Geosiyasi risklər artır: Azərbaycan əzələlərini niyə gərib? – TƏHLİL

Geosiyasi risklər artır: Azərbaycan əzələlərini niyə gərib? – TƏHLİL
  17 Sentyabr 2015    Oxunub:17976
Rusiyanın Suriya ərazisinə qoşun və hərbi texnika yeritməsi, Vaşinqtonun bu addıma qarşı sərt etirazı, PKK-nın Türkiyə ərazisində fəallaşması, Ankaranın Rusiyanın Suriya ilə bağlı mövqeyini tənqid etməsi Qərblə Moskva arasında qütbləşmənin kəskin xarakter almasından xəbər verir. Tərəflər artıq region dövlətlərindən Avroatlantik Alyansla Rusiya arasında seçim etmələrini tələb edirlər.

Son hadisələr göstərir ki, bu seçim artıq Azərbaycan qarşısında da qoyulub.

Rusiya-Türkiyə: “Saxta dostluq”, yoxsa “mehriban düşmənçilik”?

Ukraynadakı məlum hadisələrdən sonra Qərblə Rusiyanın münasibətlərinin gərginləşməsi fonunda Moskvanın Ankara ilə yaxınlaşması müşahidə olunurdu. 2014-cü ilin dekabr ayında Putinin Ankaraya səfərindən sonra Rusiyadan Avropaya çəkilən “Cənub axını” kəmərinin istiqamətini dəyişərək, Türkiyə ərazisindən keçirilməsi barədə razılıq əldə olunmuşdu.

Rusiyanın tikintisinə 4.6 milyard dollar xərclədiyi “Cənub axını” layihəsinin Bolqarıstan hissəsində çəkilişi aparılarkən Avropa İttifaqının qərarı ilə layihənin icrası dayandırılmışdı. Avropadan qorxmadan “Cənub axını”nın Türkiyə ərazisindən keçməyinə şərait yaratmış və bu layihəyə “Türk axını” adını vermiş Ərdoğan Rusiya təbliğatında “rusların Amerika imperializminə qarşı mübarizəsində dəstəkçisi” kimi təqdim olunur və Rusiyanın Türkiyə ilə əl-ələ verəcəyi üçün sanksiyaların heç bir təsiri olmayacağı bildirilirdi.

Rusiyanın Krımı ilhaqından sonra Krım tatarlarının lideri Mustafa Cemilovun müraciəti və Ankaraya səfər etməsinə baxmayaraq, prezident Ərdoğanın bu məsələyə münasibət bildirməməsi əslində rus-türk münasibətlərinin yaxınlığından xəbər verirdi.
Azərbaycan xarici siyasətdə balanslaşdırılmış mövqedən çıxış edir və Rusiya-Türkiyə yaxınlaşmasından öz maraqları üçün istifadə etməyə çalışırdı. Çünki Qərb Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakının mövqeyinə uyğun təkliflərlə çıxış edirdi. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin 2014-cü ilin 7 may tarixində Karnegi Fondundakı çıxışı zamanı açıqladığı 6 elementdən ibarət həll planında 7 rayonun azad edilməsi, Dağlıq Qarabağa müvəqqəti status verilməsi və statusla bağlı məsələlərin sonuncu mərhələdə həlli təklif olunurdu. Azərbaycanın bu mərhələdən sonra üzərinə düşən əsas vəzifə qeyd olunan plana Rusiyanın razılığını almaq idi və bu mənada Ankara-Moskva münasibətlərinin yüksək səviyyədə olması Bakının maraqlarına cavab verirdi. Eyni zamanda, Azərbaycanın Avropa ilə soyuq münasibətlərinin olduğunu göstərməsi Moskvanın Bakıya olan etimadını artırırdı. Bu gedişat Bakının maraqlarına uyğun gəlirdi.

Rusiya-Türkiyə dostluğuna kölgə salan ilk olay 24 aprel tarixində qondarma `erməni soyqırımı`nın 100 illiyinin qeyd olunması üçün prezident Putinin Yerevana səfər etməsi və çıxışı zamanı `soyqırım` ifadəsini işlətməsi oldu. Ərdoğan dərhal reaksiya verərək Rusiyanın öz tarixinə və Krıma görə cavab verməli olduğunu bildirməklə, Moskvaya qarşı hər zaman istifadə edə biləcəyi “Krım kartı”nı Putinə xatırlatdı.

Putinin sözcüsü Peskov Ərdoğanın bəyanatı barədə prezidentə məlumat verildiyini və bu bəyanatın iki ölkə münasibətlərinə, əsasən isə “Türk axını”nın taleyinə təsir göstərməyəcəyinə ümid etdiyini bildirmişdi. Artıq əminliklə demək olar ki, Peskovun “Türk axını”na bağladığı ümidləri puç oldu.

Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması üçün atılan son addım Bakıda Birinci Avropa Oyunlarının açılışı mərasimində Ərdoğanla Putinin görüşünün təşkili idi. Ancaq son hadisələr göstərir ki, bu görüş liderləri barışdırmadı. Çünki məsələlər daha mürəkkəbdir və narazılığın səbəbi tək “erməni soyqırımı” deyil.

İŞİD-ın yiyəsi kimdir?

Yaxın Şərqdə peyda olan “İslam Dövləti” terror qruplaşmasının Amerika başda olmaqla Qərb koalisiyasının maraqlarına xidmət etməsi barədə müxtəlif dövrlərdə müxtəlif KİV-lərdə müxtəlif təhlillər yazılmışdı. Lakin artıq İŞİD-ın ABŞ-a birbaşa aidiyyatı olması haqqında dəllillər ortaya çıxır. İŞİD-ın xidmətlərindən yararlanan ölkələr siyahısında Türkiyə ilə Səudiyyə Ərəbistanının adı da hallanır.

“Judicial Watch “ təşkilatının bu ilin 18 may tarixində yaydığı Amerika Müdafiə Nazirliyinin Kəşviyyat idarəsinə məxsus məxfi sənəddə Qərbin Suriya rejimini devirmək üçün “İslam Dövləti” təşkilatından yararlanacağı qeyd olunur. (mənbə: https://azvision.az/redirect.php?url=http://levantreport.com) ABŞ hökumətini informasiya ilə təmin edən qurumun məxfi sənədinin tarixi 2012-ci ilə aiddir. Məhz həmin tarixdən Əsədin devrilməsi üçün kənardan müdaxilə planları həyata keçirilirməyə başladı.



Eyni zamanda, Rusiyanın bəzi mətbu orqanları hələ bir müddət əvvəl öz mənbələrinə istinadən bildirirdilər ki, Rusiya hökumətinin kuluarlarında İŞİD-in Amerika maraqlarına xidmət etməsi barədə söhbətlər gəzir.

Bəşər Əsəd də bu ilin sentyabrın 16-da Rusiyanın bir sıra telekanalları və mətbu orqanlarına verdiyi müsahibədə “İslam Dövləti”nin Qərbin Yaxın Şərqdə öz məsələlərini həll etmək üçün yararlandığı vasitə olduğunu, Türkiyənin İŞİD-i silah-sursatla təmin etdiyini bildirib.

Artıq Rusiyanın xarici işlər naziri Lavrov Amerikanı İŞID-lə ortaq maraqlara xidmət etməkdə günahlandırır.

İŞİD-in hansı qüvvələr tərəfindən yaradıldığı vacib deyil, vacib odur ki, Rusiya İŞİD-ın arxasında ABŞ-la Türkiyənin dayandığına inanır və buna uyğun fəaliyyətini qurur. Əks halda Əsədin belə bəyanat verməsinə şərait yaradılmaz və Lavrov bu tip ittihamlar səsləndirməzdi.

Son məlumatlara görə isə, Əfqanıstandakı terrorçular da İŞİD-ə üzv olmaq qərarına gəlib və Türkmənistan sərhədində təhlükə mənbəyinə çevriliblər. Türkmənistan da dərhal kömək üçün Amerikaya səslənib və Vaşinqton nicat əlini türkmənlərdən əsirgəməyəcəyini artıq bildirib.

Odur ki, “İslam Dövləti”nin “kafir”lərlə növbəti mübarizə ocağının Orta Asiya, yəni Rusiyanın cənub sərhəddi, yaxud Xəzər dənizinin sahili olacağını indidən demək mümkündür.

Rusiya müdafiə üçün hücuma keçir

Moskva düşünür ki, İŞİD təhlükəsinin anonsunun verilməsi ABŞ-ın başçılıq etdiyi koalisiyanın hərbi əməliyyatlarının həmin yerdə baş verəcəyi anlamına gəlir. Kreml ehtimal edə bilər ki, Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra Orta Asiya planı işə düşəcək. Buna görə var gücü ilə Əsədi taxtda saxlamağa çalışır.

Suriyaya hərbi müdaxiləyə başlamış Türkiyənin qarşısında səddə çevrilən PKK-nın baş qaldırmasında keçmiş KQB, hazırkı FSB-nin kürdlərlə o vaxtkı dostluq münasibətlərinin rol oynamadığını da istisna etmək olmaz. Hətta Moskvanın müdafiə üçün hücum planının bir hissəsi kimi PKK-ya dəstək verdiyini ehtimal etmək olar.Təsadüfi deyil ki, Ərdoğan son açıqlamasında həmkarı Putinin Suriya ilə bağlı mövqeyinin dəyişməsindən söz açıb və buna təəccübləndiyini deyib.

Eyni zamanda, Rusiyanın Suriyaya göndərdiyi qoşunun sayını artırması da qeyd olunan planın tərkib hissəsi ola bilər. Yeri gəlmişkən, qeyd edək ki, ABŞ prezidenti Barak Obama Moskvanın bu addımının səhv olduğunu və uğursuzluğa düçar olduğunu bildirib. Amerika dövlət rəhbərinin məsələyə dair bəyanat verməsi hadisələrin ciddiliyindən xəbər verir.

Azərbaycan amili

Rusiyanın Suriyada müqavimətini artırması Qərb blokunun da əks təsir tədbirlərini artırmasına səbəb olur. Bu baxımdan Avroatlantik alyansı bütün cəbhələrdən Rusiyaya təzyiq göstərməyə çalışır.

İqtisadi sanksiyalarla yanaşı Rusiyaya qonşu dövlətlərin anti-Rusiya mövqeyi sərgiləməsi təzyiq formalarından biri kimi qiymətləndirilə bilər. Məsələn, Qərbin Ukraynada Yanukoviç hökümətinə təzyiqi və müxalif qüvvələrə dəstək göstərməsi, ardınca baş vermiş hakimiyyət çevrilişi və hərbi münaqişə Rusiyanı Yaxın Şərqdən çıxmağa vadar etmək üçün vasitə rolunu da oynayırdı.

Odur ki, yaranmış vəziyyətdə Azərbaycanın da mövqeyi mühüm əhəmiyyət kəsb etməyə başlayır. Azərbaycanın anti-Rusiya mövqeyindən çıxış etməsi Moskvaya qarşı daha bir zərbə ola və rusların mövqeyini zəiflədə bilər.

Eyni zamanda, İŞİD-ın Orta Asiyada peyda olması perspektivi Azərbaycanın İŞİD-lə mübarizədə hansı koalisiyada olacağı barədə sualları ortaya çıxarır. Azərbaycanın hazırkı məqamda Rusiya ilə həmrəylik nümayiş etdirməsi xüsusilə əhəmiyyətlidir, çünki Moskvanın özünü müdafiə üçün hücum taktikasından Azərbaycana qarşı da istifadə edə biləcəyi istisna olunmamalıdır. Bu mənada, Rusiyanın Ermənistandan yararlanması mümkündür. Azərbaycanın hərbi qüvvələrini daim hazırlıq vəziyyətində saxlaması, müxtəlif hərbi təlimlərin keçirilməsi, Ermənistana güc nümayişi və hərbi büdcənin azaldılmaması bununla bağlı ola bilər. Azərbaycan hazırkı məqamda vaxt udmağa çalışmaqdır ki, Rusiyanın Qərblə savaşında zərər görməsin.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti