İdarəçilikdə və insan hüquqlarında islam dəyərləri

İdarəçilikdə və insan hüquqlarında islam dəyərləri
  21 Sentyabr 2015    Oxunub:13747
Uzun illər İslam tarixi və hüququnun lazımi səviyyədə təbliğ edilməməsi bu dinə münasibətin obyektiv olmamasına gətirib çıxarıb. Hazırkı dövrdə dinlərarası dialoqun labüdlüyü, eləcə də islamda dövlət idarəçiliyinin demokratik prinsip və dəyərlərilə bağlı həqiqətlərin bütün bəşəriyyətə çatdırılmasının vacib olduğu bir şəraitdə islamda dövlət idarəçiliyi, islam və demokratiya, islam və dünyəvilik, islamda insan hüquqları kimi məsələlərin tədqiqi mühüm əhəmiyyət kəsb edir.

Müasir dövrdə geniş müzakirə olunan mövzulardan biri də islam və demokratiya mövzusudur. Bu mövzunun müxtəlif istiqamətlərdə araşdırılması müşahidə edilir və bu baxımdan islam və demokratiya müqayisəsinin daha əhatəli şəkildə aparıldığını ifadə etmək olduqca çətindir.

Mövzunun təhlili zamanı ilk növbədə islamın insanların dünya və axirət xoşbəxtliyini məqsəd kimi müəyyən edən ilahi və səmavi bir din, demokratiyanın isə insanların öz ağıl, iradə və biliyinə əsaslanaraq ortaya çıxardıqları və inkişaf etdirdikləri bir idarəçilik forması olduğu nəzərə alınmalıdır. Belə yanaşmanın əsas məqsədi bu iki məfhumun bir-birinin ziddi və ya alternativi, ya da bir-biri ilə tam şəkildə uyğun gələn elementlər kimi təqdim etmə səylərinin doğru olmadığını göstərməkdir. Bu baxımdan islamı bir din olaraq, demokratiyanı da bir idarəçilik forması olaraq öz çərçivəsində (mənasında) dəyərləndirmək lazımdır.



Dinin əsas məqsədləri iman, ibadət, mərifət və gözəl əxlaq kimi bəşəri dəyərlərdir. Qurani-Kərim öz ayələrində insanları imana, haqqa qulluğa və gözəl əxlaqa çağırır. Bir çox insanlar islam dinindən danışarkən onu siyasətlə eyniləşdirir, bəziləri də islam dininin bu və ya digər şəkildə siyasətlə heç bir əlaqəsi olmadığını qeyd edirlər. Əslində isə Quranda idarəçilik və siyasətlə bağlı çoxlu sayda ayələr mövcuddur və Quranda ifadə olunan bir sıra məfhumlar dinin siyasət və hüquqla bağlı tərəflərinə nümunədir. Qeyd olunan yanaşmalar islam və demokratiyanın bir-birinə uyğun gəlməsi və ya gəlməməsi mövzusunda fərqli düşüncələrə, mülahizələrə və diskussiyalara səbəb olmuşdur. Belə mülahizələri aşağıdakı kimi qruplaşdırmaq olar:

I. İslam din olmaqla yanaşı, eyni zamanda bir dövlət sistemidir. O, fərdi, ailəvi, ictimai, iqtisadi və siyasi sahələrdə də özünü ifadə edir. Bu baxımdan onu sadəcə iman və ibadətdən ibarət saymaq düzgün deyil. Belə bir diskussiya ətrafında yeni-yeni fikirlər formalaşmış və islamın siyasi ideologiya şəklində dərk edilməsinə səbəb olmuşdur. İslamın totalitar bir ideologiya şəklində dərk edilməsi isə hüquqa əsaslanan, təməl prinsipləri baxımından heç bir zümrəni təzyiq altına almayan, hətta açıq şəkildə buna qarşı çıxan islamın ruhuna tamamilə ziddir.

II. İslamı bir ideologiya kimi təqdim etməkdənsə demokratiyanı tamamlayan bir ünsür olaraq təqdim etmək daha yaxşı olardı. İslamın bu şəkildə təqdim edilməsi islam dünyasında demokratiyanın zənginləşməsinə, insanların mənəvi və maddi dünyaları arasındakı münasibətləri daha yaxşı anlamasına yardımçı ola bilərdi.




III. Nə dünyəviliyin, nə də demokratiyanın islam ilə heç bir əlaqəsi yoxdur. Hətta söyləmək mümkündür ki, istər dünyəvilik, istərsə demokratiya islama zidd olduğu kimi islam da bunların ziddidir. Başqa sözlə, bəziləri əslində Quranda olmayan hökmlərə əsaslanaraq «İslamda demokratiya yoxdur» deyirlər.

IV. İslam və demokratiya qəti və tam şəkildə uyğun gəlir və yaxud uyğun gəlməyir demək düzgün olmazdı. Belə ki, islamın demokratiya ilə uyğun gəldiyi məqamlar olduğu kimi heç uyğun gəlmədiyi təzadlı məqamlar da vardır.

V. İslam və demokratiya bir-birinin tam ziddi olmasa da, aralarında önəmli fərqlər mövcuddur.

Bu mövzu ilə bağlı islam hüquqşunaslarının (alimlərinin) böyük bir hissəsi tərəfindən qəbul edilən ən önəmli xüsusiyyət budur: Quranda adı açıq şəkildə müəyyən edilən və insanlara əmr edilən hər hansı bir idarəçilik forması mövcud deyildir. Ancaq həm Quranda, həm də Hz. Peyğəmbərin uyğulamalarında (tətbiqatında) idarə edən və idarə edilənlərin məsuliyyətini müəyyən edən bəşəri prinsiplər vardır. Dünyanın hər hansı bir bölgəsində dövrün ehtiyaclarına, insanların mədəni səviyyəsinə, mövcud siyasi şərtlərə, zamanın və məkanın (coğrafiyanın) imkanlarına görə idarəçilik modeli formalaşdırıla bilər.

Demokratiyanın ən müəyyənedici ünsürlərindən biri xalqın idarəetmədə iştirakı və öz azad iradəsi ilə idarə edənləri seçməsidir. Diqqətlə araşdırıldıqda Hz. Peyğəmbər tərəfindən «qəbul etmək», «razı olmaq» anlamına gələn beyət təsisatından istifadə etdiyini görmək olar. Beyət müasir anlamda seçki prosesində səsvermənin qarşılığı olaraq «xalqın idarə edənə bağlılığını müəyyən etmək üçün rəyini bildirmə» formasında ifadə oluna bilər. Beyət kişi və qadının idarə edənə münasibətdə vəzifə və məsuliyyətini qəbul etmək üzrə bağladığı bir «sözləşmə» olaraq da tərif edilir. Bu baxımdan yanaşsaq idarə edənlərin müəyyən edilməsi mövzusunda islam və müasir demokratik seçki prosesləri arasında paralellik aparmaq olar.




Bu oxşarlıq hər bir fərdin öz rəyini azad ifadə etməsi mövzusunda da mövcuddur. İdarə edənlərlə əlaqədar olaraq islamın nəzərə aldığı ən önəmli dəyərlər insanlar arasında bərabərliyin, ədalətin və şəxsi hüquq toxunulmazlığının saxlanmasıdır. Digər tərəfdən demokratiya insanların təməl haqq və hürriyyətlərini təmin edən və xalqın tələblərini yerinə yetirməyi öz öhdəsinə götürən idarəçilik forması kimi qəbul edilirsə, bu halda da islam və demokratiya arasında hər hansı bir problemdən bəhs etmək mənasızdır. Çünki bu haqların qorunması baxımından islam və demokratiya arasında heç bir fərqlilik yoxdur. İslam bir tərəfdən şəxsi hüququn qorunmasını əmr edərkən, digər tərəfdən ictimai maraqları da ön plana çəkir. Bu baxımdan fərdin daşıdığı cavabdehliyin ictimai həyatla bağlı tərəfləri də mövcuddur və fərdin sadəcə özünü düşünərək etdiyi ibadətlər belə məqbul sayılmayıb.

Demokratik idarəçilik forması ilə idarə edilən ölkələrdə xalq tərəfindən seçilən və xalqın adından çıxış edən «məclis» ən mühüm təsisatlardan biridir. Bunun islam ədəbiyyatındakı qarşılığı məsləhət heyəti olaraq tərcümə edilən şuradır. Görüləcək işlərin məşvərət yolu ilə həll edilməsi mövzusu Quranın iki ayəsində aşağıdakı şəkildə öz əksini tapmışdır:

- Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə; iş haqqında onlarla məsləhətləş (Ali-İmran surəsi, 159-cu ayə).
- Onların işləri öz aralarında məsləhət ilədir (Şura surəsi, 38-ci ayə).

Məhz demokratiyanın əsas əlamətlərindən olan «çoxluq» prinsipi Quranda bu ayələrdə ifadə edilmişdir. Şura hər hansı bir mövzuda, o cümlədən dövlət idarəçiliyi ilə bağlı fikir mübadiləsində olub, o işin necə həll olacağı ilə bağlı qərar qəbul etmədir. İlk ayədə qeyd edilən «iş haqqında onlarla məsləhətləş» ifadəsi islam alimlərinə görə bir tövsiyə deyil, yerinə yetirilməsi məcburi olan bir əmr kimi müəyyən edilmişdir.

İslamdakı məşvərət sistemi çoxluq və ya azlıq fərqi nəzərə alınmadan imkan daxilində hər kəsin fikirlərinə hörmətlə yanaşılmasını tələb edir. İslam hüquq tarixinə diqqət yetirsək görərik ki, Hz. Peyğəmbər və ondan sonrakı ilk xəlifələr məşvərətə ciddi mənada əhəmiyyət vermiş və Qurandakı «iş haqqında onlarla məsləhətləş» əmrini ilk tətbiq edənlərdən olmuşlar. Məşvərət edərkən nəzərə alınmalı ən önəmli məsələlərdən biri də kimlərlə məsləhətləşiləcəyi mövzusudur. İslam alimləri hər hansı bir insanın Şura üzvü ola bilməsi üçün ədalətli, elm sahibi, ağıl və hikmət sahibi olma kimi bəzi şərtlər irəli sürmüşlər.

İslam dünyasının Qərb mənbəli hesab edilən bir sıra təsisatlar o cümlədən də, demokratiya ilə əlaqədar vahid bir fikirdə olmadığı hamıya məlumdur. Heç bir elmi və əqli əsaslara söykənmədən bəziləri demokratiyanın islama tamamilə uyğun gəlmədiyini söylədikləri halda bəziləri də bu iki məfhum arasında tam bir uyğunluğun olduğunu anlatmağa çalışırlar. Fərdlərin və bütövlükdə toplumun xoşbəxtliyi arzusunda olan hər kəs üçün ən əhəmiyyətli məsələ din olaraq islamın bəşəri dəyərlərindən, idarəçilik forması olaraq demokratiyanın nəzərdə tutduğu əsas hüquq və azadlıqlardan yararlanmanın yollarını müəyyən etməkdir. Necə adlanmasına baxmayaraq insanların rahatlığı və xoşbəxtliyi üçün atılan hər bir addım islamın bəşəri dəyərlərinə uyğundur və islam buna qarşı çıxmır.




Çox təəssüf ki, islam dünyasında din-demokratiya münasibətlərində bəziləri islamın demokratiya ilə əsla uyğun gəlməməsi haqqında yanlış fikir irəli sürürlər. Onların arqumentinə görə islam Allahın hakimiyyətinə, demokratiya isə millətin rəyinə əsaslanır. Əslində isə «hakimiyyət qeyd-şərtsiz millətindir» ifadəsi hakimiyyətin (hökmranlığın) Allahdan alınaraq insanlara verilməsi demək deyildir. Əksinə, hökmranlığı insanlara həvalə edən Allahdır. Başqa şəkildə desək, Allah hökmranlığı zalım və despotik fərdlərin əlindən alıb toplumun üzvlərinə vermişdir.

Allahın hər şeyə hakim olduğuna şübhə yoxdur. Lakin, bu insanların iradə və seçiminin olmaması mənasına gəlməməlidir. İslam dövləti yox, insanı əsas götürür və insana dəyər verir. İnsanın mənafeyini, haqqını və hüququnu nəzərə almağı müəyyən edir. İnsanlar şəxsi həyatlarında sərbəst buraxıldıqdarı kimi bir sıra ictimai və siyasi məsələlərdə də öz iradələrini azad ifadə edə bilərlər.

Quranda dövlət idarəçiliyi ilə bağlı bir çox ayələr mövcuddur, həmçinin hədislərdə də bu mövzu geniş yer tutur. Məsələ bundadır ki, islamda dövlət idarəçiliyini iman, dinin əsasları anlayışı əsasında sabit və hamının qəbul etdiyi bir formada müəyyən etmək mümkün deyil. Belə ki, Quran idarəçilik sistemi olaraq ayrıca bir forma müəyyən etməmiş, idarəçiliyin əsas prinsiplərini göstərmişdir. Bunlar seçki, beyət və şura prinsipləridir. İslam insanlar arasında soy, nəsil, irq, qəbilə, tayfa kimi fərqləri və ya hər hansı bir üstünlüyü kənara atıb elmi, zəkanı, ləyaqəti və ədalət hissini əsas götürür. İslamda idarə edən və idarə olunan arasında qarşılıqlı anlaşma mövcuddur və idarəçiliyin əsasını hüquq və hüququn üstünlüyü təşkil edir. İslam qeyri-hüquqi bir idarəçiliyi məqbul saymır. Qurani-Kərim və Sünnədə əks olunmuş prinsip və əsasları mənimsəyib həyata keçirən idarəçilik forması islama uyğundur.



Müasir dünyanın önəm verdiyi əsas dəyərlər ondan ibarətdir ki, insanların təbii hüquq və azadlıqları təmin edilsin, insanlar öz siyasi iradələrini azad ifadə etsinlər, hər kəs başqalarının hüquqlarını pozmamaq şərtilə öz iradəsini ifadə edə bilsin və inancına görə yaşasın. İslam göstərilən dəyərlərdən heç birinə qarşı çıxmır və məhz buna görə də heç kim islamın demokratiyaya zidd olduğunu iddia və sübut edə bilməz.

Qərbdə çox çətin və mürəkkəb şəraitdə əldə edilən insan hüquq və azadlıqları islam aləmində islamın yaranmasından bəri mövcud olmuşdur. İnsan hüquqları ideyasının humanistliyində İslam dininin olduqca böyük rolunu qeyd etmək lazımdır. İslam dini hər bir insana hörmətlə yanaşılmasını tələb edir, insan bərabərliyini və azadlığını müdafiə edərək, hakimiyyətlə münasibətdə insanların aliliyini qeyd edir. İslam hüququnun mənbələrini təhlil edərkən bərabərlik, seçmək azadlığı, insan ləyaqəti, dini azadlıq, xalq hakimiyyəti, qanunun aliliyi və insanın fəal həyat mövqeyi haqqında çoxlu sayda göstərişlərin (normaların) olduğunu görürük. İslam aləmində Hz. Peyğəmbər (s.ə.s.) dövründə, yəni miladi VII əsrdə hazırlanan Mədinə Anayasası, ilk insan hüquq və azadlıqları Bəyannaməsi deyə biləcəyimiz «Vida Xütbəsi», o cümlədən də Quran və Sünnənin göstərişləri bu günkü mənasıyla insan hüquq və azadlıqlarını təsbit və təyin etmişdir.



İslam tarixində Vida Həcci deyilən həcc ziyarəti zamanı Peyğəmbərimiz (s.ə.s.) burada olanların şəxsində bütün bəşəriyyətə xitabən «Vida Xütbəsi» kimi məşhur nitqini söylədi. Bu, insanlıq tarixinin ən mükəmməl, ən təsirli bir xütbəsi olmaqla yanaşı, İslamın əsas prinsip və məqsədlərini əks etdirdi. «Vida Xütbəsi» İslam hüququ, İslam əxlaqı, insan və cəmiyyət əlaqələri, qadın haqları kimi çox böyük məsələlərin həllinin qısa xülasəsi idi. İnsanlıq həmin günə qədər belə yığcam, bu qədər sadə və dərin məzmunlu, məzmunca bu qədər geniş mənalı ikinci bir nitq tanımır.

Vida Xütbəsi ilə insanların bərabər haqq və hüquqları təsbit edildi. Vida Xütbəsinin məzmununa diqqət yetirdikdə aşağıdakı əsas prinsipləri görmək olar:
1. İnsanların bərabərliyi;
2. Kölələrə yaxşı davranılması və mərhəmət göstərilməsi (Peyğəmbərimiz (s.ə.s.) buyururdu: «Kölələrinizə yediyinizdən yedirdin, geydiyinizdən geydirin»);
3. Qan davalarının aradan qaldırılması;
4. Sələmçiliyin aradan qaldırılması;
5. Qadın hüquqları: (Bu mühüm nitqində Həzrəti Peyğəmbər bərabər qadın-kişi münasibətlərini bəyan etmişdir) «Ey insanlar! Qadınların haqlarını qorumanızı və bu işdə Allahdan qorxmanızı tövsiyə edirəm. Siz qadınları Allahın əmanəti olaraq aldınız. Allah adına söz verdiyiniz üçün onların namusları və iffətləri sizə halal oldu. Sizin qadınlar üzərində haqqınız, onların da sizin üzərinizdə haqları vardır».
6. Şəxsi və mülkiyyət təhlükəsizliyi.



Bu xütbənin bir cəhəti də bütün bəşəriyyətə xitab etməsidir. Həzrəti Məhəmməd, «Ey müsəlmanlar» deyə deyil, «Ey insanlar» deyə camaata xitab edirdi.

Qərbdəki azadlıq məfhumu ilə İslamdakı azadlıq anlayışı çox fərqlidir və bu fərq hələ də öz mövcudluğunu saxlamaqdadır. Qərbdə ciddi mənada azadlıqdan ilk dəfə 1789-cu ildə qəbul edilmiş Fransa İnsan hüquqları Bəyannaməsində bəhs edilmiş və azadlığa aşağıdakı şəkildə tərif verilmişdir: «Başqasına zərər vurmamaq şərti ilə hər şey etmək olar».

İslam hüququnda isə bütün insanlar üçün qəbul edilən azadlıq anlayışı bu şəkildə təsbit olunub: «Nə özünə, nə də başqasına zərər vurmamaq şərti ilə hər şey etmək olar». Narkotik maddələrdən istifadə etmək İslamdakı azadlıq anlayışına sığa bilməz. Azadlıq odur ki, ədalətli qanunlardan kənar heç kim heç kimə hökm etməsin. Hər kəsin haqları qorunsun və şəriətin icazə verdiyi dairələrdə hər şey sərbəst olsun. İslama görə insanlar azaddırlar və yalnız Allahın quludurlar.

İslam hüququ azadlığı insanın hər ağlına gələni və arzu etdiyini həyata keçirmək mənasına gələn «mütləq azadlıq» olaraq qəbul etmir, bunu heyvanilik (vəhşilik) və nəfsin əsarəti olaraq səciyyələndirir. İnsanın maddi, mənəvi və iqtisadi varlığı üzərində sahib olduğu hüquq və azadlıqlara şəxsi hüquq və azadlıqlar deyilir. Qərbdə şəxsi hüquq və azadlıqlar XVII əsrə aid aktlarda öz əksini tapmışdır.

İnsan həyatının, onun namus və şərəfinin qorunması, şəxsi həyatın və sirlərinin qournması kimi şəxsi hüquqlar Qərb hüquq sistemində ancaq XIX əsrdə müşahidə olunur. İslamda isə Quran, bir məsumun (körpənin) həyatını və qanını bütün maddi varlıqlardan üstün tutaraq VII əsrdən etibarən qoruyur. Digər tərəfdən Hz. Peyğəmbər (s.ə.s.) islamın hüquq Bəyannaməsi olan Vida Xütbəsində «Ey insanlar! Bu günləriniz necə müqəddəs bir gün, bu aylarınız necə müqəddəs bir ay və bu şəhəriniz (Məkkə) necə mübarək bir şəhərdirsə, canlarınız, mallarınız və namuslarınız da bir o qədər müqəddəsdir, toxunulmazdır və hər cür təcavüzdən qorunmuşdur» buyuraraq, şəxsi hüquq və azadlıqları gerçəkləşdirmiş və elan etmişdir.

İslamda günah işləyən bir insan, günahı sübut edilməyibsə günahsız qəbul edilir. İnsanlar işlədikləri günaha görə şəxsən cavabdehdirlər. «Heç bir günahkar başqasının günahını daşımaz» (Fatir surəsi, 18-ci ayə).

Bax, budur İslamın insana baxışı. İnsan hüquq və azadlıqlarının sağlam bir şəkildə cəmiyyət həyatında əks olunması ancaq və ancaq sevgi atəşinin insanların qəlblərinə yerləşməsiylə mümkündür.

İnsan üçün ən böyük xoşbəxtlik Allah sevgisinə çatmaqdır. Allah zalımları, fitnə-fəsad törədənləri, kafirləri, israfçıları, öz həddini aşanları sevməz. Buna qarşılıq olaraq ağıl sahiblərini, tövbə edənləri, səbr edənləri, yaxşılıq edənləri, ədalətli iş görənləri, ibadət edənləri və təvəkkül edənləri sevər.




Allah: «(Ya Rəsulum) De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın» (Ali-imran surəsi, 31-ci ayə) buyurmuş və Allah sevgisinə ancaq Onun əmrlərinə əməl etmək, Peyğəmbərin yolu ilə getməklə çatıla biləcəyini xəbər vermişdir.

Ceyhun Süleymanov
Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent, əməkdar müəllim, Rusiya Hüquq Elmləri Akademiyasının üzvü

Babək Nəsirov
Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının «Dövlət və hüquq nəzəriyyəsi» kafedrasının baş müəllimi, AMEA-nın «Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun dissertantı, polis polkovnik-leytenantı


Teqlər:  





Xəbər lenti