Yerevan hərbi blokdan umduğunu görməyəcək – TƏHLİL

Yerevan hərbi blokdan umduğunu görməyəcək – TƏHLİL
  08 Oktyabr 2015    Oxunub:3179
Son günlərdə Azərbaycan-Ermənistan sərhədində atışmaların mütəmadi və kəskin xarakter alması Ermənistanın siyasi rəhbərliyini narahat etməyə davam edir. İşğalçılıq siyasətindən birdəfəlik əl çəkməklə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini yerinə yetirməklə regionda uzun illərdi həll edilməmiş olaraq qalan münaqişəyə son qoymaq əvəzinə rəsmi İrəvan daxili auditoriyaya hesablanmış xaotik və düşünülməmiş addımlar atmaqda davam edir.

Bu dəfə rəsmi İrəvan tərəfdaş axtarışına çıxıb və ümid edə biləcəyi yeganə təşkilata - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üz tutub. 4 oktyabr tarixində KTMT sülhməramlı qüvvələrinin Ermənistanda həyata keçirtdiyi "Sarsılmaz qardaşlıq - 2015" təlimləri başa çatdı. Təbii ki, batmaqda olan Ermənistanın rəhbərliyi KTMT adlı saman çöpündən yapışmaya bilməzdi.

Öncə oktyabrın 1-də Ermənistanın Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını “Azərbaycanın hərəkətlərinə” biganə qalmasından gileylənib. Daha sonra isə, oktyabrın 3-ü Ermənistan Prezidenti Serj Sargsyan KTMT-in baş katibi Nikolay Bordyuja ilə görüşüb və Ermənistan mətbuatının yazdığı kimi görüşdə Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlik də müzakirə olunub.

Nəyə görə KTMT Ermənistanın yeganə ümid edə biləcəyi instansiyadır? (Və ya daha doğrusu, instansiya idi?) Çünki son illər ərzində KTMT-nin baş katibi Nikolay Bordyuja bir neçə dəfə Ermənistanı həvəsləndirə biləcək bəyanatlarla çıxış edib. Bordjyua Ermənistan rəhbərliyini inandırmağa çalışırdı ki, KTMT lazımı anda rəsmi İrəvanı dəstəkləyəcək və ona hərbi yardım göstərəcək. Onsuz da quru sözlərdən başqa bir şey olmayan bu açıqlamarın tonu indilikdə tam dəyişib. Oktyabrın ilk həftəsi ərzində KTMT nümayəndələrinin səsləndirdiyi fikirlər Ermənistan rəhbərliyinin xəyallarını qırdı desək, yanılmarıq.

Ermənistanda keçirilən təlimləri izləyən KTMT-nin baş katibini müavini Valeriy Semerikov Ermənistana qarşı "hücumların" olmasına baxmayaraq, KTMT-nin nəyə görə cavab tədbir görmədiyi barədə jurnalistlərin suallarına cavab verərkən, bildirib ki, bununla bağlı Ermənistan rəhbərliyi bir neçə dəfə məsələ qaldırsa da, KTMT çərçivəsində heç bir qərar gəbul edilməyib. Daha sonra buna oxşar suala cavab verməyə məcbur olan KTMT-nin baş katibi qeyd edib ki, qurumun hansısa bir üzv ölkəyə kömək göstərmək qərarı yalnız müvafiq müraciətdən sonra ortaya çıxır. "Bu gün Ermənistanın hərbi gücü və hərbi qüvvələri ölkənin təhlükəsizliyini müstəqil şəkildə təmin etmək iqtidarındadırlar”,- deyə Bordyuja bildirib.

Bordyujanın regionda sülhməramlı qüvvələrin yerləşdirilməsi perspektivlərinə dair açıqlaması da əhəmiyyətlidir: "Hazırda vəziyyət bütün istiqamətlərdə gərginləşib. Və bu gün aydın görünür ki, hazırda dünyada müşahidə edilən bir çox “qaynar nöqtələr”ə sülhməramlı qüvvələr cəlb edilməlidir. Buna görə də, KTMT Kollektiv Sülhməramlı Qüvvələrinin praktiki döyüş tapşırıqlarının yerinə yetirilməsi mümkün əməliyyatlara hazırlıqdır. Düşünmürəm ki, onlar yaxın gələcəkdə baş tutacaq, lakin, istənilən halda, KTMT sülhməramlı qüvvələrin tətbiq edilməsinə hazır olmalıdır”,- deyə N.Bordyuja bildirib.

Bu çıxışlarda əslində Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən gərginliyə və təbii, Dağlıq Qarabağ məsələsinə dair KTMT-nin mövqeyi açıq şəkildə sezilməkdədir:

1) Artıq əvvəlki kimi KTMT-nin Dağlıq Qarabağdakı mümkün hərbi əməliyyatlarda Ermənistana dəstək məqsədilə hansısa bir müdaxiləsi barədə söhbət açılmır. Bu da təbiidir, çünki işğal olunmuş ərazilər beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan əraziləri kimi tanınır, digər tərəfdən, KTMT-nin mandatı yalnız üzv-ölkələrinin sərhəd çərçivələrini əhatə edir.

2) Ermənistanın bütün cəhdlərinə baxmayaraq, KTMT-nin rəsmi İrəvannın xeyrinə hər hansı bir sənəd qəbul etməməsi onu deməyə əsas verir ki, Qazaxıstan və Belarusiyanın da üzv olduğu bu qurum gələcəkdə də Azərbaycanın əleyhinə heç bir siyasi qərar gəbul etməyəcək. Burada Qazaxıstan və Belarusiyanın Azərbaycanla münasibətlərini korlamaq istəməməsi də əhəmiyyətli rol oynayır.

3) Nəhayət, N.Bordjua "Bu gün Ermənistanın hərbi gücü və hərbi qüvvələri ölkənin təhlükəsizliyini müstəqil şəkildə təmin etmək iqtidarındadırlar" deməklə heç də rəsmi İrəvana kompliment etmək məqsədini güdməyib. KTMT-nin baş katibi rəsmi İrəvana təmsil etdiyi qurumun Ermənistan-Azərbaycan münaqişəsinə hər hansı bir şəkildə müdaxilə etməyəci ilə bağlı açıq şəkildə mesaj verdi.

Beləliklə, Azərbaycanın düşünülmüş diplomatiyası və qonşu ölkələrdə qurduğu münasibətlər Ermənistan rəhbərliyinin bölgədə Azərbaycana qarşı çıxa biləcək qüvvənin axtaraşlarının səmərəsiz etdi.

İlqar Dadaşov, Beynəlxalq hüquq üzrə ekspert
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti