Putinin yeni xətti Azərbaycana nə vəd edir? - TƏHLİL

Putinin yeni xətti Azərbaycana nə vəd edir? - TƏHLİL
  19 Oktyabr 2015    Oxunub:6094
Rusiya regionda yaranmış mürəkkəb vəziyyətdən istifadə edib, postsovet respublikalarını yenidən öz ətrafında birləşməsinə çalışır. Moskva əsasən iki amildən yararlanaraq məqsədinə nail olmağa can atır. Vladimir Putinin Qazaxıstanın Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasındakı çıxışı da məhz bu iki amil üzərində qurulmşdu.

Rusiya rəhbəri öz çıxışında regionda yaranmış mürəkkəb vəziyyətdən söz açıb, Suriyaya hərbi zərbələrin beynəlxalq hüquq normalarına cavab verdiyini bildirib. MDB-yə gəldikdə isə, Putin öz məqsədlərini gizlətməyib: “Birlik çərçıvəsində çoxplanlı sıx əməkdaşlığın inkişafı Rusiyanın xarici siyasətinin dəyişməz prioritetidir”.

Moskva bilir ki, Qazaxıstan və Orta Asiya respublikaları iqtisadi böhrandan əziyyət çəksələr də, onları daha çox terror təhlükəsi narahat edir. Daha dəqiq desək, Orta Asiya respubliklarının əksəriyyətində əhalinin böyük hissəsinin sünni olması və radikal dini meyillərin regionda artması bu ölklərin daxilində dini zəmində qarşıdurmaların yaranması riskini ortaya çıxarır. Moskva həmçinin onu da bilir ki, bu real təhlükədən Orta Asiya respublikalarını Amerikanın xilas etməyəcəyini artıq bu ölkələrin rəhbərləri də anlayıblar. Odur ki, Orta Asiya respublikalarının liderləri öz dövlətləri və rejimlərini İŞİD təhlükəsindən qorumaq üçün nicat yolunu Rusiyada görür və Kreml ətrafında daha sıx birləşməyə meyl göstərirlər. Moskva bundan öz məqsədləri üçün istifadə edir və Xəzərdən Suriyaya raket atmaq kimi hərbi-populist addımlarla bir tərəfdən Qərbə işarə edir ki, Xəzər hövzəsi onun nəzarətindədir, digər tərəfdən terror təhlükəsindən qorxuya düşmüş Orta Asiya respublikalarına onları qorumaq gücündə olduğunu nümayiş etdirir.

Təbii ki, Rusiya tərəfindən Azərbaycana bu tipli yanaşma yerinə düşmür. Azərbayacan uzun illər ərzində Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalıb və bu gün də ölkəmizin 20 faizə yaxın ərazisi işğal altındadır. Bu illər ərzində problemi həll etməyən, yaxud həll etmək istəməyən Rusiyanın bundan sonra Azərbaycanı qoruyacağını bildirməsi ən azından Bakı üçün Orta Asiya respublikaları kimi cəlbedici görünməz.

Çıxışı zamanı “Bizim birgə işimizdə əsas istiqamətlərdən biri xarici siyasətin əlaqələndirilməsidir. Belə bir qənaətdəyik ki, MDB iştirakçıları olan ölkələr beynəlxalq problemlər və dünyada təhlükəsizliyin təmin olunmasında BMT-nin həlledici rolunu qəbul edir” deməklə özünün beynəlxalq hüquq normalarına riayət etdiyini göstərməyə çalışan Putin, BMT-nin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri dərhal boşaldılmasını tələb edən qətnamələrinin hələ də icra olunmadığını xatırlamağı güman ki, vacib saymır.

Buna görə Kreml iqtisadi inkişafı prioritet hesab edən Azərbaycana yanaşmada məhz iqtisadi amili qabardır. Təsadüfi deyil ki, Putin çıxışı zamanı iqtisadi böhrandan söz açarkən Prezident İlham Əliyevlə apardığı danışıqları xatırlayıb. “Bu gün bizim ölkələrimizə bir sıra xarici neqativ faktorlar təsir edir. Biz bu barədə Azərbaycan prezidenti də daxil olmaqla bir sıra həmkarlarımızla danışdıq. Bu faktorlar siyahısına bizim bir sıra əsas ixrac məhsullarımızın qiymətinin aşağı düşməsi, dünya iqtisadiyyatında qeyri-müəyyənlik, bir sıra regionlarda siyasi gərginliyin artması daxildir”, - deyə Putin bildirib.

Moskva bilir ki, Azərbaycanın Qərblə əməkdaşlığının kökündə neft və neft məhsullarının ixracı dayanır və hazırda dünya bazarında neftin qiyməti aşağı düşdüyü üçün ölkənin gəlirləri də azalıb. Belə olan halda, Azərbaycanın yeni gəlir mənbələrinin axtarışına çıxması təbiidir. Rusiya məhz bu amildən istifadə edərək, Azərbaycanın MDB məkanına daha sıx inteqrasiyasına nail olmağa, ölkəmizi MDB çərçivəsindəki iqtisadi xarakterli proqramlara qoşulmağa həvəsləndirməyə çalışır. Rusiya-Azərbaycan-İran dəmir yolu xətlərinin birləşdirilməsini nəzərdə tutan Şimal-Cənub dəhlizi ilə bağlı işlərin sürətlənməsi də bununla bağlı ola bilər. Belə regional layihələrin inkişafı təbii ki, Azərbaycanın da maraqlarına cavab verir və Bakının əsas hədəfi də məhz bu layihənin reallaşmasına nail olmaqdır.

Məsələdə Türkmənistanın mövqeyi qeyri-müəyyən olaraq qalır. Aşqabadın qərbyönümlü mövqe sərgiləməsi Rusiyanı narahat etməyə bilməz. Məlumdur ki, Türkmənistan İŞİD təhlükəsindən qorunmaq üçün Amerikadan hərbi yardım istəyib və Vaşinqton bu xahişə müsbət cavab verib. MDB sammitində baş nazirin müavini ilə təmsil olunması Türkmənistanın Rusiya ilə əməkdaşlığa meyilli olmadığından xəbər verir. Rusiya hələ ki, Türkmənistanı cəlb etmək üçün “mədəni” vasitələrdən istifadə edir. Məsələn gələn il, MDB-nin mədəni paytaxtının Türkmənistanın Daşoğuz şəhərinin olmasını təklif olunur. ABŞ qoşunlarının Türkmənistanda yerləşməsindən sonra Moskvanın reaksiyasının necə olacağını isə tarix göstərəcək.

MDB dövlətləri ilə, daha dəqiq desək, Orta Asiya respublikaları ilə `beynəlxalq terrorla mübarizə` adı altında əlaqələri sıxlaşdırmaq Putin üçün həm də ona görə vacibdir ki, Rusiyanın şiələrlə birlikdə sünnilərə qarşı müharibəyə başlaması barədə formalaşmış fikir dağıdılsın. Orta Asiya respublikalarının əsas hissəsi sünni olduğuna görə, bu ölkələrin İŞİD əleyhinə Rusiya ilə birgə mövqedən çıxış etməsi Moskvanın şiələrin tərəfində durmadığı və əsas məqsədinin terrorla mübarizə olduğu fikrini formalaşdıracaq.

Tofiq Əsgərov



Teqlər:  





Xəbər lenti