AzVision.az KARİKATURALARDA
Buyurun, AzVision.az heyətilə bir də bu cür tanış olun:
Anar Rüstəmov AzVision.az saytının redaktorudur; sakit və soyuqqanlıdır, düşmənlərə qarşı acımasızdır. Nizam-intizamı sevəndir. O, sayta gələndə kollektivdə qızlar çox idi. Amma kişi kollektivində çalışmağı üstün tutan Anar gender balansını ciddi şəkildə əks tərəfə dəyişdi.
Əlavə olaraq, bir də redaksiyanın böyük oğlu funksiyasını yerinə yetirir.
Şəhanə Rəhimli saytın ağbirçəklərindəndir. Amma özünü xeyli arıqladandan sonra daha o cür görünmür. İki məşhur sözü var: “Canım yanmasın” və “Başını it başı kimi əzərəm”. Bir dəfə baş redaktorumuz soruşmuşdu ki, “Şako, itin başını necə əzirlər?” Şahanə prosesi belə təsvir eləmişdi: “Çubuqla vurursan-vurursan, əzilir”.
Anar Kəlbiyev əla oğlandır, yetim. Eynşteynin sitatları üzrə böyük mütəxəssisdir. Sumqayıtdan Bakıya təzə qatarla gəlirdi, amma indi 3 rəqəmini minib çapdığı üçün əlavə nəqliyyata ehtiyacı qalmayıb.
Sumqayıt bandasının növbəti üzvü də Eldar Tanrıverdiyevdir. Xarici mediadan tapdığı informasiyaları rəndələyib, beynəlxalq xəbər adı ilə sayta mıxlayır.
Elvin Abdulqədirov daxili siyasət müxbiridir. Amma özü siyasətcil deyil, səmimi oğlandır.
Gültəkin Ələsgər AzVision.az-dakı ikinci və sonuncu xanımdır. Ona görə də, qədrini bilirik. Ağzımız nədir, bilməyək - əks halda nə qələtimizi görübsə, hamısını bir-bir üzümüzə sayacaq. Ləqəbi: “Matryoşka”. Ayda bir gün xoşbəxt olur. Hansı gün olduğunu şəkildən tapa bilərsiniz.
Hafiz Əhmədov redaksiyanın ən qalmaqallı əməkdaşıdır. Hey fikirləşirik, onu hara göndərək ki, hamının canı dincəlsin?! Sonuncu variant Suriyadır. Özü razılıq verib, hətta vəsiyyətini də yazıb. Ona görə də, bu gözlərə doyunca baxın...
Fotoreportyor Elvin Abdulla AzVision.az ailəsinə təzə qatılıb, deyəsən, hələ tam açılışmayıb, bəlkə də buna görə həmişə sifətindən zəhrimar yağır. Bəlkə də ona görə yağır ki, sadəcə, çox ciddi oğlandlr. Əsas odur ki, yaxşı olandır, ləqəbi də var: “Qoca Alliqator”. Niyə qoca? Çünki cavan Alliqatorumuz bir dəfə olub...
İlkin Nəcəfli pozitiv insandır. AzVision-a nə vaxt və necə gəlməyindən xəbərimiz olmadı, bir də gördük ki, oturub işləyir, faktla barışmalı olduq. Gərək boynuna qoyaq, arada samovar da qaynatsın...
Turan Ramazanlı dizaynerdir, boş vaxtlarda isə şəkillərini Fotoşop-a atıb, özünə qarşı hörmətsizlik eləməklə məşğul olur. Redaksiyada tısbağa saxlayırdı, amma Vzglyad.az-ın Ayseli işləmək əvəzinə tısbağa ilə oynadığı üçün Vzglyad.az-ın Balifası o yazıq çanaqlı heyvanı redaksiyadan sürgün elədi. Eybi yox, Allah böyükdür, əvəzində ilan yetirər.
Vüsal Məmmədov baş redaktor olduğu üçün bir baş ona azlıq edir. Çünki bir başı 4 saytın və başqa işlərin arasında böləndə ciddi problem yaranır. Eynilə iki əl də ona azlıq edir. Eybi yox, hələ ki şəklə baxıb təsəlli tapsın, gələcəkdə də Allah kərimdir...