Onlarda və bizdə jurnalist ölümü – REPLİKA

Onlarda və bizdə jurnalist ölümü – REPLİKA
  27 Avqust 2015    Oxunub:4649
ABŞ-ın Virciniya ştatında jurnalistin və operatorun qətli bütün dünyanı sarsıdıb. 24 yaşlı jurnalist Alison Parker və onun 27 yaşlı operatoru Adam Vardın reportaj zamanı, canlı yayımda güllələnmələri yüz milyonlarla insana şok yaşadıb.

Əlbəttə, bu, dəhşətli bir hadisədir, əsl faciədir. Amma sadəcə, insani faciədir, siyasi yükü olan bir hadisə deyil. Onu heç kim siyasiləşdirmir, qlobal ictimai problemə çevirmir – məhz jurnalistn şəxsi faciəsi kimi təqdim edirlər.

Heç kim burda dövləti, hakimiyyəti günahkar görmür. Heç kim hadisəni Amerikada jurnalist hüquqlarının pozulması kontekstində dəyərləndirmir. Və əslində belə də olmalıdır, düzgünü budur.

Amma yada salaq: Elə bu ay Azərbaycanda Rasim Əliyevlə bağlı faciə yaşananda nə baş vermişdi? Öndə həmin Amerikanın `hüquq müdafiəçiləri` olmaqla hər kəs bunu Azərbaycanda jurnalist hüquqlarının pozulması, ölkədə söz azadlığının pozulması kimi təqdim edir, ələ düşən bu faktdan da istifadə edərək, ölkəni bir az daha artıq ləkələməyə çalışırdılar.

Sırf məişət cinayəti olsa da, hamı bunu siyasiləşdirməyə, günahı dövlətin boynuna yükləməyə meyilli idi. Rebekka vincentlər, riçard kozlariçlər, maykl andersonlar, tamara qriqoryevalar, florian irmingerlər... və onların təsiri altında olan onlarla digər `hüquq müdafiəçi`ləri Azərbaycanda söz azadlığının vəziyyətini atəşə tutmaqda idilər.

Və budur: həyat göstərdi ki, heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Hər yerdə bu cür faciələr hər an yaşana bilər. Sadəcə, onlara vicdansızcasına siyasət yükləmək lazım deyil! Biz bu olaylara dəhşətli dərəcədə üzülürük, eyni zamanda dəhşətli dərəcədə istəyirik ki, insanların şəxsi faciəsi siyasi oyunlara alət edilməsin! Bu, ilk növbədə faciə qurbanlarının özlərinə hörmətsizlikdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti