ATV-dən milli musiqimizə böyük dəstək

ATV-dən milli musiqimizə böyük dəstək
  05 Oktyabr 2015    Oxunub:3873
Musiqi mədəniyyətinin öləzidiyi, tarixdən hopub gələn ənənəvi incəsənətin zəiflədiyi, texnomusiqinin əli ilə ritmin melodiyanı üstələdiyi bir zamanda yaşayırıq. Unudulmaq, korifey sənətkarların dövrününün bitməsi kimi düşüncələr hamıda bir təəssüf doğurur.

Yad ladların, yüngül musiqi formalarının gündəmi zəbt etdiyi bir zamanda yaşayırıq. Unudulmuş Azərbaycan musiqisi ilə bağlı zaman-zaman mətbuatda, TV-lərdə diskussiyalar təşkil edilir.

Hər dəfə olduğu kimi, bu dəfə də ATV missiyanı öz çiyninə alaraq, Azərbaycan musiqisi qarşısında, onun təbliğatı ilə bağlı tarixi bir missiya həyata keçirməyə başlayıb. Kanal belə bir zamanda efirinin ən baxımlı saatını milli Azərbaycan musiqisinin təbliğatına ayrımaq üçün ilk addımını atıb. Bu həftə “Nanəli” verilişinin ilk buraxılışı efirə gedib. ATV-nin tanınmış aparıcısı Nanə Ağamaliyevanın təqdimatı ilə başlayan efir elə ilk buraxılışındaca böyük tamaşaçı dəstəyi toplayıb.

Azərbaycan səhnəsinin ən dəyərli nümayəndələrini bir araya toplayan proqramda Flora Kərimova və Ağacəbrayıl Abbasəliyevin (musiqi redaktoru- müəl.) ekspert kimi iştirakı veriliş haqında hər şeydən xəbər verir. Məqsəd unudulan, yad ritmlərin beyindeşən sədaları altında yaddan çıxan Azərbaycan musiqisini Azərbaycan tamaşaçısına ən çox sevdiyi ekrandan birbaşa təqdim etmək olub.

Azərbaycanın ən çox sevilən müğənnilərinin, sənət adamlarının ifasında əsil musiqmiz bir daha qanad açıb, pərvazlanıb. Uzun illərdən sonra belə bir formatda təqdim olunan, oxumağı bacaran və musiqiyə heç bir xələl gətirmədən təqdim edən müğənnilərin efirə dəvət edilməsi xüsusi vurğulanmalıdır. Və beləcə, tanınmış müğənnilərin duet şəklində ifa etdikləri veriliş başlanıb.

Proqramda bir zamanların ən sevilən ifaçıları ilə yanaşı günümüzün tanınan sənətçiləri Firuzə İbadova, Zöhrə Abdullayeva, Şəbnəm Tapdıq, Zakir Əliyev, Almaz Orucova, Elnarə Abdullayeva, Vasif Məhərrəmli, Könül Kərimova və başqaları ifalarını göstəriblər.
Uzun illərdən sonra tamaşaçılar ilk dəfə efirdən “Ceyran bala”, “Yaşa könül”, “Gəlmişəm yenə” və s. bu kimi retro mahnılarımızı dinləyiblər.
Azərbaycan muğamının, xalq musiqisinin, unudulmuş bəstəkar mahnılarının xüsusi təqdimatla ifası daha diqqətəlayiq olub. ATV-nin ictimai tələbatdan doğan milli musiqimizlə bağlı narahatçılığa özünəməxsus proqram siyasəti ilə dəstək verməsi yüksək qiymət qazanmaqdadır.

Maraqlı məqamlardan biri də budur ki, verilişdə qalibə təqdim olunacaq avtomobil ön plana çəkilməyib. Məhz buna görə də sənətkarlar verilişi "adi müsiqi yarışması" deyil, "musiqi ocağı" kimi qiymətləndiriblər.


Teqlər:





Xəbər lenti