Üç dəfə partlayan partiya – TƏHLİL

Üç dəfə partlayan partiya – TƏHLİL
  30 Sentyabr 2015    Oxunub:7482
AXCP bu günə qədər 3 ciddi parçalanma yaşayıb. Birincisi Elçibəyin vəfatından dərhal sonra baş vermiş, partiya “yurdçular” və “klassiklər”in simasında ikiyə ayrılmışdı. O vaxt müxalifətin cəmləşdiyi əsas təşkilat olan “Demkonqres” isə AXCP olaraq `klassikləri` tanımışdı.

Aradan keçən müddətdə “klassik” AXCP olduğu kimi qalsa da, Əli Kərimlinin başçılıq etdiyi qurum daha bir neçə dəfə parçalandı. 2002-ci ildə Qüdrət Həsənquliyev ondan ayrılaraq, BAXCP-ni yaratdı.

Bundan sonra partiyadan qopmalar bir müddət fərdlər səviyyəsində davam etdi, AXCP ilə assosiasiya olunan bütün simalar oradan uzaqlaşdılar. Asim Mollazadə, Qulamhüseyn Əlibəyli, Əli Məsimli, Fərəc Quliyev, Əliməmməd Nuriyev, Fuad Mustafayev... Siyahını həddindən artıq çox uzatmaq olar.

Nəticədə Əli Kərimlinin AXCP-si fəlsəfədə “Teseyin gəmisi” adlanan paradoksda yaranan vəziyyəti xatırladırdı: Əgər bir il ərzində gəminin bütün detalları dəyişdirilsə, onda bu, yenə də bir il əvvəlki gəmi sayılmalıdırmı? Eynilə, əgər AXCP-ni AXCP edən bütün simalar dəyişibsə, bu partiya yenə də AXCP sayıla bilərmi?

Partiyanın struktur səviyyəsində növbəti parçalanması isə bu il baş tutdu: fevralın 20-də Əli Kərimli Razi Nurullayevi müavini vəzifəsindən uzaqlaşdırdı. Cavabında Nurullayev partiyadan istefa verdi və Kərimlini də sədrlikdən istefaya çağırdı. “Sədrlə aramızda Himalay dağı boyda uçurum var. Bu uçurumu doldurmaq üçün partiyaya qoşulduğum zamandan çalışdım”,- bunu Nurullayev özünün facebook profilində yazmışdı.

Partiyadan çıxandan sonra Nurullayev aktiv şəkildə Əli Kərimlini tənqid etməyə başladı: O, partiyada diktaturanın hökm sürdüyünü, Əli Kərimlinin avtoritar düşüncə sahibi olduğunu bildirirdi. Özü vaxtilə partiyanın mətbəxində olduğu üçün, “evin zibilindən” xəbərdar keçmiş müavin AXCP-də saxta profillərdən istifadə məsələsini ölkənin siyasi gündəminə gətirə bildi.



Əvvəlcə Kərimli və tərəfdarları Nurullayevə reaksiya vermir və onu ciddiyə almaqdıqlarını göstərməyə çalışırdılar. Amma partiyadan qopmaların getdikcə artması və gedənlərin də Razi Nurullayevin ətrafında toplaşmaları göstərdi ki, vəziyyət ciddidir: AXCP-nin növbəti dəfə zəif tikişlərdən sökülməsi prosesi başlayıb. Bəs bu “zəif tikişlər” nə idi?

Kərimlinin əlində olan təbliğat vasitələri AXCP-dən gedənlərin “pula satıldığı” obrazını yaratmağa çalışsa da, aydın idi ki, məsələ bu qədər bəsit deyil. Əgər bir partiyada bu qədər insanı pulla almaq mümkündürsə, onda belə çıxır ki, ora partiya yox, bazardır. Sadəcə olaraq, AXCP-də özünə güvənən, iddialı, siyasi karyera qurmaq istəyən gənclər var idilər ki, Əli Kərimli-Fuad Qəhrəmanlı cütlüyünün məhdud məsuliyyətli səhmdar cəmiyyəti kimi idarə etdiyi partiyada statist rolunda qalmaqla barışmaq istəmirdilər. Razi Nurullayevin tərəfinə ilk olaraq keçən də məhz onlar oldu - Ehtiram Mehdiyev, Cavid Musazadə və digərləri kimi.

Nəhayət, Razi Nurullayev AXCP-nin Etimad Qurultayını keçirmək niyyətini bəyan edəndə vəziyyət tam ciddiləşdi və Kərimlinin ətrafı başa düşdü ki, partiyanı itirmək təhlükəsi var. Çünki Nurullayev oyunu siyasi intriqalar və feysbuk söyüşmələri sferasından uzaqlaşdıraraq, hüquqi müstəviyə keçirməyə başlamışdı, bu isə tamam fərqli gediş idi. Suraxanı rayon təşkilatının onun tərəfinə keçməsi ciddi siqnal oldu: bu, göstərirdi ki, Nurullayev hüquqi müstəvidə ciddi niyyətlə oynayır. Əli Kərimli anladı ki, artıq mütləq özünün cavab gedişlərini etməlidir.

Cavab isə bu oldu: Kərimli öz tərəfdarlarına Nurullyevin qrupunu sosial şəbəkələrdə çox ciddi şəkildə “vurmaq” tapşırığını verdi və təcili şəkildə qurultay təyin etdi. Məqsəd Nurullayevin keçirəcəyi qurultayin hüquqi qüvvəsinin olmayacağını əvvəlcədən göstərmək idi. Yəni ki “Qurultayı biz keçiririk, onlarınkı isə qurultay olmayacaq”.



Nəticədə avqustun sonu-sentyabrın əvvəllərindən başlayaraq, kərimovçuların qarşı tərəfin əleyhinə yazdıqları statusların həm sayının, həm də təhqirlərin dərəcəsinin ciddi şəkildə artdığını görürük. Eyni zamanda, tələm-tələsik başladılan hazırlıqlar sentyabrın 27-də qurultayla yekunlaşsa da, istənilən nəticəni vermədi.

Kərimli rəqiblərini neytrallaşdırmaq üçün qurultayla bağlı 2 taktiki gediş hazırlamışdı: 1) Özünün yaxın adamlarından olan Sahib Kərimlinin “alternativ namizəd” kimi ortaya atılması və 2) Nurullayevin düşərgəsinə göndərilən “casusus”un - Ruslan Nəsirlinin qurultaydakı etirafları. Bunlardan birincisi Kərimlinin diktator olmadığını və partiyada seçkinin alternativli keçdiyini göstərməli, ikincisi isə Razinin ətrafındakı adamların pulun havasına oynadıqlarını ifşa etməli idi.

Bəs niyə alınmadı? Ona görə ki, Sahib Kərimli özünə ayrılan rolu nə qədər ciddi-cəhdlə oynasa da, “Oskara” layiq aktyor olmadığı aşkar görünürdü, üstəlik, oyunun finalı çox absurd alındı: Kərimlini ağzı köpüklənə-köpüklənə sərt tənqid edən şəxs qurultayda onun xeyrinə namizədliyini niyə geri götürsün ki? Onun işi Razi Nurullayevin dediklərinin əksini göstərmək idi və qurultay qabağı həqiqətən də mavr öz işini gördü, qurultayda isə mavr artıq gedə bilərdi.

Ruslan Nəsirlinin oyununa gəlincə, o, faktik olaraq Kərimlinin təbliğat arsenalının dediklərini təkrarlamaqdan savayı heç nə etmədiyindən elə də ciddi effekt doğurmadı. O fikirləri demək üçün “Ceyms Bond” olmağa heç bir gərək yox idi...



Beləliklə, Kərimli qurultayını keçirdi, indi növbə Nurullayevdədir. Onlar da artıq keçirəcəkləri qurultayın vaxtını elan ediblər: oktyabrın 18-i. Burada işarə edilən rəmzilik həm də ondadır ki, müstəqillik gününü eyni zamanda AXCP-nin Kərimlidən müstəqil olma tarixinə çevirmək istəyirlər. Hazırda rayon şöbələri bir-birinin ardınca konfranslar keçirirlər. Etimad Qurultayının Təşkilat Komitəsi bəyan edib ki, qurultayda 1000-1200 nəfərin iştirakı gözlənilir. Və əsas məsələ odur ki, EQTK Ədliyyə Nazirliyinə müraciəti də artıq hazırlayıb.

Beləliklə, AXCP-nin üçüncü ciddi parçalanmadan yayınması artıq mümkün deyil. Bu partiyadan qalan zatən yalnız quruca adıdır, onu Elçibəyin Xalq Cəbhəsi ilə başqa heç nə bağlamır. Kərimli radikal müxalifətin əsas siyasi brendini yenə də əlində saxlaya biləcəkmi? Sual bax, budur...

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti