Yoxlamaların dayandırılması nə verəcək? – TƏHLİL

Yoxlamaların dayandırılması nə verəcək? – TƏHLİL
  22 Oktyabr 2015    Oxunub:3784
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna görə, yoxlamalar noyabrın 1-dən 2 il müddətinə dayandırılacaq. Bu müddət ərzində yalnız vergi yoxlamaları, insanların həyatı və sağlamlığına, dövlətin təhlükəsizliyi və iqtisadi maraqlarına hədə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparılacaq. Korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalar istisna təşkil edəcək.

Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Dövlət başçısının sədrliyi ilə hökumətin 2015-ci ilin geridə qalan 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən iclasında sahibkarların fəaliyyətlərinə qanunsuz müdaxilələrin və yoxlamaların iqtisadiyyatın inkişafına mənfi təsir etdiyi növbəti dəfə deyildi. Belə ki, əvvəlki iclaslarda da dövlət başçısı bu barədə xəbərdarlıq etmiş, hətta bu istiqamətdə müəyyən addımlar ataraq, tapşırıqlar da verilmişdi.

Ancaq aşkar görünürdü ki, problemi həll etmək mümkün deyil. Çünki məsələnin kökü dərində idi. Və inzibati yolla müvafiq qadağa qoyulmasa heç nəyin xeyri yox idi. Ona görə ki, ölkədə bəzi sahibkarların özləri də müvafiq dövlət instansiyaları ilə "birgə fəaliyyətdə" maraqlı görünürdülər. Digərləri isə məhz, bunun güdazına gedirdilər.

Bu mənada, Prezident İlham Əliyevin MM qarşısında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqda qanunvericilik təşəbbüsü ilə çıxış etməsi və 2015-ci il noyabrın 1-dən prosesin 2 il müddətinə saxlanılması fövqəladə hadisə oldu. Bu, ölkədə sahibkarlıq fəaliyyəti üçün əlavə nəfəs verməklə yanaşı, sözügedən sahədə dövlət tərəfindən yeni bir stimul təsiri bağışlayacaq.

Bəs dövlət başçısının belə bir ciddi atmasına başlıca səbəb nə oldu?

Yuxarıda qeyd etdik ki, sahibkarların fəaliyyətlərinə qanunsuz müdaxilələr və yoxlamaların iqtisadiyyatın inkişafına mənfi təsir etdiyi Prezident tərəfindən ilk dəfə deyilmirdi. Əvvəlki iclaslar zamanı, o cümlədən dövlət başçısının digər görüşlərdəki çıxışlarında da bu məsələyə toxunulmuşdu.

Ancaq problem onda idi ki, bəzi hökumət qurumları sözügedən əməllərindən əl çəkmirdilər. Daha doğrusu, əl çəkə bilmirdilər. O səbəbdən ki, müşahidələrə əsasən bu və ya digər sahibkarlar özləri də bunda maraqlı idilər və şəraiti həm də onlar özləri yaradırdılar. Bunun başlıca təkanverici qüvvəsini isə vergilərdən yayınmaq istəyi təşkil edirdi.

Bu baxımdan, təqdirəlayiq haldır ki, sözügedən müddət ərzində bilavasitə vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar yenə aparılmaqda davam etdiriləcək, sahibkarlıq fəaliyyəti nə qədər azad və şəffaf xarakter daşısa da dövlətin iqtisadi maraqlarına ziyan gətirməyəcək, milli və o cümlədən, ümumi təhlükəsizlik baxımından, heç bir mənfi əhəmiyyətli xarakter daşımayacaq.

Məlumdur ki, neft gəlirlərinin azalmasıyla əlaqədar dövlət büdcəsinə daxilolmalar azalıb. Neftin qiyməti ilə bağlı gəlirlər 2 dəfədən çox enib. Bu isə qeyri-neft sektirunun inkişafını iki qat artıq prioritet təşkil etməsinə zəmin yaradıb. Qeyri-neft sektorunun inkişafı isə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsindən asılıdır.

Büdcə gəlirlərinin əsasını isə bu sahədən gəlirlər təşkil etməlidir. Sahibkarlıq fəaliyyətinə rəsmi orqanların müdaxiləsi və qanunsuz yoxlamalar isə ən çox məhz orta və kiçik sahibkarlığın “belini qırır” və bu istiqamətdə inkişafın qarşısını alırdı. Belə ki, iri sahibkarlar necə deyərlər, pis və yaxşı "çullarını sudan çıxara" bilirdilər. Orta və kiçik sahibkarların isə tab gətirməyə gücləri çatmırdı. Odur ki, Prezidentin müvafiq qanunvericilik təşəbbüsü də fikrimcə, ilk növbədə yaxın 2 il ərzində ölkədə məhz kiçik və orta sahibkarlığın inkişafı və bunun genişlənməsi üçün stimul rolunu oynayacaq. Bu isə indiki şəraitdə olduqca vacibdir.

Qeyri-neft sektorunun inkişafının əsasını kiçik və orta sahibkarlığın geniş yayılması təşkil edir ki, bu, özünü ilk növbədə aqrar sektorda göstərməlidir. Adı çəkilən sahədə bunun üçün kifayət qədər əsas vardır. Biz, hər şeydən öncə, məhz kənd təsərrüfatı məhsulları sarıdan rəqabət qabiliyyətli məhsullar istehsalına nail olmalıyıq.

Digər bir məqam isə ondan ibarətdir ki, sahibkarlıq fəaliyyəti vətəndaşların sağlamlığı, millətin və dövlətin təhlükəsizliyi üçün heç bir ziyan gətirməməlidir. Eyni zamanda, hər bir sahibkar əldə etdiyi gəlirlərdən dövlət büdcəsinə vergi ödəməlidir. Başqa sözlə desək, sahibkarlıq fəaliyyəti ilə məşğul olanın da vergi mədəniyyəti olmalıdır.

Prezidentin təşəbbüsü də yalnız qanunsuz və lüzumsuz müdaxilələrin, yoxlamaların qarşısını kəsmək məqsədi daşıyır. Heç kim vergidən yayına bilməz. Müvafiq qanunvericilik təşəbbüsü də yalnız bu məqsədə xidmət edir. 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması da ölkədə məhz sağlam ruhda və təşəbbüsdə olan, gəlir gətirən fəaliyyətlə məşğul olanlar üçün əlverişli imkanlar yaradacaq və bilavasitə, bu sahədə maraqları inkişaf etdirəcək. Bundan kənarda bütün mövcud istəklər istər-istəməz lüzumsuz vasitəyə çevrilməlidir...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti