“Dollar ajiotajı” aradan qalxıb – TƏHLİL

“Dollar ajiotajı” aradan qalxıb – TƏHLİL
  05 Oktyabr 2015    Oxunub:12184
Gözlənildiyi kimi sentyabr ayında Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatları həcmi növbəti dəfə azalıb. Belə ki, oktyabrın əvvəlinə olan son məlumata əsasən sentyabrın 1-i tarixinə 7 milyard 315 milyon 400 min dollar məbləğində olan ehtiyat 7 milyard 44 miyon 200 min dollar təşkil edir. Yəni, 271 milyon 200 min dollar azalma baş verib...

Ümumiyyətlə, xatırladaq ki, AMB-in rəsmi valyuta ehtiyatlarının həcmi 2014-cü ilin dekabr ayında 1 milyard 238 milyon dollar azalmışdısa, cari ilin yanvar ayı ərzində 1 milyard 77 milyon 500 min, fevralda 1 milyard 676 milyon 400 min, martda 1 milyard 532 milyon 300 min, apreldə isə 1 milyard 84 milyon 200 min dollar təşkil etdi.

Ancaq may və iyun aylarında isə uyğun olaraq, 42 milyon 900 min və 89 milyon 400 min dollar həcmində cüzi artım əldə olunmaqla sabitlik yarandı. İyul və avqust aylarında isə uyğun olaraq, 18 milyon 700 min və 1 milyard 200 milyon dollara yaxın təşkil etməklə, yenidən azalma baş verdi.

Sözün qısası, nəticə bundan ibarətdir ki, daxili valyuta bazarında "ajiotaj" səngiyib. Ümumiyyətlə, il ərzində fevral, mart və avqust aylarında müşahidə edilən "dollar aclığı" demək olar ki, aradan qalxıb. Lakin bu, yuxarıda qeyd etdiyimiz rəqəmlərdən də göründüyü kimi may, iyun və iyul aylarında olduğu kimi müvəqqəti xarakter daşıyarsa və əgər, yenidən "ajiotaj vulkanı püskürərsə", AMB-in rəsmi valyuta ehtiyatları həcminin azalması tempi sözsüz ki, yenidən sürət götürəcək. Bəs bu, gözlənilirmi?..

İş ondadır ki, fikrimcə, əhalidə izafi manat kütləsi artıq, qalmayıb. Yeri gəlmişkən, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları həcminin hər ay azalmasına bahəm hökumətin niyə devalvasiyaya getmədiyini soranlara və bunu bir qəbahət olaraq irəli sürənlərə qarşı da real olaraq sual etmək məntiqi sayılır ki, manat əgər ucuzlaşdırılarsa ehtiyat məgər, azalmayacaqmı?

Ümumiyyətlə, görəsən nəyə əsasən düşünülür ki, devalvasiyaya gedilərsə, AMB-nin rəsmi valyuta ehtiyatlarının azalması prosesi dayanacaqmı? Bu, hansısa məqsəd naminə söylənilir, yoxsa iqtisadi qanunlar belə deyir?

Doğrudur, AMB-nin cari ilin fevralın 21-i tarixindəki qərarı ilə devalvasiya tədbiri manatın xarici valyutalara görə məzənnəsini real olaraq təmin etmək baxımından mühüm addım oldu. Odur ki, manatın yaxın perespektivdə taleyi də məhz qeyd olunan amillərin mövcud vəziyyətindən asılı olacaq. Belə ki, dövlət büdcəsinin təminində daxili valyuta bazarında müvafiq atmosfer bu mənada barometr rolu oynayacaq ki, ölkəmizin mərkəzi bankı tərəfindən dollar ifadəsində nə qədər intervensiya tədbirləri həyata keçiriləcəksə manatın növbəti dəfə ucuzlaşdırılıb, ucuzlaşdırılmayacağı da məhz bir o qədər gündəliyə daxil edilməyə yaxın olacaq. Əks halda manatın yumşaq şəkildə devalvasiyası həqiqətən, qaçılmaz xarakter daşıyacaq.

AMB-in sədr müavini Xəqani Abdullayev də qeyd etmişdir ki, bu gün valyuta bazarında valyutaya tələbat stabilləşib. "O ölkələrdə kəskin dəyişmələr olur ki, orda tədiyyə balansında valyuta daxil olmalarının kəskin azalması və yaxud defisitə keçmə ehtimali olur. Bizim tədiyyə balansı hələ ki, tarazlaşdırılmış vəziyyətdədir. Bu baxımdan düşünmürük ki, manatın məzənnəsinin kəskin oynaması üçün bir əsas var”- deyə, X. Abdullayev bildirib. Bu da biz qeyd etdiyimizə tam uyğundur.

Belə ki, AMB-in sədr müavini demişkən, valyuta bazarında tam tarazlıq hökm sürür. Və real olaraq, valyuta bazarında valyutaya tələbat stabilləşib. “Təklif kanallarında da stabilləşmə var. Bu tarazlıq baxımdan düşünmürük ki, bugünkü günə manatın məzənnəsinin ciddi dəyişməsinə əsas var”- deyə, müavin söyləyib.

Yuxarıda qeyd etdik ki, əhalidə izafi manat kütləsi qalmayıb. Bunu həm banklarda əhalinin əmanətlərinin strukturunun ( əmanətlərin 70 %-dən çox hissəsi ABŞ dolları ilə yerləşdirilib) mövcud vəziyyəti, həm də iqtisadi aktuvliyin enməsi ilə əlaqədar real alıcılıq qabiliyyətininin aşkar şəkildə kəskin zəifləməsi belə deməyə əsas verir.

O ki qaldı devalvasiyaya, sözügedən tədbir AMB tərəfindən həyata keçiriləsə belə bu, adı çəkilən qurumun rəsmi valyuta ehtiyatları həcminin azalması qarşısını almayacaq – bunu yalnız ola bilsin ki, zəiflədəcək. Əsas odur ki, ölkədə əhali tərəfindən bir daha “dollar aclığı” yaranmasın. Qalan heç bir tendensiya makroiqtisadi sabitlik üçün təhlükə yaratmayacaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti