Ramil Usubov AŞ PA həmməruzəçilərini qəbul edib

Ramil Usubov AŞ PA həmməruzəçilərini qəbul edib
  13 İyun 2013    Oxunub:1404
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 12-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir rəhbərlik etdiyi qurumun əsas funksiyaları və fəaliyyət istiqamətləri barədə məlumat verib, ümumilikdə əməliyyat şəraitinin və kriminogen durumun nəzarətdə olduğunu bildirib.

Nazir ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin tam yerinə yetirilməsi məqsədilə DİN-də xüsusi tədbirlər planlarının hazırlanaraq icraya yönəldiyini xatırladıb.

Qeyd olunub ki, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər sistemli şəkildə həyata keçirilir. Bu məqsədlə son 4 ildə 1500-ə yaxın DİN əməkdaşı Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən müxtəlif treninqlərdə və seminar-müşavirələrdə iştirak edib.

Eyni zamanda hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, əhalinin təhlükəsizliyinin qorunması, hüquq qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi, fasiləsiz və canlı izlənilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi baxımından "102 Xidməti" və Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Sisteminin yaradılması və fəaliyyəti insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasına xidmət edir. Həmçinin «Qaynar xətt», elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol oynayır.

Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin də daim diqqətdə saxlanıldığını bildirən R.Usubov polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə vətəndaşlardan və qeyri-hökumət təşkilatlarından daxil olan müraciətlərə DİN rəhbərliyinin xüsusi diqqət yetirdiyini, həmin müraciətlərin operativ və obyektiv şəkildə araşdırıldığını, nəticələrinə uyğun ciddi ölçülər götürüldüyünü nəzərə çatdırıb. Beynəlxalq normalara və standartlara cavab verən şəraitin yaradılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması məqsədilə 2000-ci ildən indiyədək respublikanın 32 şəhər, rayon polis orqanlarında yeni müvəqqəti saxlama yerlərinin inşa olunması, 51-də əsaslı təmir işlərinin aparılması vurğulanıb.

Nazir deyib ki, beynəlxalq təşkilatların Bakıda yerləşən nümayəndəlikləri, habelə Ombudsman Aparatı və digər QHT-lər tərəfindən müntəzəm olaraq müvəqqəti saxlama yerlərində monitorinqlər keçirilir, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Görüşdə daxili işlər orqanlarında gender bərabərliyinə də xüsusi diqqət yetirildiyi, əsasən maliyyə, tibb, kadr və digər sahələrdə 1935 qadın əməkdaşın çalışdığı, məişət zorakılığı zəminində törədilən cinayətlərə, o cümlədən korrupsiya hüquqpozmalarına qarşı təsirli tədbirlərin görüldüyü qonaqların nəzərinə çatdırılıb.

Həmməruzəçilər səmimi qəbula, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə verdiyi geniş məlumata görə R.Usubova minnətdarlıqlarını bildirib.

Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, daxili işlər naziri qonaqları maraqlandıran sualları ətraflı cavablandırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti