Goreşenlərin bayramı: Jurnalistin ölümünü siyasətə çevirənlər

Goreşenlərin bayramı: Jurnalistin ölümünü siyasətə çevirənlər
  11 Avqust 2015    Oxunub:8144
Hansı daha dəhşətlidir: bir jurnalistin döyülərək öldürülməsi, yoxsa bu ölümdən tam əsassız şəkildə Azərbaycana qarşı istifadə olunması? Siyasət və mediadakı goreşənlər qrupu üçün belə mənəvi-etik suallar maraqlı deyil; əsas budur ki, ölkəyə qara yaxmaq üçün ortada daha bir bəhanə var.

Düzdür, mərhum Rasim Əliyev jurnalist idi, amma nə qədər faciəli olsa da, onun ölümünün media və jurnalistikaya, söz azadlığına birbaşa dəxli yoxdur. Necə ki, sabah hansısa oteldə bir konsyerj, məsələn, kiməsə sataşmaq üstündə bıçaqlansa, bunun Azərbaycanda turizmlə birbaşa əlaqəsi olmayacaq; necə ki, hansısa ticarətçi öldürülsə bunun ölkənin ticarət balansı ilə, hansısa fermer əzişdirilsə, bunun kənd təsərrüfatı ilə bağlılığı olmayacaq. Bu, məhz o haldır ki, `əti milçəkdən ayırmaq lazımdır`.

Rasimin döyülüb öldürülməsi dəhşətlidir, bağışlanmazdır, qudurğanlıqdır, amma dövlətin və ölkənin üzərinə yüklənəcək bir cinayət deyil. Bu hadisəni əsla və əsla ölkədə söz və media azadlığı kontekstində dəyərləndirmək olmaz. Bu, iki nəfərin öcəşməsi nəticəsində ikincinin qudurğanlıq edərək, həddini aşması üzündən yaşanan məişət cinayətidir. Dövlətin bu durumdakı borcu günahkarın qanuna uyğun şəkildə cəzalandırılmasıdır ki, proses ən yüksək səviyyədə gedir. Qalan məqamları isə cəmiyyətdə - yəni özümüzdə axtarmalıyıq.

Faciə ona görə yaşandı ki, Azərbaycan cəmiyyətinin bir çox kəsimlərində, xüsusilə də gənclər arasında `razborka` məntiqi getdikcə güclənir. `Ne prav` çıxarmaq, `sındırmaq` kimi anlayışlar mübahisələrin həlli meyarına çevrilir. Burası azmış kimi, facebook Azərbaycanda sadəcə sosial şəbəkə olmaqdan çıxıb, şəxsi münasibətlərin dartışıldığı virtual məkana dönüb. Bütün bunlar bir yerdə gətirib `facebook qətli`nə səbəb olmalı idi, oldu da - əlbəttə, əgər qətlin səbəbi həqiqətən də yalnız Rasimin yazdığı statusdursa və işin altında başqa qatlar yoxdursa...

Bu faciədən çıxarılası çox dərslər var, ilk növbədə də “Necə edək, belə hallar daha təkrarlanmasın” sualına cavab aranmalıdır. Bəlkə facebook statuslarına hansısa hüquqi prinsipləri tətbiq etməyin vaxtı çatıb? Yoxsa, insanlar sosial şəbəkənin ciddiyyətini, orada yazılanın məsuliyyətini hələ də başa düşə bilmirlər...

Amma goreşənlər üçün bütün bunlar maraqlı deyil. Onlar “Azərbaycanda jurnalist döyülərək öldürüldü” deyə dünyaya car çəkməyə başlayıblar. Bu, onların nəzərində əla faktdır! Halbuki etdikləri mahiyyətcə cəsədin üzərində siyasət qurmaqdan başqa bir şey deyil, yəni ayıb və iyrənc bir işdir. Üstəlik, mərhumun xatirəsinə də hörmətsizlikdir. Axı, məsələni dünyaya yayıb, hay-küy qoparmaqla nəyə nail olmaq istəyirsiniz? Ədalətli məhkəməyə? Bu, onsuz da mütləq olacaq! Elə isə bir insanı barı vəfatından sonra öz dövlətinə qarşı çevrilən arqumentə, siyasi faktora döndərməyin. Qoyun, xatirəsi həmişə xoş qalsın!


Teqlər:  





Xəbər lenti