Bakı “Formula 1”ə necə hazırlaşır? – Müsahibə

Bakı “Formula 1”ə necə hazırlaşır? – Müsahibə
  07 Sentyabr 2015    Oxunub:10605
Bakıda “Formula 1” yarışını təşkil edəcək “Baku Grand Prix” şirkətinin Milli Mətbuat Katibi və Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai AzVision.az saytına müsahibə verib.

Müsahibədə “Formula 1” yarışı ilə bağlı maraqlı məqamlara toxunulub.

- “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçiriləcək "Formula 1” Qran Pri yarışının təşkilatçısıdır. Şirkətin mənşəyi və fəaliyyəti ilə bağlı məlumat verə bilərsinizmi? Qurumun işçi tərkibi necədir?

-“Baku Grand Prix” şirkəti kommersiya təşkilatı olaraq 2016-cı ildə Azərbaycanda baş tutacaq “Formula 1” yarışının təşkilatçısıdır və “Formula One Management” (FOM) ilə əməkdaşlıq edir.

Qeyd edim ki, yarışın təşkilatçısı promouter adlanır və “Formula 1” Qran Prisi dedikdə, yarışa ev sahibliyiə ilə bağlı ağıla gələn bütün növ təşkilatçılıq və təbliğat işlərini həyata keçirir.

Bir müddət öncəyə qədər qarşımızda duran əsas məsələ şirkətə ixtisaslı kadrların cəlb olunması idi. Hazırda bu məsələ artıq öz həllini tapıb. Bütün rəhbər vəzifələrə əməkdaşlar cəlb olunub, işçilərin çoxu işə başlayıb və tam tərkibdə qarşımızda duran vəzifələrin icrasına qədəm qoymuşuq. Onu da qeyd edim ki, işçi heyətimiz ümumilikdə 60 nəfərdən çox olmayacaq.
Gələn ilin əvvəli isə könüllülərin cəlb olunması prosesinə başlayacağıq.

-Yarışlara hazırlıq necə gedir?

-2016-cı ildə “Azərbaycanda Bakı Avropa Qran Prisi” (Formula 1, Grand Prix of Europe) adı altında keçiriləcək “Formula 1” yarışlarına hazırlıq işləri plana uyğun şəkildə həyata keçirilir. Bildiyiniz kimi, Bakının mərkəzi küçələrindən keçəcək şəhər marşrutunun layihəsi German Tilkenin inşaat bürosu tərəfindən layihələşdirilib. Şəhər halqasının layihəsi artıq tam hazır vəziyyətə gətirilərək, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təsdiqi üçün təqdim olunub. Layihə təsdiqini tapdıqdan sonra təmir-inşaat işlərinə start veriləcəkdir.

-Hansı işlər görülüb, hazırda gündəmdə olan məsələlər hansılardır?

-Artıq qeyd etdiyim kimi, sözügedən halqanın layihəsinin yekun təsdiqini gözləyirik. Bununla yanaşı hazırda biz Beynəlxalq Avtomobil Federasiyası ilə marşalların təlimi ilə bağlı danışıqlar aparırıq. Məlum olduğu kimi, “Formula 1” yarışlarında marşalların rolu çox önəmlidir, belə ki, onlar seçilmiş marşrut boyu xüsusi nöqtələrdə dayanır və qarşıda ola biləcək problem barədə sürücüləri xəbərdar edirlər. Düşünürəm ki, yaxın aylarda bu məsələ öz həllini tapacaq.

-Bakıda keçiriləcək yarış digərlərindən nə ilə fərqlənəcək?

-Monako və Sinqapur Qran Priləri kimi biz də Bakıda ənənəvi şəhər yarışına ev sahibliyi edəcəyik. Lakin 20 ölkənin ev sahibliyi etdiyi “Formula 1” yarışı təqviminin tam mərkəzində yer almış, sayca 10-cu Qran Pri olan Bakı Avropa Qran Prisi öz unikallığı ilə seçilir. Belə ki, bu yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, paytaxtımızın ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Onu da qeyd edim ki, “Formula 1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı var və yarış zamanı dünyada olan “Formula 1” fanatlarının diqqəti Bakıda olacaq. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin tam simasını görə biləcəklər.

-Yarışlarla əlaqədar olaraq ölkəmizdə hər hansı bir tikinti obyektlərinin inşası nəzərdə tutulurmı?

-Bildiyimiz kimi, son illər ərzində Azərbaycan artıq çoxlu sayda beynəlxalq tədbirə ev sahibliyi edib. Avroviziya mahnı müsabiqəsi, dünya və Avropa Çempionatları, Bakı-2015 Avropa oyunları və s. kimi tədbirlərə hazırlıq zamanı şəhərimizdə lazımi infrastruktur hazırlıqları aparılıb, yollar, mehmanxanalar, idman obyektləri və s. tikililər hazır vəziyyətə gətirilib. Bir sözlə şəhərimizin infrastrukturu yarışı izləmək üçün Bakıya təşrif buyuran “Formula 1” həvəskarlarına ev sahibliyi etməyə əsasən hazırdır.

Sırf idman nöqteyi-nəzərdən isə, xatırladım ki, yarışların baş tutacağı 6 km-lik dairəvi marşrut simvolik olaraq şəhərin mərkəzi küçələrində qurulacaq. Buna görə də ciddi hazırlıqlara ehtiyac var. Belə ki, layihəyə əsasən 6 km-lik dairəvi marşruta düşən mövcud yolların təmir olunması və yeni asfalt qatının salınacağı gözlənilir. Şübhəzsiz ki, “Formula 1” standartlarına müvafiq olaraq yenilənmiş bu yüksək keyfiyyətli yollar yarışlardan sonra şəhər sakinlərinin istifadəsində olacaq. Üzərində daş örtüyü olan sahələrdə isə xüsusi örtük və onun üzərinə müvəqqəti asfalt qatı qoyulacaq ki, yarışdan sonra bu örtük çıxarılacaq.

-“Formula 1”in Qran Pri yarışı hansı tarixlərdə baş tutacaq?

-Yarış 2016-ci ilin iyul ayında baş tutacaq. İlkin təqvimə görə 17 iyul tarixi nəzərdə tutulsa da, yekun tarixin dekabr ayında təsdiq olunması gözlənilir.

-Ölkəmizə gələcək turistləri hansı yeniliklər gözləyir?

-Çoxsaylı televiziya izləyicilərindən fərqli olaraq, yarışlara canlı şahidlik etməyə gələcək azarkeşlər Bakının müasirliklə gözəl vəhdət yaradan qədim abu-havasını duyacaq, unikal mövqeyi və gözəlliyi ilə göz oxşayan bir turistik məkan olduğuna əmin olacaqlar. Bütün bunlarla yanaşı, təbii ki, ölkəmizə gələcək turistlərə yüksək səviyyədə ev sahibliyi və yarış müddəti ərzində əsl bayram əhval ruhiyyəsi bəxş edəcəyik.

-Azərbaycan idmançıları da gələcəkdə belə bir mötəbər yarışda iştirak edə biləcəklərmi?

-Biz ölkəmizdə ilk dəfə baş tutacaq olan mötəbər “Formula 1” yarışlarından sonra avtomobil idman növünə olan marağın yüksələcəyinə ümid edirik. Əminəm ki, gələn il keçiriləcək olan ilk Qran Pridən sonra həmvətənlərimiz arasında bu yarış növünə pərəstiş edənlərin sayı çoxalacaq. Yalnız unutmayaq ki, bir qayda olaraq qeyri-ənənəvi sayılan idman növləri üzrə idmançılar yetişdirmək üçün illər tələb olunur. Bu bütün dünyada belədir.

Hansı dünya şöhrətli idmançıların bu yarışlarda iştirak edəcəyi gözlənilir?

-İndiki dönəmdə “Formula 1” yarışına qatılan bütün komandalar bir qayda olaraq 2016-cı il üçün pilot heyətini formalaşdırmaq mərhələsindədirlər və tanınmış idmançılarla yekun danışıqları aparırlar. Ümümiyyətlə deyə bilərik ki, bu gün adları “Formula 1” gündəmində olan ən məhşur idmançıları iyul ayında Bakıda görəcəyik.

-2015 Bakı Avropa Olimpiya Oyunlarındakı kimi “Formula 1”in Qran Pri yarışının da möhtəşəm açılış və qapanış mərasimi olacaqmı? Hansı ölkələrin dövlət başçıları bu mərasimə dəvət olunacaqlar? Mərasimlər harada baş tutacaq?
-Təbii ki, yarış müddəti ərzində “Formula 1” şəhərciyində baş çəkəcək yerli və əcnəbi azarkeşlər, idmançılar, şəhərimizin qonaqları, bir sözlə uşaqdan-böyüyə hər bir ziyarətçinin marağına səbəb olacaq çoxsaylı maarifləndirmə və əyləncəli tədbirlər təşkil etməyi düşünürük. Ümümilikdə yarış zamanı şəhərdə bayram əhval-ruhiyyəsinin hökm sürməsi üçün bütün lazımı işlər görüləcək. Lakin bunu da unutmayaq ki, digər Qran Prilər kimi Bakıda keçirilən yarış da “Formula 1”in illk təqviminin yarışlarından biridir. Buna əsasanaraq demək olar ki, bu növ yarışlar üçün möhtəşəm açılış və bağlanış mərasimləri xarakter deyil.

-Xarici müğənniləri “Formula 1” şəhərciyində görəcəyikmi?

-Artıq bildirdiyimiz kimi, istər yerli izləyicilərimizin, istərsə də çoxillik “Formula 1” həvəskarlarının marağına səbəb olacaq möhtəşəm əyləncə proqramları təqdim etməyi düşünmüşük. İştirak edəcək ulduz müğənnilər isə tədbirin sürpriz hissəsi kimi qalsın.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti