Şəhriyar Məmmədyarov açıq məktub göndərdi

Şəhriyar Məmmədyarov açıq məktub göndərdi
  11 İyun 2013    Oxunub:1748
Rusiyanın Xantı-Mansiysk şəhərində sürətli şahmat üzrə dünya çempionatında qələbə qazanan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov açıq məktubla çıxış edərək uğurun əldə olunmasında ona dəstək olan insanlara təşəkkür edib

AzVision.az-a verilən məlumata görə, məktubda deyilir:

“Əziz dostlar, Xantı-Mansiykdə keçirilən dünya çempionatındakı qələbə mənimlə yanaşı çox saylı şahmat azarkeşlərini də sevindirdi. Turnirdən sonra sosial şəbəkədə çoxlu sayda təbriklər oxudum. E-mail poçtuma və şəxsi telefonuma aldığım məktublar məni daha da həvəsləndirdi. Gərgin məşqlər və ardıcıl yarışlar zamanı bizim qələbəmizi daim arzulayan şəxslərin olduğunu unuduruq. Halbuki, Azərbaycanda şahmat çox sevilir və hər bir yarışımız diqqətdə saxlanılır. Bu qədər təbrikdən sonra əminliklə deyə bilərəm ki, növbəti yarışlar zamanı hər bir insanın gücü mənə əlavə stimul verəcək.

Sözsüz ki, bu təkcə mənim deyil, bütün Azərbaycan şahmatının və idmanının uğurudur. Əlbəttə ki, qələbədə dəyərli şahmat həvəskarlarının və azarkeşlərin də böyük payı var. Sürətli şahmat üzrə dünya çempionatındakı qələbəm gələcəkdə iştirak edəcəyim yarışlara daha yaxşı hazırlaşmağa kömək edəcək. Fikrimcə, ən əsası bu turnirdə Azərbaycan təmsilçisinin uğur əldə etməsi oldu. Sonda Azərbaycan idmanı və şahmatı qazandı. Etiraf etməliyəm ki, uğurumda mənimlə çalışan hər bir kəsin rolu var. Gənclər və İdman nazirliyi, Azərbaycan Şahmat Federasiyasına eləcə də menecerim Rüstəm Nəcəfova təşəkkür etmək istərdim. Artıq bir müddətdir mənə dəstək olan baş sponsor DİA Holdinqə minnətdarlığımı bildirirəm. Biz bir komanda kimi mübarizə apararaq qalib gəldik. Təbii ki, ailəmə və həyat yoldaşım Nərmin xanıma hər zaman yanımda olduqları üçün çox sağ ol deməliyəm. Xüsusi olaraq media nümayəndələrinə təşəkkür etməyi özümə borc bilirəm. Hər zaman iştirak etdiyim yarışları işıqlandıran insanlar şahmatın inkişafında böyük iş görür.

Dəstəyə görə hər birinizə TƏŞƏKKÜR edirəm.

Hörmətlə, sizin Şəhriyar Məmmədyarov”


Xatırladaq ki, 20-dək ölkədən 58 şahmatçının qələbə uğrunda mübarizə apardığı yarışda Şəhriyar Məmmədyarov 15 oyundan 11.5 xalla dünya çempionu adını qazanıb. Ötən il çempionatın qalibi rusiyalı Sergey Karyakin olub.



Teqlər:





Xəbər lenti