musiqi məktəbinin direktorudur.



-Gələcək planlarınız nədir? Daha hansı əsərləri ifa etməyə iddialısınız?

Cəmilə: Əsər olaraq böyük konsertlərdə, simfonik orkestrlərdə ifa etmək, xaricdə Azərbaycanı təmsil etmək, bir skripkaçı olaraq Paqaninin 24 kaprisinin hamısını ifa etmək istəyirəm. Və ya böyük skripka konsertlərini 3 hissəli olaraq xaricdəki və Azərbaycandakı orkestrlərlə ifa edə bilmək ən böyük arzularımdan biridir. Eyni zamanda Stradivari, Qivarneri skripkalarında çala bilmək də mənim üçün böyük uğur olardı.

Mən bu ilin mart ayında Stradivari skripkaların eksperti Klod Lebe ilə tanış oldum.

O, Bakıya 1 milyonluq skripkaları ilə gəlmişdi. Mən ona assisentlik etdim. Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə onun düzəltdiyi skripkada ilk ifa edən mən oldum.

Çinarə: Mən də xaricdə master-klass keçmək, böyük əsərləri çalmaq, konsertlər təşkil etmək, tanınmışlar kimi böyük səhnələrdə ifa etmək , müəlliməm olan xalq artisti Zara Quliyeva kimi uğurlar qazanmaq istəyirəm.

Bu bütün Azərbaycan xalqının uğurudur. Biz iki qıza verdiyi dəyərə görə prezidentə minətdarlığımızı bildiririk.

- Azərbaycanda bu sahə üzrə sizin üçün ideal musiqçi kimdir?

Cəmilə: Orkestrimizn dirijoru Teymur Göyçayev. Həmişə ona baxanda, istəyimiz bir az da artır. Hətta mənimlə bağlı hazırlanan televiziya verlişlərindən birində o bildirmişdi ki, məni böyük səhnələrdə görür.

Daha sonra Fərhad Bədərbəyli, Murad Adıgözəlov ilə bir səhnədə çıxış etmək istəyərdim. Xaricilərdən isə Zaxarbronu qeyd etmək olar. O dünyada bir nömrəli skripka müəllimdir. Mən onun tələbələrinin birindən hazırda dərs alıram.

- Musiqidən kənar məşğuliyyətləriniz varmı?
-
Çinarə: Xeyr, dərslər, məşqlər buna imkan vermir.

Cəmilə: İndi sadəcə meditasiya ilə məşğul oluram.

Şahanə Rəhimli
Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti