Niyə yuxuda uçur və yıxılırıq? – ELMİ CAVAB

Niyə yuxuda uçur və yıxılırıq? – ELMİ CAVAB
  21 Oktyabr 2015    Oxunub:65486
Demək olar ki, bütün insanlar yuxuda uçduqlarını və ya hündür bir yerdən yıxıldıqlarını görüblər. Çox vaxt heç haradan yıxıldığımızı da anlamır, sadəcə, hövlank yuxudan ayılırıq. Niyə?

Əgər irqindən, cinsindən, həyat təcrübəsindən, yaşından asılı olmadan bütün insanlar bu yuxunu görürlərsə, deməli, onun sırf fizioloji səbəbləri var.

Bu suala Karl Saqan “Cənnətin əjdahaları: İnsan şüurunun təkamülü və onunla bağlı spekulyasiyalar” adlı kitabında müəyyən mənada cavab verir. Saqan göstərir ki, təkamül prosesinin gedişində insan beyni 3 inkişaf mərhələsindən keçib. Yəni sanki bizim bir-birinin içində yerləşən 3 müxtəlif beynimiz var. Və onların üçün də bir-biri ilə əlaqəli işləyərək, bizi idarə edirlər.

Ən `alt qatda` yerləşən və ən qədim olan sürünən beynidir. `R-kompleks` adlanan bu beyin reptililərdə (sürünənlərdə) müşahidə olunur və insanda da beynin qədim forması kimi qalıb. Bu gün də bizim bəzi hərəkətlərimizi, reaksiyalarımızı məhz `R-Kompleks` idarə edir. Məsələn, hansısa qıcığa düşünmədən, götür-qoy etmədən dərhal reaksiya verməyimiz məhz R-kompleksin işidir.

Onun üzərində isə təkamülün sonrakı mərhələsində yaranan ikinci qat – Limbik Sistem yerləşir. Bu, quşların yaranması dövründən miras qalan beyindir. İnsan emosiyalarını məhz Limbik sistemdə yerləşən vəzilər idarə edirlər.

Nəhayət, ən üst qat şüurlu proseslərin getdiyi beyin qabığı – Neokorteksdir. Bu, insanda və primatlarda var. Neokorteks təkamülün ən son mərhələsində yaranıb.

Beləliklə, biz niyə yuxuda yıxılırıq? Saqan izah edir ki, insanın primatlardan çox da fərqlənməyib, ağaclarda yaşadığı dövrdə onun həyatına ən böyük təhlükə yatdığı budaqdan yıxılmaq idi. Buna görə də yuxuda yıxıldığını görmək bir növ müdafiə mexanizmidir. Bizim ağaclarda yaşayan əcdadlarımız gecə bunu görüb, tez-tez ayılmalı və yerlərinin etibarlı olduğunu yoxlamalı idilər. Sonradan bu qabiliyyət çöldə və mağaralarda yaşayan ilk insanların da köməyinə çatırdı. Amma indi güvənli evlərdə yaşayan bizim belə yuxu görməyə ehtiyacımız olmasa da, bir növ psixosomatik atavizm kimi beynimizdə qalıb.

Bəs insanın yuxuda uçması təkamülün daha qədim mərhələsindən - `quş beyni`ndən qalma miras ola bilərmi? Saqan özü bu haqda heç nə yazmayıb. Amma başqa araşdırmaçılar istisna etmilər ki, məhz belədir. Çünki bizim beynimizin bir hissəsi (Limbik sistem) vaxtilə səmada qanad çalan varlıqların kəllə qutusunda formalaşıb.

Tariyel Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti