`Atam yüksək vəzifədə işləyirdi...` – Bakıda `bomj`luq edən qadın

`Atam yüksək vəzifədə işləyirdi...` – Bakıda `bomj`luq edən qadın
  04 Noyabr 2015    Oxunub:13061
Onu Bakının digər “bomj”larından fərqləndirən xüsusiyyətləri var. Məsələn, o, küçələrdə yatan “bomj”lar kimi araq içmir, üfunət iyi verən geyimlərdə gəzmir.

Hər dəfə onu görəndə heyrətlənirdim. Gözlərimə inanmırdım, öz-özümə sual edirdim ki, “bomj” da kitab oxuyar?

Heç vaxt bir “bomj” u əlində qəzet, kitab oxuyan görməmişdim. Bəlkə də mənə təəccüblü gələn bu idi.



Söhbət paytaxın Səməd Vurğun bağında “bomj” həyatı yaşayan Larisa İvanovnadan gedir. İşə gələndə onunla tez-tez rastlaşırdım. Larisa ilə dərdləşmək, niyə belə həyat tərzi keçirdyini aydınlaşdırmaq istəyirdim.

İşdə nahar fasiləsindən istifadə edib, fotoqrafımızla yollandıq Səməd Vurğun bağına. Sanki əlimizlə qoymuş kimi, Larisa səhər gördüyüm yerdə əyləşib kitab oxuyurdu.

Hətta arada bir əlində “İncil” kitabı tutmuş yaşlı bir kişi ilə söhbət də edir , həmsöhbətindən oxumaq üçün “İvangil” istəyir...

...Larisa yenə tək qalır və ona yaxınlaşıb söhbət etmək istədiyimi deyirəm. Yaşlı xanımın üzü gülür və çəkinmədən “mən heç nədən qorxmuram, gəl söhbət edək. Amma Azərbaycan dilində bilmirəm, rus dilində danışıram”,- deyir.

Söhbətimizə başlayırıq. İlk olaraq onu deyim ki, Larisanın işlətdiyi cümlələr bəzən bir-birini tamamlamırdı. Görünür yaşından dolayı, yaddaşı pozulub.

Amma söhbətin ümumi məğzindən kim olduğunu və niyə bu həyatı yaşadığı haqqında müəyyən qədər məlumat toplaya bildim.



Larisanın sözlərinə görə, o, 1933 cü ildə Ukraynada, Poltaçenada anadan olub. Zaparoji kazaklarının nəslindəndir. Ailəsi haqqında isə bunları deyir: “Mənim atam 30 il müharibədə olub. Mən onun yeganə övladı idim. O, Ukraynada rayon rəhbərinin müavini olub. Atam uzun illər vəzifədə çalışıb. Sonra müharibə zamanı itkin düşdü. Kazanda yaşayanda şaxtalarda işləyirdim”.

Onun fikrindən belə məlum olur ki, Bakıya ilk dəfə gəlişi elə öz istəyi ilə baş tutub.

“Biz Çelyabinskdə olanda məni anamdan ayırıb kolxoza göndərmək istəyirdilər, mən isə Qazaxıstanda kolxoza getmək istəmədim. Buna görə də Bakıya göndərdilər. Daha sonra buradakı işlərim və pullarım bitdikdən sonra yenidən anamın yanına, Ukraynaya qayıtmalı oldum.

Orada ukraynalı bir oğlana ərə getdim. İki oğlan övladım oldu. Həyat yoldaşım sualtı gəmidə işləyirdi. Sonradan orada onu ixtisara saldılar.

Baykanurda partalayış baş verəndən sonra onun əlləri əsməyə başladı, biz Ukraynaya qayıtdıq. O mənim anamla yola getmədyinə görə, biz onun anasının yanına getdik. Onun anası isə araq aludəçisi idi. Mən orada da qala bilmirdim...”.



Dediyimiz kimi Larisanın ifadələri arasında tez-tez rabitəsizlik olduğuna görə onun Bakıya ikinci dəfə gəlişini və sonradan ailəsindən necə ayrıldığını tam dəqiqləşdirə bilmədik.

“Ukraynada vəziyyətimiz o qədər pis idi ki, yeməyə heç nə tapa bilmiridk. Ona görə də yenidən Bakıya qayıtdım. Burada müxtəlif işlərdə, hətta “Qarayev” adına zavodda işləmişəm.

Övladlarım hazırda Ukraynadadırlar. Onlar heç bir işlə məşğul olmurlar. Hər iki övladım işsizdir, biri həmçinin xəstədir. Kiçik oğlumun övladı yoxdur, həyat yoldaşı atıb gedib. Böyük oğlum da evlənib, 4 uşağı var. Pensiyaya çıxıb, işləmir. O mənə necə kömək etsin, 4 uşağı var?

Kiçik oğlum xəstə olduğundan Ukraynada bir müddət onların yanında qaldım. Sonra yenidən Bakıya qayıtdım. Qayıdanda başıma iş gəldi. Bir nəfər mənə guya kömək edəcəkdi. Mən də ona inanıb etibarnamə ilə evi adına keçirdim. Həmin insan evi girov qoyub bankdan pul götürmüşdü, ödəyə bilmədi, evi məndən xəbərsiz satdı. Ondan sonra küçələrdə qaldım.

Həmin şəxsin adı Safranova Rayisadır. O, Rəşid Behbudov küçəsində qalırdı, hazırda gizlənir. Mənim pensiyamı o alır. Onlar məsələnin bağlanması üçün məni dəlixanaya göndərmək istəyirdilər. Mən ona görə parkda qalıram ki, o evə qayıtsam dəlixanaya aparacaqlar. Vəziyyətim düzələn kimi pensiyamı onların əlindən alacam. Özüm Azərbaycan vətəndaşıyam”.



Gecəsi- gündüzü bu parkda keçən yaşlı xanımın dediklərinin nə qədər həqiqəti əks etdirdiyini dəqiq deyə bilmərəm. Amma onun mütaliyə sevgisi özü ilə gəzdirdiyi qəzet və kitablardan hiss olunurdu.

“Ona görə qəzet oxuyuram ki, Ukraynadakı qohumlarımın vəziyyətindən xəbərdar olum. İnsanlar mənə pul yardımı edir, bu pulla su, qəzet alıram. Klassik və tarixi kitabları Ukrayna və rus dillərində oxuyuram. Etiraf edim ki, Dostoyevskini heç sevmirəm. ..



Balaca oğlumu gözləyirəm, o mənim dalımca gələcək. Gəlib mütləq məni tapıb Ukraynaya aparacaq. Bütün qonşular mənim burada oturduğumu bilir, onlar mənim yerimi ona deyəcəklər. Mən öz xalqımın yanına qayıtmaq istəyirəm. Ukraynalılar mübarizə aparan, güclü xalqdırlar. Mən onları sevirəm”.

Söhbətimizin sonunda isə Larisə mənə rus yazıçılarından birinin kitabını bağışlamaq istəyir: “Bu kitabı sənə verəcəyəm, amma qaytarmaq şərti ilə”, -deyir və köhnə noutbuk sumkasını qurdalayaraq oradan kitab çıxarır.



Şahanə Rəhimli
Eldar Tanrıverdiyev
Fotolar: Elvin Abdulla



Teqlər:  



Xəbər lenti