Prezident forum iştirakçılarına məktub ünvanlayıb

Prezident forum iştirakçılarına məktub ünvanlayıb
  21 İyun 2013    Oxunub:1361
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumu keçirilir.
Qloballaşan dünyanın diktə etdiyi hazırki reallıqlar türkdilli ölkələrin xalqlarını və hökumətlərini sıx əməkdaşlığa, qarşılıqlı əlaqələri daha da gücləndirməyə, xarici siyasət fəaliyyətini uyğunlaşdırmağa və birgə taktika müəyyənləşdirməyə sövq edir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumunun iştirakçılarına təbrik məktubunda deyilir.

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumu öz işinə başlayıb.
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanlanmış məktubunu oxuyub. Məktubda qeyd olunur ki, fərqli coğrafi məkanda məskunlaşmış keşməkeşli inkişaf yolu qət etmiş türkdilli xalqlar bəşəriyyətin çoxəsrlik kamilləşmə prosesində daim mühüm rol oynamış, öz zəngin mədəni ənənələri ilə dünyanın tarix səhnəsində öncül yerlərini qoruyub saxlamışlar.

AzVision.az trend-ə istinadən xəbər verir ki, məktubda deyilir: "Türkdilli xalqlar və onları təmsil edən dövlətlər bu gün də dünyada sülhün və təhlükəsizlyin təmin olunması, sivilizasiyalararası dialoqun dərinləşməsi, beynəlxalq iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfələr verirlər. Qloballaşan dünyanın diktə etdiyi hazırki reallıqlar türkdilli ölkələrin xalqlarını və hökumətlərini sıx əməkdaşlığa, qarşılıqlı əlaqələri daha da gücləndirməyə, xarici siyasət fəaliyyətini uyğunlaşdırmağa və birgə taktika müəyyənləşdirməyə sövq edir. Bu istiqamətdə xalqlarımızın diaspor təşkilatları arasında əməkdaşlıq münasibətlərinin qurulması və inkişafına yönəlmiş təşəbbüslər təqdirəlayiqdir. Türkdilli dövlətlər arasında əlaqələrin inkişafında, ortaq mənafelərimizin etibarlı şəkildə qorunmasında, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rolu xüsusi əhəmiyyətə malikdir. Azərbaycan hər zaman həmin təşəbbüsləri dəstəkləmiş və gələcəkdə də bu siyasəti davam etdirmək əzmindədir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumunun keçirilməsi dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, soykökünə, milli-mənəvi dəyərlərinə ehtiram, doğma vətənin maraqlarına bağlılıq nümayiş etdirən diasporun formalaşmasının bariz nümunəsidir. Düşünürəm ki, biz bu potensiala güvənərək siyasi çoxqütblülük, iqtisadi, mədəni və informasiya proseslərinin qlobal inkişafı şəraitində xalqlarımızın mənafeyinin müdafiəsi, regionda sülhün möhkəmləndirməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verə bilərik. Bir daha forum çərçivəsində müzakirələrin və qəbul ediləcək qərarların dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə daim inamımı ifadə edir və hər birinizə bu yolda uğurlar diləyirəm".
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun isə Türkiyə Prezidenti Abdulla Gülün forum iştirakçılarına məktubunu oxuyub. A. Gül məktubunda bildirib ki, tarixdə yaşanan bəzi olaylardan türk xalqına qarşı istifadə edənlərə imkan verilməyəcək.

Daha sonra Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin məktubu oxunub.

Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin sədri Kamal Yurtnaç isə Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakçılara salamlarını çatdırıb.

Forumda diaspor nümayəndələri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, mədəniyyət və digər yaradıcı qurumlarının nümayəndələri qonaq qismində iştirak edirlər.


Teqlər:  





Xəbər lenti