İpotekaya dair yeni qurumun xeyri nə olacaq? – TƏHLİL

İpotekaya dair yeni qurumun xeyri nə olacaq? – TƏHLİL
  04 Noyabr 2015    Oxunub:7146
Ölkədə ipoteka kreditlərinin verilməyə başlandığı tarixdən, yəni 2006-cı ildən keçən dövr ərzində sözügedən məsələ heç vaxt bu ildəki qədər belə ciddi müzakirə olunmamış, dövlət və hökumət tərəfindən mövcud mexanizmin effektliyini artmaq istiqamətində konkret addımlar atılmamışdı.

Bunu təkcə, Prezidentin 27 oktyabr tarixdə imzaladığı “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqda Fərmana əsasən demirik. Ümumiyyətlə, cari ildə ipoteka mövzusunu ilk dəfə Prezident qaldırdı. Belə ki, ilin I yarısında hökumətin ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair dövlət başçısının rəhbərliyi altında keçirilən iclasında mövcud iqtisadi və maliyyə çətinliklərə, neftin qiymətiylə əlaqədar gəlirlərin azalmasına baxmayaraq, büdcədən ipoteka kreditləşdirilməsinə 200 milyon manat ayırmaq haqda məsələ irəli sürüldü. Bu isə heç də az vəsait deyil.

Odur ki, onun necə paylanacağı, hansı şərtlərlə bölüşdürüləcəyi suallar doğururdu. Ancaq məlum idi ki, hökumətin müvafiq strukturları tərəfindən təkliflər hazırlanır və faizlərin aşağı salınacağı, maksimal məbləğin isə artırılacağı gözlənilir. Belə ki, ölkə Prezidentinin göstərişinə əsasən 200 milyon manat ayrıldıqdan sonra həm sosial, həm də adi (kommersiya) ipoteka kreditlərinin məbləğinin 2 dəfə artırılaraq, 100 milyon manata çatdırılacağı, faiz dərəcələrinin də adi ipotekada 8-dən 6%-ə, sosial ipotekada isə 4-dən 2%-ə qədər endiriləcəyi deyilirdi.

Biz düşünürdük ki, ayrılacaq vəsait məsələn, sırf sosial ipoteka üçün istifadə edilsə yaxşıdır. Çünki ipotekanın dövlət büdcəsi hesabına artırılması, üstəlik şərtlər də yumşaldılacağı təqdirdə mənzil bazarında qiymətlərin yüksəlməyəcəyinə zəmanət yox idi.

Ümumiyyətlə, əvvəlki şərhlərimizdə də qeyd etmişdik ki, ipoteka tikinti sektorunun inkişafına xidmət etməli və bunun vasitəsilə dövlət daşınmaz əmlak bazarına nəzarət etməlidir. Başqa sözlə desək, hökumətin siyasəti məhz buna gətirib çıxarmalıdır.

Çünki dövlət büdcəsindən ipoteka üçün ayrılan vəsaiti 200 miyon deyil, 1 milyard da artırmaq mümkündür. Ancaq bu pul əgər mənzillərin bahalaşması ilə nəticələnəcəksə və əhalinin həqiqi evə ehtiyacı olan hissəsinə çatacaq vəsait tikinti inhisarçıları, başqa sözlə desək, dəllallar tərəfindən mənimsəniləcəksə, o zaman sözsüz ki, əlavə problemlər yaranacaq və böhrana gəlib çıxacağıq. Nəzərə almaq vacibdir ki, ipoteka kreditləri hətta ABŞ kimi bir ölkənin iqtisadiyyatını da yaxın keçmişdə “dərin quyuya salmışdı”.

Bütün bunlar baxımından da fikrimizcə, Prezidentin sözügedən Fərmanı sözsüz, mühüm addım xarakteri daşıyacaq. Əvvəla, bu sahədə bir növ faktiki olaraq yeni və müstəqil bir qurum yaradıldı. İkincisi, sənəddə də göstərilib ki, səhmləri dövlətə məxsus olacaq Cəmiyyət əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşdirilməsi ilə təmin edilməsi mexanizminin təşkili, kreditləşdirməyə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərilməsi kimi məsələrlə məşğul olacaq.

Ancaq ən önəmlisi isə ondan ibarətdir ki, Fərmanla adı çəkilən qurum tərəfindən ipoteka kreditləşdirilməsinə cəlb edilən vəsait yalnız o evlərə veriləcək ki, alınan evin yaşayış sahəsi üzrə 1 kvadratmetrinə görə qiymət onun yerləşdiyi şəhər və rayon ərazisinin müvafiq zonası üzrə bu sahədə hesablanmış orta bazar qiymətindən yüksək olmayacaq.

Eyni zamanda, ipoteka krediti təmir edilmiş, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq istismarına icazə verilmiş çoxmənzilli binalarda yerləşən, o cümlədən məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisi başa çatdığı haqda məlumat verilmiş yaşayış evlərinin alınmasına buraxılacaq.

Hökumətə isə tapşırılıb ki, 1 ay müddətində çoxmənzilli binaların tikintisi, habelə həmin binaların istismarı üçün icazələrin verilməsi, yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi, sürətləndirilməsi ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etsin.

Biz, ona görə bu iki məğzin üzərində dayandıq ki, dövlət ipoteka vəsaitlərinin səmərəli və məqsədyönlü istifadəsi üçün artıq, bilavasitə özü bazara nəzarət edəcək. Təsadüfi deyil ki, maliyyə naziri Samir Şərifov da qeyd edib ki, ipoteka bazarında baş verən hadisələr daim diqqətdə saxlanılacaq və mənzillərin qiymətinin süni şəkildə artırılmasına imkan verilməyəcək.

Nazir S. Şərifov da bildirib ki, mənzillərin qiyməti artmamalıdır. “Biz bir tərəfdən çalışacağıq ki, bazarda faiz dərəcələri yüksək olmasın, digər tərəfdən biz bazarda cərəyan edən hadisələri nəzərdən keçirməliyik və elə etməliyik ki, faiz dərəcələri aşağı olmaqla, eyni zamanda mənzillərin qiymətləri artmasın. Bunların arasında orta bir variant seçməliyik. Ona görə, həmin səhmdar cəmiyyət yaradılıb ki, o, bazarda baş verən proseslərə çevik reaksiya versin, prosesləri çevik tənzimləyə bilsin”,– deyə, nazir əlavə edib.

Yeri gəlmişkən, məlumdur ki, hazırda adi ipoteka kreditləri maksimum məbləği 50 min manat olmaqla 25 illik müddətinə ildə 8%-lə, ilkin ödənişi isə 20% ilə, sosial (güzəştli) ipoteka isə maksimum yenə 50 min manat olmaqla 30 ilə, illik 4%-lə, ilkin ödənişi isə 15% təşkil etməklə verilir.

Sözün qısası, ipoteka ilə bağlı yeni Cəmiyyətin yaradılması əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatını müəyyən mənada tam ödəməyə və sözügedən kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanlarını asanlaşdırmaqla, ipoteka sistemini təkmilləşdirməyə və sadələşdirməyə imkan verməlidir.



Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti