Facebook kimi “vurub”? – TƏHLİL

Facebook kimi “vurub”? – TƏHLİL
  11 İyun 2013    Oxunub:1677
Sosial şəbəkədə diktatura rejimi yaradılıb
Bir müddət əvvəl Facebook-un Azərbaycan sektorunda sayı 200 mindən çox olan siyasi-ictimai yönümlü Facebook qruplarının hamısı bağlandı. Hələ də bu addımın səbəbləri və məqsədi barədə tutarlı bir fikir səsləndirilməyib. Bağlanmış qrupların taleyinə də aydınlıq gətirən yoxdur.

Facebook-un rəhbərliyi məsələ ilə bağlı ancaq saymazyana şəkildə susmaq yolunu tutub. Halbuki, istifadəçilərinə cavab vermək ən azı etik qaydalar baxımından onların borcudur. 150000-dən artıq insanın birləşdiyi qrupları sadəcə, izahsız-filan silmək yüz minlərlə azərbaycanlı istifadəçiyə qarşı yumşaq desək, hörmətsizlikdir.

Biz AzVision.az olaraq üç dəfə müraciət etsək də, sosial şəbəkədən heç bir cavab ala bilməmişik. Ona görə də, bu addımın səbəbləri barədə ancaq müəyyən təhlillər aparmaq olar.

Əvvəlcə görək, bu addım kimə qarşı yönəlib. Bunun üçün bağlanan qrupların üzvlərinin sayına və siyasi yönümünə fikir verək.

Facebook analitiklərinin AzVision.az-a verdikləri məlumata görə, əsas qrupların üzv sayında 31 maya olan vəziyyət belə idi:

İqtidaryönümlü qruplar

Azərbaycan 2013 qələbə - 371528 nəfər
Azərbaycana baxış – 332792 nəfər
Prezidentə dəstək – 171611 nəfər


Müxalifətyönümlü qruplar

İstefa – 205235 nəfər
Xilas – 196698 nəfər


Bunlar ancaq sayca ən böyük qruplardır. Nisbətən azsaylı qrupları da bura əlavə edəndə, Facebook-un Azərbaycan sektorunda qrupların mövqelər üzrə bölgüsü yuxarıdakı diaqramdakı kimi olur. Açıq-aşkar görünür ki, iqtidaryönlü qrupların payı daha çoxdur.

Demək, iri qrupları bağlamaqda məqsəd Facebook-da iqtidaryönlü qüvvələrin mövqelərini zəiflətmək olub. Yəqin, bununla Facebook rəhbərliyi və onların bağlı olduğu dairələr sosial şəbəkədə iqtidaryönlülərin apardığı təbliğatı azaltmağa nail olmağa çalışıblar. Bunun seçki ilində baş verməsi şübhələri daha da artırır. “İstefa” və “Xilas” kimi müxalifətçi qrupları isə onların güdazına gedib. Daha dəqiq desək, facebook rəhbərliyinin qərəzinin güdazına. Yəni ayrı-seçkilik kimi görünməsin və əlavə suallar doğurmasın deyə, qurunun oduna yaşı da yandıraraq, sadəcə, hər iki düşərgədən olan qrupları ləğv ediblər.

Hər halda, qrupların bağlanmasını heç bir halda ayrı cür izah etmək mümkün olmur. Xüsusilə də Facebook rəhbərliyinin məsləyə tam saymaz yanaşması və heç bir aydınlıq gətirməməsi fonunda.

Bu addım, şübhəsiz ki, Facebook idarəçilərinə qarşı inamsızlığı xeyli gücləndirəcək. Və bu sosial şəbəkənin etibarsız məkan olması haqda təsəvvürləri genişləndirəcək.

Hər halda, biz istərdik ki, bu sosial şəbəkənin rəhbərliyi üzvlərilə daha sayğılı davransınlar. Ən azından onların suallarına cavab versinlər ki, heç bir səbəb olmadan böyük əziyyət hesabına yaradılan qruplar boş yerə niyə bağlanır. Əks halda, Facebook-da diktatura rejiminin qurulması təsəvvürü yaranır.

Tariyel Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti