Lukaşenkonun Avropa oyununa `hərbi zərbə` - TƏHLİL

Lukaşenkonun Avropa oyununa `hərbi zərbə` - TƏHLİL
  23 Sentyabr 2015    Oxunub:3312
Belorusda prezident seçkilərinin tarixinin yaxınlaşması geosiyasi güc mərkəzlərini növbəti postsovet respublikası uğrunda mübarizəyə başlamağa sövq edir. Avropa bir vaxtlar Minskə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmək qərarına gəlib, Rusiya isə Belorusda hərbi baza yerləşdirməyi planlaşdırır.

Qərb “Avropanın sonuncu diktatoru” adlandırdığı Belorus prezidenti Aleksandr Lukaşenko ilə münasibətləri normallaşdırmaq qərarına gəlib. 1994-cü ildən Belorusun prezidenti olan Lukaşenko 2006-cı ildə üçüncü dəfə prezident seçilmək istədiyini bildirəndən sonra ABŞ və Avropa Minsklə münasibətləri tamamilə kəsmək qərarına gəldilər. Belorusa qarşı iqtisadi sanksiya tətbiq etməyə başladılar və ildən-ilə sanksiyalar daha da sərtləşdirildi.

“Reuters” Agentliyi xəbər verir ki, Avropa Birliyi tərəfindən Belorusa qarşı tətbiq olunan sanksiyalar ləğv edilərsə, prezident Lukaşenko da daxil olmaqla ölkə rəhbərliyində təmsil olunan bir sıra məmurlara viza verilməsinə qoyulan qadağanı aradan qaldıracaq. Bundan əlavə, Belorus şirkətlərinə qarşı tətbiq olunan sanksiyaların ləğvi onların Avropa İnvestisiya Bankından maliyyə əldə etmələrinə imkan yaradacaq. Həmçinin Belorus şirkətlərinin Avropanın kapital, ixrac kreditlərinin sığortası və texniki yardım bazarlarına daxil olma imkanları yenidən bərpa olunacaq. Bir sözlə, ölkə iqtisadiyyatının dirçəlməsi üçün Avropanın maliyyə institutlarından faydalanmaq şansları yaranacaq.

Şübhəsiz ki, Avropanın yenidən Belorusa qapılarını açması Minski Kremlin orbitindən çıxarmaq istəyi ilə bağlıdır. Bu gedişat Qərbin ümumi anti-Rusiya siyasətinin tərkib hissəsidir. Vaşinqton və Brüssel Rusiya ətrafındakı respublikaların ondan qopmasına çalışmaqla geosiyasi mövqeyini zəiflətməyə çalışırlar. Rusiya ətrafında ayrı-ayrı qaynar nöqtələr yaradılır ki, Kremlin gücü və diqqəti parçalanmaqla zəifləsin və Suriyaya təsir imkanları məhdudlaşsın.

Lakin Belorus-Aİ yaxınlaşmasında maraqlı cəhət ondan ibarətdir ki, avropalılar sanksiyaları xoş məramlarından birtərəfli qaydada ləğv etmirlər. Brüssel bəyan edir ki, Minsk onun tələblərini icra etdiyi üçün sanksiyaları ləğv etmək fikrindədir. Söhbət ondan gedir ki, Lukaşenko Avropanın azadlığa buraxılmalarını tələb etdiyi prezidentliyə keçmiş namizəd Nikolay Statkeviç də daxil olmaqla, 6 siyasi məhbusun əfv olunması barədə qərar qəbul edib. Belə çıxır ki, Lukaşenko, hər nə qədər Rusiya ilə “əzəli və əbədi” dost olduğunu deməsinə baxmayaraq, özü Avropa ilə yaxınlaşmaq fikrinə düşüb.

Lukaşenko hakimiyyəti dövründə balanslaşdırılmış xarici siyasəti ilə seçilib, neytral mövqe nümayiş etdirməklə qarşı duran tərəflərin ziddiyyətləri üzərində öz siyasətini qura bilib. Məlumdur ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar ilk növbədə Avrasiya İttifaqının üzvlərinin iqtisadiyyatının demək olar ki, iflic vəziyyətinə düşməsinə gətirib çıxarıb. Buna görə Lukaşenko çalışır ki, seçkiqabağı dövrdə ölkə iqtisadiyyatını Avropanın dəstəyi hesabına bərpa etsin və bununla müəyyən siyasi dividentlər qazanaraq, ciddi insidentlər baş vermədən prezident seçilsin.

Kreml təbii ki, Belorusun Avropa İttifaqı ilə yaxınlaşmasından ehtiyatlanır, çünki Lukaşenkonun qərblilərlə gizli birliyinin mümükünlüyü də istisna olunmamalıdır. Bu səbəbdən Putin Belorus ərazisində Rusiyanın hərbi bazasının yaradılması barədə göstəriş verib. Güman ki, Belorus prezidenti sədaqətini nümayiş etdirmək üçün Rusiyanın planlarına qarşı çıxmayıb.

Kreml Belorusda növbəti hərbi baza yerləşdirməklə Qərbə öz dolayı ismarıcını ünvanlayır ki, “Ukrayna tipli çevrilişlər olarsa hərbi gücə əl atacaq”. Əslində Rusiyanın güc variantına əl atmaqdan başqa çıxış yolu da qalmayıb, şünki Belorusun iqtisadi cəhətdən dirçəlməsi üçün hansısa təsir imkanları qalmayıb.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:





Xəbər lenti